“Nə gözəl yaraşır insana gülmək”

0
394

Vallah, biz çox qəribəyik. Bəzən elə şeylərə reaksiya veririk ki, adam qalır mat-məəttəl. Yox, mən həmin o qəribəlilkləri bir-bir sayıb vaxtınızı almaq istəmirəm. Deyirəm, bəlkə aranızda hara isə tələsən var? Odur ki, tezbazar mətləbə keçirəm ki, kimsə intizarda qalmasın. Nə isə…

Məsələn, biz elə bil ağlamağı vərdiş etmişik. Bu və ya digər xidmət haqqının, yaxud məhsulun qiyməti artan kimi elə həmin andan başlayırıq ağlamağa, başqa sözlə desək, şikayətlənməyə. Məsələn, suyun qiyməti artırılır, ağlayırıq, deyirik ki, güclə başımızı girləyirdik, bu yandan da bunlar başımıza daş salırlar. Qazın qiyməti qaldırılır, ağlayırıq. Deyirik ki, gözəlçə gözəl idi, çiçək çıxardı, daha da gözəlləşdi. Ətin qiyməti kəlləçarxa çıxır, ağlayırıq. Ərz edirik ki, bəs belə getsə, dilimizə ət dəyməyəcək. Mən hələ o biri məhsulların qiymət artımlarını demirəm. Desəm belə bu kiçik yazı yerimdə onları yerləşdirmək olmaz. Nə isə…Hə, onu deyirdim axı… Özü də elə ağlayırıq, elə dil tökürük ki, heç yaxınlarımız rəhmətə gedəndə belə şivən qoparmırıq… Amma di gəl, bu işlərə rəvac verənlər bizim göz yaşlarımıza inanmır ki, inanmır. Elə hey qaldırmaqda davam edirlər. Mən çox düşündüm: əcəba, niyə onlar camaatın göz yaşlarına reaksiya vermirlər? Uzun, həm də ucu-bucağı görünməyən axtarışlardan sonra bir normal qərara gələ bilmədim. Buna rəğmən, oxucularımı intizarda qoymaq istəmədim. Odur ki, elmi olmayan fikirlərimi onlarla bölüşmək qərarına gəldim. Bir də əbəs yerə deməyiblər ki, varın verən utanmaz.

Eşitdiklərimə, oxuduqlarıma əsasən deyə bilərəm ki, belə şeylərə ağladıqca vəziyyət daha da ağırlaşa bilər. Bu yerdə bir rəvayət yadıma düşdü, qoy onu nəql edim, bəlkə onda nə dediyimi əməlli-başlı başa düşərsiniz. Deməli belə: günlərin bir günü padşah əmr edir ki, bəs gedin filan kənddən töycü toplayın. Uzun sözün qısası, töycüyığanlar qayıtdandan sonra padşah onlardan soruşur ki, camaat sizi necə qarşıladı? Onlar də ərz edirlər ki, padşah şah sağ olsun, camaatın hamısı bir nəfər kimi “bizim heç nəyimiz yoxdur, güc-bəla ilə dolanırıq” deyərək elə ağladı, elə ağladı ki, lap ürəyimiz ağrıdı. Lakin biz onların ağlamasına fikir vermədik, tapşırığını canla-başla yerinə yetirdik.

Padşah onların bu sözlərinə heç bir reaksiya vermir. Bu əhvalatdan bir neçə gün keçmiş padşah yenə adamlarını həmin kəndə töycü dalınca göndərir. Bu dəfə də töycüyığanlar padşaha camaatın ağladığını söyləyir. Padşah yenə bu məsələ ilə bağlı onlara heç nə demir. Xülasə, padşah bu “əməliyyatı” bir neçə dəfə həyata keçirir. Sonuncu “əməliyyat” zamanı adamları padşaha məlumat verirlər ki, padşah sağ olsun, bu dəfə kənddə imkanım yoxdur deyib ağlayan olmadı, bir sözlə, kənd bizi gülə-gülə qarşıladı. Bu sözləri eşidən padşah adamlarına deyir ki, geri qayıtsınlar, həmin kənddən daha töycü yığmasınlar.

Hə, indi başa düşdünüzmü niyə belə deyirdim? Mənim fikrimcə, bu və ya digər artımı da təbəssümlə, gülüşlə qarşılamaq daha məqbuldur. Şair əbəs yerə deməyib ki, “nə gözəl yaraşır insana gülmək”. Odur ki, yenə deyirəm, gülün ki, daha qiymətləri artırmasınlar. Əks halda…

Qvami Məhəbbətoğlu