O qədər yığışdırılası şey var ki…

0
357

Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm, bu gün kim udub, kim uduzacaq. Məndən 3 qat yuxarıda yaşayan Səbzəli kişi qonşu məhəllənin sakini Qüdrətlə oynayırdı. Qalanlar dövrə vurub him-cimlə oyunu qızışdırır, növbə gözləyirdilər.

– Zər, mən ölüm, bir dübir.

– Ya zər, mənə yeklər ver, Qüdrətin adının üstündən bir xətt çəkim.

Zər bu dəfə etimadı doğrultdu. Bununla da oyunun taleyi həll olundu. Səbzəli növbəti rəqibini səslədi.

Həsənbala yerini tutmaq istəyirdi ki, Səbzəli Sadıq müəllimi görüb dilləndi:

– Müəllim, gördün də ABŞ saqqalı arvad, yəni Hillarinin əlinə vermədi, Trampın əlinə verdi. Sən isə elə hey deyirdin ki, yox e… belə şey ola bilməz, Hilları xanım prezident seçiləcək.

Sadıq müəllim:

– Mən təslim, – deyəndə Səbzəli Həsənbalaya göz vurub, qımışdı. Onun bu hərəkəti Sadıq müəllimin gözündən yayınmadı. Odur ki acıqla söylədi:

– Hərəkətlərinə diqqət elə…

Səbzəli ovcunda zərləri oynada-oynada dedi:

– Sə­nin da­nan da­ya­na­caq de­yə mən fi­ti­mi çal­ma­lı de­yi­ləm?.

– Çal-çal…

– Baş üstə, – deyərək Səbzəli zərləri atdı və sevinclə qışqırdı:

– Şeş qoşa… Ay zər, belə ver, Həsənbalanın da əl-ayağını yığışdırım…:

Bayaqdan bəri oyunu maraqla izləyən İbrahim söhbətə qoşuldu:

– Ay Səbzəli kişi, “yığışdır” dedin, bizim çox hörmətli millət vəkilimizinin bir təklifi yadıma düşdü. O deyir ki, bəs yollarda dəhşətli vəziyyətlər yaranır. Odur ki, belə halların qarşısını almaq məqsədi ilə köhnə avtomobillər və sovet maşınları şəhərdən yığışdırılmalıdır. Bildiyiniz kimi, mənim də sovetdənqalma bir maşınım var. Elə onunla da çörəkpulu qazanıram. Yığışdırsalar, heç bilmirəm günüm-güzəranım necə olacaq? İş yeri də yoxdur ki, gedib başını qatasan. Bir də imkanım olsaydı, daha köhnə maşınla niyə gəzirdim? Gedib bir babat maşın alardım da… Vallah, son vaxtlar bizim bəzi deputatlar hər şeyi öz arşınları ilə ölçməyə başlayıblar. Zalım balaları elə analoqu olmayan təkliflərlə çıxış edirlər ki, qalırsan mat-məəttəl… Belələri sanki aşağı təbəqənin qəniminə çevriliblər e… Balam, bu məmləkətdə o qədər yığışdırılası şey var ki… Adama deyərlər, sən get əvvəlcə onları yığışdır da… Duxun çatır, işsizliyi yığışdır, rüşvətxorluğu yığışdır… Gündən-günə artan qiymətləri yığışdır. Mavi ekranlardan camaata dərs keçənləri yığışdır. Səkilərdə lövbər salan maşınları yığışdır, mağazalardan vaxtı keçmiş malları yığışdır. Hansını deyim e… Sabah da qorxuram, bir deputat deyə ki, bəs filankəslər sovetdən qalmadırlar. Onları da yığışdırmaq lazımdır.

Qurban dayı söz atdı:

– Ay İbrahim, sən də özünü yığışdır, nərdimizi ataq…

Bu sözdən sonra hamı gülüşdü. Elə gülüşlər altında da Həsənbala zərləri atdı. Amma İbrahim yaman pərt oldu. O, həmin adamı sərt baxışları ilə süzüb ayağa durdu və az sonra dilləndi:

– Bacıoğlu, yəqin ki, “Arşın mal alan” filminə baxmısan. O filmdə belə bir epizod var. Qoçulardan biri tacir Əsgər bəyə deyir “oxu”, o biri isə deyir “oxuma”. Aralarındakı bu duet pik nöqtəsinə çatanda onlardan biri yoldan keçən bir rus qadınını göstərib deyir: “Alə, matişkəyə bax…” Bununla da onlar arasındakı kişilik söhbəti unudulur. İndi onun sözü olmasın, bacıoğlu, sənin də “özünü yığışdır” sözlərin elə “matişkəyə bax” demək kimi bir şey oldu ha… Elə biz bu kimi vacib məsələləri belə həll etdiyimizdəndir ki, bir nəticəyə nail ola bilmirik.

İbrahim bu kiçik monoloqundan sonra onları tərk etmək istəyirdi ki, bir nəfər yaxınlaşıb salam-kəlamsız dedi:

– Nərdinizi yığışdırın.

– Niyə?

– Çünki həyətinizin bu hissəsinə qaraj qoyacağam. Müvafiq qurumların da icazəsini almışam. Artıq bir neçə dəqiqədən sonra hazır qaraj bura gətiriləcək.

Qvami Məhəbbətoğlu