“Vəsiyyət” barədə rejissorla söhbət

0
341

Milyonçu Dövran (Abbas Qəhrəmanov) öz villasında təşkil etdiyi 60 illik yubileyinə qan qohumlarını, bir də yaxın dostu Elmanı (Kazım Həsənquliyev) dəvət edir. Məclisin pik nöqtəsində Dövran vəsiyyət yazdığını, həmin vəsiyyətdə qan qohumlarının hər birinə kifayət qədər məbləğ çatacağı barədə məlumat verir. Bu məlumatdan sonra qan qohumları arasında bir çaxnaşma yaşanır. Hətta Dövranın bacısı Ceyran xanım (Sevinc Əliyeva) deyir ki, ay qardaş, bəs həmin vəsait onlara nə vaxt çatacaq? Elə Dövranın digər qohumları da Ceyran kimi gülməli arqumetlərlə çıxış edirlər. Onlar belə söhbətlərdə ikən işıqlar sönür… Dövran problemi aradan qaldırmaq istəyərkən onu cərəyan vurur.
Dövran təmtəraqla dəfn ediləndən sonra onun həyat yoldaşı Röya xanım (Münəvvər Əliyeva) ərinin qohumlarının iştirakı ilə Elmana vəsiyyətnaməni oxutdurur. Bölgüdən razı olanlar və olmayanlar arasında mübahisələr səngiməmiş birdən axirətdən – qəbirdən telefon zəngi gəlir (Sən demə, Dövran basdırılarkən telefon qəbrə düşübmüş). Danışanın Dövran olduğunu bilən qan qohumları buna əhəmiyyət vermir və mal-mülklə bağlı öz düşüncələrini bölüşməkdə davam edirlər. Odur ki köməyə çağıran Dövrana kimsə özünü çatdırmaq istəmir. Hətta Dövranın dostunun onları Kefli İsgəndərsayağı tənqidi də onlara təsir etmir. Birdən səhnədə Dövranın ruhu peyda olur… Daha sonra nələr baş verir? Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasına baxmaqla bu suala cavab ala bilərsiniz.
Bir neçə gün öncə Akademik Milli Dram Teatrıda yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasının premyerası keçirilib. İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), Münəvvər Əliyeva (Röya), Mirzə Ağabəyli (Bayram), Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), Kazım Həsənquliyev (Elman), Aslan Şirin (Timur), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), İlahə Həsənova (Delisay) çıxış edirlər.
Tamaşadan sonra bir neçə sualla Əməkdar artist Firudin Məhərrəmova müraciət etdik. İlk sualımız Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulmuş əsərlə bağlı oldu:
– Əsər müasir həyatımızın kəskin problemi olan maddiyyət və mənəviyyat arasındakı əbədi ziddiyyəti özündə ehtiva edir. Kritik məqamlarda insan hansını seçir, vicdanımı, yoxsa pulu? Əsərin mahiyyətində də bu ideya dayanır. Qan qohumları belə öz nəfslərinə hakim kəsilə bilmir, doğmasının ölümünə belə razı olurlar. Əsərdə digər məqamlar da mənim diqqətimi cəlb etdi.
– Bu sizin Mirələmov yaradıcılığına ilk müraciətiniz idi?
– Bəli.
– Firudin müəllim, nənə elə gəlir ki, Elman Kefli İskəndəri xatırladır, elə deyilmi?
– Elmanın tamaşanın sonunda dediyi monoloq bunu deməyə əsas versə də, tam demək olmaz ki, o, müasir Kefli İskəndərdir. İskəndərin dərdi daha genişmiqyaslı idi. Elman, sadəcə, bir insan kimi bu mənəviyyatsızlığa etiraz edir, amma etirazı çox güclü olur. Bu personajın varlığı o deməkdir ki, dünyada işıqlı adamlar var və belə mənəviyyatsızlığa cəsarətlə etiraz edə bilərlər.
– Əsərin baş qəhrəmanını oynayan Əməkdar artist Abbas Qəhrəmanov xeyli vaxt idi ki, Akademik Milli Dram Teatrının səhnəsində yeni obrazlar yaratmırdı. Səhv etmirəmsə, aktyorun adıçəkilən teatrın səhnəsində ifa etdiyi son rolu Hüseynbala Mirələmovun “Gəncə qapıları” tamaşasında general Sisianov obrazı olub. O sizin “Vəsiyyət”lə bu işə qol qoydu?
– Bəri başdan deyim ki, bu mənim Abbas Qəhrəmanovla ilk işimdir. Onun işi məni çox məmnun etdi. Yeri gəlmişkən, Abbas unikal aktyordur. O, bu tamaşada da subut etdi ki, monumental obrazlar oynamaga qadir aktyordur. Sadəcə, onun ”dilini” tapmaq lazim idi. O buna qədər bir çox obrazları münasibətlər üzündən yarımçıq qoyub.
– Timur rolu prototip idi?
– Belə də demək olar. Amma əslində Timur kimilərin hamısı bir quyudan su içirlər.
– Hadisələrin eyni məkanda cərəyan etməsi barədə nə deyə bilərsiniz?
– Bəli, hadisələr eyni məkanda cərəyan edir. Çünki hadisələr bir günün içində baş verir. O da Dövranın 60 illik yubileyində, villada. Hadisənin vaxt xronometraji var ki, ona da başqa məkana ehtiyac duyulmur.
– Tamaşanın finalı da birmənalı qarşılanmadı…
– Tamaşanin finalında çoxlarında fikir haçalanır. Suallar çıxır ki, Dövranı qəbirdən kim çıxardı? Amma əslində bu, onun ruhunun qisası idi. Kimsə başqa cür də başa düşə bilər. Fikir müxtəlif ola bilər. Bunun özü də maraqlıdır.
– Ümumiyyətlə, tamaşanın yaradıcı heyəti haqqında nə deyə bilərsiniz? Yeni onların oyunu bir rejissor kimi sizi qane etdimi?
– Tamaşaçıların reaksiyasından belə göründü ki, onlar öhdəsinə düşən yükün öhdəsindən gələ bildilər. Baxanlar da qeyd etdilər ki, rol bölgusu dəqiq aparılıb. Şübhəsiz ki, bəzi məqamlarda çatışmazlıqlar var idi. İnanıram ki, tamaşa oynanıldıqca cilalanacaq.
– İndiyədək Akademik Milli Dram Teatrınında neçə tamaşa hazırlamısınız?
– “Vəsiyyət” Akademik Milli Dram Teatrınında sayca ikinci tamaşamdır. Birincisi Cəlil Məmmədquluzadənin “Anamin kitabı” əsasında hazırladığım eyniadlı tamaşa olub ki, ona da 4 il bindan qabaq quruluş vermişəm. Sevinirəm ki, o, bu gündə teatrın repertuarındadır.
– Birinci tamaşa klassik əsər əsasında hazırlanıb, ikincisi isə müasir. Hansı əsərlərə quruluş vermək daha asandır?
– Əslində asan hec nə yoxdur. Yəni hər ikisinin özünəməxsus çətinlikləri var. Amma etiraf etmək lazımdır ki, muasir əsərlərə quruluş vermək daha çətindir. O mənada ki, personajlar müasirlərimizdir və onları inandırmaq elə də asan olmur.
– Növbədə hansı əsər var?
– Bu barədə heç nə deyə bilmirəm, çünki bu, rəhbərliyin dəvətindən asılıdır.