Əsas problemlərdən biri elektron müraciətlər haqqında maarifləndirmənin zəif olmasıdır”

0
199

Ötən ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının avtomatlaşdırılmış infrastrukturunun yaradılması, Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılıb. Dəyişikliyin əsas məqsədi ünvanlı dövlət sosial yardımı proqramının elektron əsaslar üzərində avtomatlaşdırılmış şəffaf icra mexanizminin formalaşdırılması idi. Ancaq dəyişiklikdən sonra bir çox ailə ehtiyac duyduğu bu yardımdan yararlana bilmir. Bundan əlavə, yeni müraciət edənlərin də əksəriyyəti mənfi cavab alıb. Onların əksəriyyəti elektron ərizədə göstərilən səbəblərlə razılaşmırlar.

Elektron müraciət formasının tətbiqindən sonra yaranan problemlərlə bağlı ekspertlərin fikirlərini öyrəndik.

“Hər kəs elektron müraciətlərdən istifadə edə bilmir”

“Monitorinqlər göstərir ki, burada əsas problemlərdən biri elektron müraciətlər haqqında maarifləndirmənin zəif olmasıdır”. Bunu iqtisadçı alim Vüqar Bayramov “Yeni avaz”a açıqlamasında dedi. Ekspertin sözlərinə görə, yardım üçün müraciət edənlərin bir çoxu elektron müraciətdən istifadə edə bilmir: “Nəzərə alsaq ki, ünvanlı sosial yardım təminatı zəif qiymətləndirilən aztəminatlı ailələr üçün nəzərdə tutulub. Hər kəs elektron müraciətlərdən istifadə edə bilmir. Məlumatların daxil edilməsində müəyyən problemləri olur, ona görə də bəzi vətəndaşların müraciəti geri qayıdır. O baxımdan ünvanlı sosial yardıma müraciətin elektronlaşdırılmasında maarifləndirmə işlərinin aparılmasını əsas məsələlərdən biri kimi hesab edirəm. Ünvanlı sosial yardım üçün onlayn müraciətlərin həyata keçirilməsində təlimlərin rolu böyükdür. Xüsusən də, birbaşa bu sahə üzrə fəaliyyət göstərən QHT-lər tərəfindən təlimlərin keçirilməsinə ehtiyac vardır”.

“Ünvanlı sosial yardım vətəndaşlarda asılılıq yaradır”

Ekspert V. Bayramovun sözlərinə görə, ünvanlı sosial yardım vətəndaşlarda asıllıq yaradır, ona görə də, vətəndaşa iki il müddətinə sosial yardım əvəzinə biznes qurmaq üçün tam şəkildə vəsait ödənilməsi tam məqsədəuyğun olardı: “Bu da nəticə etibarı ilə imkan verəcək ki, həmin ailə öz biznesinin qurulması hesabına artıq sosial yardımlardan asılı olmasın. Bununla bağlı Əmək və Sosial Müdafiəsi Nazirliyinin bir proqramı var, hər halda proqram yaxın vaxtlarda yenidən icra olunacaq. Daha məqsədə uyğundur ki, proqram daha çox rayonları əhatə etsin, daha çox insanlar yararlana bilsin. Məsələn, heyvandarlıqla məşğul olan vətəndaşlara mal-qara alınıb-verilməsi daha məqsədəuyğundur. Əkinçiliklə məşğul olanlara müəyyən toxum və ya gübrə alınıb verilməsinə o cümlədən onları texnikayla təmin edilməsinə ehtiyac var. Ünvanlı sosial yardım kimi başqa proqramlar həyata keçirməklə vətəndaşlara daha çox köməklik göstərilmiş olunar”.

“Azərbaycanda ünvanlı sosial yardım layihəsi 10 il ərzində uğurla həyata keçirilə bilmədi”

İqtisadçı ekspert Rəşad Həsənov qəzetimizə açıqlamasında, əhalinin sosial yardıma ehtiyacı olan təbəqənin tələblərini qarşılamaq üçün dünyada müxtəlif variantların mövcud olduğunu bildirdi. Onun sözlərinə görə, pul şəklində yardım bu tip layihələrin içərisində ən populyarıdır: “Bəzi ölkələrdə ictimai nəqliyyat, işıq pulu, qaz pulu və yaxud kommunal təsərrüfat, kommunal xərclər dövlət hesabına ödənilir. Bəzi dövlətlərdə isə vətəndaşa öz biznesini qurmaq üçün ilkin kapital verilir. Bu kapitallar ona görə verilir ki, ailə öz işini rahatlıqla qura bilsin və kasıblıqdan çıxsın. Azərbaycanda sosial yardım pul şəklində 10 ildir tətbiq olunur. Sözssüz ki, bu layihə Şərqi və Mərkəzi Avropada uğur qazanmış layihədir. Azərbaycanda isə ünvanlı sosial yardım layihəsi 10 il ərzində uğurla həyata keçirilə bilmədi. Bu yardıma ehtiyacı olmayan kifayət qədər insan müxtəlif yollarla sosial yardım aldı. Bundan əlavə ünvanlı sosial yardıma ehtiyacı olan insanlardan məmurlar da çox sui-istifadə edirdilər. Əhalinin müəyyən bir hissəsi isə bu yardımdan ümumiyyətlə məhrum olmuşdu. Amma artıq ünvanlı sosial yardım prosesi elektron müraciət şəklində həyata keçirilir. Ünvanlı sosial yardım almaq istəyən vətəndaş heç bir məmur görmədən yardım üçün hökumətə müraciət edə bilər”.

R.Həsənovun sözlərinə görə, elektron müraciətin nə dərəcədə effektiv olduğu aparılan monitorinqlər nəticəsində bəlli olacaq: “Bu mexanizm artıq bir ilə yaxındır tətbiq edilir. Bu onlayn müraciət forması başlayandan sonra güman etmirəm neqativ, xoşagəlməz hallar yaransın. Monitoriqlər aparılır, yəqin ilin sonunda bu monitorinqlərə yekun vurulacaq. O zaman bilinəcək ki, yeni tətbiq olunan onlayn müraciət nə dərəcədə özünü doğruldub”.

Ekspert sosial kapitalın verilməsi məsələsinə də toxundu: “Azərbaycan kimi dövlətlərdə belə yardımların verilməsi vacibdir. Sosial kapitalın verilməsinin yaxın vaxtlarda başlanılması haqqında fikirlər səslənir. Bir çox adamlar onu sosial yardımla müqayisə edirlər, ancaq bunlar başqa-başqa şeylərdir. Hər ikisi əhaliyə kömək etmək məqsədi daşısa da, lakin fərqli güzəştlər, fərqli proqramlar çərçivəsində həyata keçirilir. Əhalinin hamısına bu layihələri tətbiq etmək mümkün deyil. Çünki Azərbaycanda aztəminatlı kasıb təbəqə kifayət qədər çoxdur. Bunun üçün də ünvanlı sosial yardım imkanı zəif seçilmiş ailələrə verilməlidir. Bir də sosial kapitalların verilməsi elə nizamlanmalıdır ki, vətəndaş o kapital hesabına öz biznesini qura bilsin”.

Ruzbeh Məmməd