“Lazımsız mesajlar göndərən mobil operatorlar cərimələnsin”

0
250

Biz istəsək də, istəməsək də mobil operatorlardan telefonumuza kommersiya məqsədli “SMS”lər gəlir. Bəzən hətta xəbərimiz olmadan balansımızdan pul silinir. Belə hallarla üzləşənlərdən biri də Elşən Hadiyevdir. E. Hadiyev “Yeniavaz.com” saytına açıqlamasında dedi ki, təsdiqləmədiyi halda “Bakcell” mobil operatoru nömrəsinin balansından pul silir və müxtəlif xidmətlərə xəbərsiz abunə edir: “Bir neçə dəfə “Bakcell” şirkətinə müraciət edib kampaniyaları sildirsəm də, bir müddət sonra yenidən abunəlik aktiv edilir. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeniavaz.com”a açıqlamasında dedi ki, belə məsələlər qanunla müəyyən edilməlidir və operatorların məsuliyyəti gücləndirilməlidir: “Biz buna kontent operatorlar deyirik, kontent provayderlər sayılır. Kontent operatorlar, mobil operatorlarla müqavilə əsasında işləyirlər. Doğrudur ki, son dövrlər bu sahədə problemlərin həlli istiqamətində müxtəlif addımlar atıldı. Yəni “Reklam haqqında” qanunvericilik dəyişildi, mobil operatorlar üzərində müəyyən tələblər qoyuldu. Mobil telefona abonentin razılığı və istəyi olmadan gələn mesajların tənzimlənməsi məsələsi gündəmdədir. Ola bilər ki, hansısa mobil operatorla vətəndaş arasında olan müqaviləyə görə bu tip reklam xarakterli mesajlar vətəndaşdan xəbərsiz göndərilir. Yəni bu müqavilədə öz əksini tapır. Ancaq hazırda hələ də, biz müşahidə edirik ki, arzuolunmaz mesajlar, müəyyən kampaniyalara qoşulmaq və s. kimi hallar insanları narahat edir. Düşünürəm ki, bunun üçün operatorların məsuliyyəti gücləndirilməlidir. Yəqin operatorlara verilən lisenziyalarla bağlı məsələlərin sərtləşdirilməsinə də ehtiyac olacaq. Məhz bu lisenziyalarda həmin məsələlər öz əksini tapsın, konkret problem həll olunsun. Birincisi, qanunvericiliklə tənzimlənsə də arzuolunmaz mesajlar göndərən operatorların cərimələnməsinə ehtiyac var. İkincisi, marifləndirici işlərin aparılmasında da zərurət var. Yəni vətəndaşlar bilməlidirlər ki, hansı kampaniyaya qoşulublar. Bəzən telefonuna gələn reklamı bilmədən qəbul edir və abunə olur. Üçüncüsü, hesab edirəm ki, müqavilələrə baxmaq lazımdır. Mobil operatorlarla, vətəndaşlar arasında olan müqavilələr var. Bu müqavilələr nəzərdən keçrilməlidir və orada vətəndaşın hüquqlarını mənimsəyən məqamlara yer verilməməlidir”.

Ruzbeh Məmməd