Sumqayıt Dövlət Musiqili Dram Teatrı yeni mövsümünə başlayır

0
282

Artıq bir aydan çoxdur ki, ölkəmizdə fəaliyyət göstərən teatrlar yeni mövsümlərinə başlayıblar. Bircə Sumqayıt Dövlət Musiqili Dram Teatrı yeni mövsümə start verməmişdi. Sabah bu teatr da özünün 48-ci mövsümünü açıq elan edəcək. Açılış mərasimində şəhər rəhbərliyinin, respublikanın tanınmış ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir. Yeni mövsümün açılışının gecikməsi teatrda aparılan yenidənqurma ilə bağlı olub. Bu barədə saytımıza Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru İslam Həsənov məlumat verib. Onun sözlərinə görə, əsaslı təmir və yenidənqurma tədbirləri zamanı 1956-cı ildə istifadəyə verilmiş binanın bütün mühəndis-texniki qurğuları yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqlarla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub”.
O daha sonra dedi: “Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Onu da deyim ki, ümumilikdə, teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğının təcəssümüdür. Bu layihənin icrası son dövrdə Sumqayıtda gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır. Yeri gəlmişkən, elə bu ilin sentyabrın sonlarında, daha doğrusu, 27-də Prezidenti İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə də tanış olub”.
İslam Həsənovun sözlərinə görə, təmirlə əlaqədar teatrda fasilə yaranmayıb. Belə ki, kollektiv şəhərdəki Nizami kino-teatrında fəaliyyətini davam etdirib, yeni tamaşalar hazırlamaqla yanaşı, müxtəlif tədbirlərdə çıxışlar ediblər.
Direktor bildirdi ki, kollektiv yeni mövsümə teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun M. F. Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) komediyası əsasında quruluş verdiyi “Hacı Qara” tamaşası ilə start verəcək: “Bildiyiniz kimi, zəhmətə və doğru yola çağırış bu əsərin əsas leytmotivini təşkil edir”. Qeyd edək ki, traktovkası və aktyor improvizəsi ilə fərqlənən Sumqayıt teatrının “Hacı Qara”sında baş qəhrəman rolunu istedadlı aktyor Akif Mirzəyev oynayacaq. Əsas rolları Əməkdar artistlər – Cəlal Məmmədov, İlahə Səfərova təqdim edəcəklər.
Bəs bu mövsümdə hansı yeni tamaşalar üzərində iş gedəcək? Bu sualımızı cavablandıran İslam Həsənov vurğuladı ki, yeni mövsümdə teatrımızın rejissoru Əməkdar artist Firudin Məhərrəmov türk dramaturqu Turqut Özakmanın “Ocaq” əsəri əsasında tamaşa hazırlayacaq. Əməkdar artist Namis Şirməmmədov “Kitabi-Dədə Qorqud” əsasında “Dəli Domrul” üzərində işləyəcək. Bir də “Mühacirlər”ə müraciət olunacaq. Məlumat üçün bildirim ki, ötən əsrin 70-ci illərinin əvvəllərində yazılmış “Mühacirlər” pyesi məşhur polyak dramaturqu Slovomir Mrojekin yaradıcılığında xüsusi yeri tutur. Əsər bir növ avtobioqrafikdir və onun digər pyeslərindən fərqlənir. Pyesdə cəmi iki personajın iştirakına baxmayaraq, müəllifin özü də açıq-aydın iştirak edir. Pyesin süjet xəttini yad ölkədə iki əcnəbinin yeni il gecəsini keçirməsi təşkil edir. Bu əsərə Bolqarıstandan teatrımıza gələcək rejissor quruluş verəcək. Sumqayıt Teatrında azyaşlı tamaşaçılar da, yaddan çıxarılmayıb. Belə ki, Vasif Məmmədov Abdulla Şaiqin “Tülkü həccə gedir” əsərinə yeni nəfəs verməyə çalışacaq”.
Daha sonra yaradıcılıq mübadilələrindən söz açan direktor dedi ki, Bolqarıstan teatrı ilə yaradıcılıq mübadiləsi edəcəyik. Bolqar teatr mütəxəssisləri bizdə, biz isə onların səhnəsində tamaşa göstərəcəyik. Eyni zamanda, Makedoniya və Türkiyə ilə bağlı planlarımız var. Ukraynanın Odessa Dövlət Dram Teatrı, Qazaxıstan, Almaniya teatrları ilə ünsiyyət qurmuşuq. Almaniyanın Munhen şəhərinin dövlət teatrı ilə əlaqələr yaratmışıq. Planlaşdırırıq ki, Almaniyadan Sumqayıt teatrına rejissor dəvət edək. Bunlar birtərəfli mübadilə olmayacaq. Belə ki, bizim rejissorlarımız da həmin ölkələrdə tamaşa hazırlayacaqlar. Yəni onlarla qarşılıqlı əlaqələr nəzərdə tutulub”.
Qvami Məhəbbətoğlu