Nənəm özü gəlib dərsinizi verəcək

0
318

Mənim sevimli nənəm bir alayı aləmdir. Kimsənin nənəsinə də bənzəməz. Ona görə yox ki, o nə sağıcıdır, nə də pambıqçı… Ona görə ki, mənim nənəm futbol azarkeşidir. Bəli, bəli futbol azarkeşi… İstər yerli, istərsə də xarici futbol matçlarını televiziya ilə mütəmadi izləyir. Mən bilən indiyədək o heç bir matçı buraxmayıb. Üstəlik, futbolçular barədəki yazıları da maraqla oxuyur. Bəzən futbol matçı zamanı işıqlar yanmayanda kənd montyoruna elə divan tutur ki, gəl görəsən… Futboldan söz düşəndə də bu sahənin istənilən azarkeşinə dərs verir. Hə, ləqəbi də var. Hamı ona Azarkeş Gülbikə deyir. Bir sözlə, nənəm futbola könül verən nadir qadınlardandır. Futbolla bağlı elə bayatılar deyir ki… Üstəlik, nəvələrini yatıranda laylasına mütləq futbol mövzusu da əlavə edir. Məsələn, belə:

Bircə qazan asaydıq,

Altda çırpı basaydıq.

Almanlarla oyunda,

Yeni tarix yazaydıq.

Balam, layla, a layla…

Gülüm, layla, a layla.

Yenə bir sözlə, Gülbikə nənəm, başdan-ayağa oyundur. Millimiz uduzanda siz onu görsəniz… Yaxud sevimli komandası “Neftçi” uduzanda elə sifət çıxarır ki… “Neftçi”nin də ki udan günü yoxdur. Odur ki, nənəm bu komandanı relsindən çıxaranların ünvanına elə sözlər deyir ki, onların hamısın yaza bilmərəm. Nə isə… Bu günlərdə yenə mənə zəng etmişdi. Hirsli idi. Dedi, ay bala, sənə bir neçə sualım var. Bu bizim millinin və Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran (Kamran Ağayev-red.) var e… o Portuqaliyaya top tutmağa gedib, yoxsa qafiyə tutmağa? Nənəmin bu gözlənilməz sualından özümü itirmədim:

– Ay nənə, əlbəttə, top tutmağa… Qafiyə nədir?

– Ay bala, məgər sən qəzet-filan oxumursan. O gün hansısa qəzet yazıb ki, bəs Kamran yenə qafiyə tutur. Bala, sən bilirsən ki, mənim telefonla mesaj-filan yazıb göndərə bilmirəm. Ona mənim adımdan bir mesaj yaz. Yaz ki, qurbanın olsun bu Gülbikə nənə sənə, ay Kamran, bizim qafiyə tutanlarımız kifayət qədərdir, sən topunu tutmaqla məşğul ol, adımızı ucalt. Yoxsa günümüzün müğənni-bəstəkarı Elza xanıma deyərəm sənə elə bir şeir yazar ki, rüsvayi-cahan olarsan.

– Ay nənə, narahat olma, elə indi sənin dediklərini yazıb göndərərəm.

– Elə bu kimi işlərlə məşğul olduqlarıdur da, Azərbaycan futbolunda nəinki Messi, Neymar, heç Banişevski səviyyəsinə yaxınlaşan futbolçu çıxmır, bu minvalla heç neçə ildən sonra da çıxmayacaq. Qoy birini də deyim: Futbol Akademiyamız var. Bu günlərdə bilmişəm ki, bu Akademiya heç də peşəkar futbolçu hazırlanması üçün nəzərdə tutulmayıb, sadəcə, müxtəlif yaş qrupları üçün təlim-məşq bazası rolunu oynayır. Yox, bunu sözgəlişi dedim. Odur ki, bununla bağlı sual verib bu qoca vaxtımda yuxarıları özümə düşmən etmək istəmirəm, amma o qədər sualım var ki… Bu məsələyə bir quş… Hə, a bala, bir sualım da var… O da şərhçilərimizlə bağlıdır. Vallah, onlar oyun şərh etmirlər e… oyun çıxarırlar. Yəni futbol şərhçilərimiz sərhdən başqa hər şeydən danışırlar. Bəzən oyunun gedişatında elə mülahizələr irəli sürürlər ki, qalıram yana-yana. Bəzən görürsən ki, rəqibin qapısı ağzında təhlükəli vəziyyət yaranıb, amma şərhçi mətləbə dəxli olmayan nəsnələrdən danışmağa davam edir. Özümü dəfələrlə beləcə yandırdıqdan sonra başladım oyunları Türkiyə, Rusiya kanallarından izləməyə. Vallah, onların şərhləri adama elə ləzzət edir ki… Bala, səndən bir şey soruşum: sən bilən bizim millinin heyətində sona adlı oyunçu var?

– Məncə, yoxdur, ay nənə?

– Bəs elə isə niyə bizim şərhçilərimiz futbolçulara verdiyi nəsihətlərinin birində deyirlər ki, sona kimi oynamaq lazımdır? Yanıb-yaxılıram da futbola bu qədər pul qoyuldu. Amma nəinki bir babat futbolçu, heç şərhçi də yetişdirə bilmədik.

– Nənə, yəqin axıra kimi demək istəyiblər də…

– Balam, demək istəyib başqa… Qoy elə desinlər də, sözü yerində işlətsinlər də. Bax, bala, dünya, cahan, kainat sinonim sözlərdir. Heç eşitmisənmi kimsə Birinci Dünya müharibəsi əvəzinə Birinci Kainat müharibəsi desin?

– Yox, ay nənə…

– Bəs bizimkilər hara gəldi sinonimləri niyə salırlar? Onlara da mənim mesajımı çatdır. Üstəlik de ki, bir də elə danışsalar, nənəm evinin ən mötəbər yerində saxladığı topu da qoltuğuna vurub özü gəlib dərsinizi verəcək. Nənənin də necə dərs verdiyini bilirsən də…

Qvami Məhəbbətoğlu