Dillərin əcnəbisi

0
304
İndi hamı dil öyrənməyə çalışır. Kimi ingilis dilini, kimi fransız, kimi də rus dilini. Mən də bu günlərdə həyatı zərurətdən doğan bir məsələ ilə bağlı belə bir sevdaya düşdüm. Odur ki, bir neçə gün öncə tanışlarımdan birindən, onun dil öyrədən kurslarda tanışının olub-olmaması ilə maraqlandım. Tanışım bu sözümə bənd imiş kimi dedi:
– Ə, rəhmətliyin nəvəsi, indi sənin dil öyrənən vaxtındır, bir özünə baxsana, hay-hayın gedib vay-vayın qalıb.

– Axı dil öyrənmək nə vaxtdan hay-hayla, vay-vayla ölçülür?

Tanışım bu sualıma məhəl qoymadan özünün növbəti sualını verdi:

– De görüm, balam, axı bu sənin nəyinə lazımdır?

– İş yeri axtarıram. Hara gedirəmsə, əcnəbi dil bilməməyim məni döydüyüm qapılardan geri qaytarır.

– Kişi, gəl, sən belə mənasız işlərlə məşğul olub qalan ömrünü də çürütmə. Mən sənə elə dil öyrədərəm ki…

Bu yerdə özümü saxlaya bilməyib dedim:

– İngilis dilini?

Tanışım “yox” cavabını verdi.

– Fransız dilini?..

Tanışım başını buladı.

– Rus dilini?

Tanışım bu dəfə də əlini buladı…

– Ə, məni dolamısan, bəlkə, çin dilini? Çin dili mənim nəyimə lazımdır ki?.. İndi ölkəmizdə olan çinlilər bizim dilimizdə elə danışırlar ki, daha onların dilini öyrənməyə ehtiyac yoxdur… Hətta o gün onlardan birini bizim dilimizdə dilənən gördüm.

Tanışım bu dəfə qəhqəhə çəkəndə əsəblərim dözmədi:

– Bəs sən mənə hansı dili öyrətmək istəyirsən?

– Dillərin ən əcnəbisini. Həmin dillər mənim sənin öyrənmək istədiyin o dillərin yanında heç nədir. Özü də buna o qədər vaxt itirmək lazım deyil. Cəmi 2-3 günə bu dili mənimsəmək mümkündür.

“Dillərin ən əcnəbisi hansıdır?” sualı ilə ona müraciət

etmək istəyirdim ki, tanışım buna imkan vermədi. O, məni şirnikləndirmək məqsədilə özünəməxsus şəkildə söhbətini davam etdirdi:

– Vəli kişinin oğlu Əlibala mənim sayəmdə, yəni ona öyrətdiyim dil sayəsində filan şirkətdə meydan sulayır. Həsənqulu kişinin nəvəsi Firdovsi məhz mənim öyrətdiyim dilin sayəsində milyonlara sahib olub. İndi onu heç tanımaq olmur. Özünü elə tutub ki…

Yenə fikir məni götürdü: “İlahi, görəsən, tanışım hansı dili nəzərdə tutur?” Nə qədər çalışsam da, özümə verdiyim suala cavab tapa bilmədim. Məni bu düşdüyüm xəyal quyusundan elə tanışım xilas etdi:

– Bax, əzizim, indi hamı sənin kimi düşünür. Elə söhbətlərə çox bənd olma. Ay ingilis dili belə gəldi, fransız dili belə getdi. Məsələ bir qədər başqa cürdür. Dil öyrənməkdən öncə işləyəcəyin şəxslərlə dil tapmağı öyrənmək lazımdır. Bax dil tapmağı ki bacardın, ayrı dili öyrənməyə o qədər də ehtiyac qalmayacaq. İndi əsas odur ki, onların dilini biləsən. Bir az da xırdalasaq, icra başçısının, gömrük, vergi, polis işçisinin dilini bilsən, işin xod gedəcək. Hətta indiki zəmanədə gərək alverin də, vəzifənin də dilini biləsən. Əks halda, dil öyrənməyin heç bir önəmi yoxdur. Özü də mənim öyrətdiyim dillərin ən əcnəbisi adlanır. Onunla indi fransızla da, ingilislə də, rusla da dil tapmaq mümkündür. Hə di gəl, başlayaq…

Tanışımın belə dəyərli məsləhətindən sonra onun “dərs”inə qatıldım. Bir neçə saatdan sonra özümü alayı bir adam kimi hiss etdim. Və mənə elə gəldi ki, doğrudan da, digər dil kurslarına getməyə heç ehtiyac yoxmuş. Çünki onun mənə öyrətdiyi bu dilin əhatə dairəsi ingilis dilindən də, fransız dilindən də, rus dilindən də geniş imiş.

Xeyli vaxtdır ki, həmin tanışımın ölənlərinə rəhmət oxuyuram. İşim elə xod gedir ki… Odur ki, bu dili, yəni dillərin ən əcnəbisini öyrənməyi sizə də tövsiyə edirəm. Alınmasa, necə deyərlər, babalı mənim boynuma… q.mehebbetoglu@zaman.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here