“Abşeron ulduzları” sosialist ideologiyasına “yox” deyə bilmişdilər”

0
277

Moskvanın Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgisi açılıb.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə baş tutan sərgidə Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirib. Sərgidə ümumilikdə 12 Azərbaycan rəssamının, o cümlədən Mircavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun 60-dən çox əsəri nümayiş olunur. Sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, sərgidə nümayiş olunan hər bir əsər Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını özündə əks etdiriri. O daha sonra dedi: “Abşeron rəssamlarının bu cür rəngarəng və fərqli əsərlərinin Moskvanın nüfuzlu Tretyakov Qalereyasında nümayiş etdirilməsi böyük nailiyyətdir. Bu əsərlər məşhur Abşeron məktəbi haqqında tam təəssürat yaradır. Rəsmlərin hər birində Azərbaycan folkloru, mifoloji süjetlər, milli ornamentlər, miniatür sənəti əksini tapıb. Sərgi ölkəmizin rəssamlıq məktəbinin orijinallığı ilə bərabər, həm də Azərbaycan və Rusiya mədəni əlaqələrinin sürətli inkişafının təzahürüdür”.
Sənətşünasın sözlərinə görə, Moskvada açılan sərgi əslində keçən əsrin 60-cı illərində rəssamlığımız aləmimizdə baş vermiş yüksəlişin xatırlanmasıdır: “Yeri gəlmişkən, onu da vurğulayım ki, həmin illər ümumiyyətlə Azərbaycan incəsənətinin inkişaf dövrü sayılır. O dövrün rəssamları sənət aləmimizə novatorluq bəxş etdilər. Daha doğrusu, donuq sosialist realizminə yeni çalarlar əlavə etməklə yanaşı, yeni nəfəs gətirdilər. Bir sözlə, “Abşeron ulduzları” zamanında sosialist ideologiyasına yox deyə bilmişdilər. Onu da deyim ki, rəssamlıqda həmin rəssamların hər birinin özünəməxsusu yeri var. Belə ki, əgər Tahir Salahov, Rasim Babayev sujetli tablolar sayəsində uğurla əldə etmişdisə, Səttar Bəhlulzadə mənzər janrını onların əsərlərinin səviyyəsinə çatdıra bilmişdi”.”

“Püstə ağacı”nın nağılı
Söhbətinin sonunda hər bir rəssamın əsərləri barədə məlumat verən Ziyadxan müəllim Xalq rəssamı Rasim Babayevin 1970-ci ildə çəkdiyi “Püstə ağacı”ndan da söz açdı: “Abşeronda dünyaya göz açmış rəssamın yaradıcılığında Abşeron motivlərinə geniş yer verməsini təbii saymaq olar. Amma o, əsərinin “qəhrəman”ına çevirdiyi bu püstə ağacına heç də Bakı bağlarında rast gəlməmişdi. Onu yaşadığı məhəllənin bir az aşağısında yerləşən M. F. Axundzadə adına bağın lap yaxınlığında görmüşdü. Səkinin üstündəki çalada qərarlaşan bu ağacı çox güman ki, hansısa abşeronlu bağından gətirib əkmişdi, bu yerlərin gözəlliyini artırmaq üçün… Lakin sonradan dünyanın hər bir guşəsindən əcaib görkəmli bahalı ağaclar paytaxta ayaq açandan, püstələr və onun kimiləri gözdən düşdülər. Əslində əzəldən “naz-qəmzə”dən uzaq olan bu püstə ağacına da diqqət azaldı. Bu o vaxta kimi davam etdi ki, onun budaqları qurumağa başladı. Belə “yaralı” görkəmi ilə də onu görənlərə sevinc bəxş edən püstənin nazını çəkən tapılmadı, axırda da bir-neçə il əvvəl “yararsız” hesab olunub dibindən mişarlandı. Yaxşı ki, Rasim Babayev onu vaxtilə kətana köçürüb bədiiləşdirmiş, yaddaqalan sənət əsərinə çevirmişdi. Sovet dönəmində bu əsər, demək olar ki, dünyanın müxtəlif ölkələrində uğurla nümayiş olunub, Azərbaycan torpağına – azərbaycanlı sənətkara şöhrət gətirib. Bu gün həyatda mövcud olmayan püstə ağacı məşhur rəssamın əsərində yaşayır. Bu gün onu xatırlamaqda başlıca məqsədim həm də təbiətin yaratdığı gözəlliklərə onu qorumalı olan insanların qənim kəsilməsinin davam etdirilməsidir”.

Qvami Məhəbbətoğlu