“Müzakirə ilə iş bitmir”

0
335

“Təəssüf ki, bir çox telekanallar reytinq naminə efirə hətta əqli, psixi problemləri olan adamları da çıxarırlar. Həmin verilişlərdə bu insanların anormal çıxışları, açıqlamaları ilə tamaşaçıları həyəcanlandırır, sensassiya yaradırlar”. Bu sözləri “Yeni Avaz” qəzetinə açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dedi. Onun sözlərinə görə, bəzi tok-şoulara bu cür insanların çıxarılmasında əsas məqsəd onların problemlərini həll etmək deyil: “Kanallarda belə verilişlərə rast gəlirik. İnsanların problemləri müzakirəyə çıxarılır, fikir yürüdülür, bəzi hallarda ittihamlar irəli sürülür, hər kəs öz mövqeyini ifadə edir. Ancaq gəlin görək həmin insanların problemləri həll olunurmu? Bir çox hallarda real vəziyyət göstərir ki, efir bitəndən sonra məsələ də bitmiş olur. Efirə çıxarılan qadınlar olub ki, sonradan onları “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yönləndiriblər. Onlar burada yerləşdiriləndən sonra qəribə davranışlar nümayiş etdiriblər. Məsələn, efirdə çıxıb açıqlamalar verən bir xanımı bizim sığınacağa yerləşdirdik. Sığınacaqdakı xanımlar onun davranışlarından şikayətlənməyə başladılar. Deyirdi ki, ərim pişik ətindən kotlet bişirir, qayınatam ağ xalat geyinib məni qorxudur. Sonradan biz bu xanımın psixi problemlərinin olduğunu anladıq. Halbuki bu qadını tez-tez efirə çıxarırdılar, açıqlamalarını tamaşaçılara təqdim edirdilər, anons edirdilər və yüzminlərlə, bəlkə milyonlarla insan buna baxırdı”.

Mehriban xanım hesab edir ki, problemi ilə bağlı telekanallara çıxarılan insanlar üçün “yardım paketi” olmalıdır: “Bu adamlar üçün “yardım paketi” olmalıdır. Müzakirə ilə iş bitmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 sığınacağı var, amma reklam eləmirlər, insanların çoxu bilmir. Bu cür verilişlərdən söz düşəndə deyirlər ki, insanları maarifləndiririk. Hə, olsun, ancaq efirə kimi çıxardığını da düşünməlisən, bir də həmin insanların probleminin həlli, prosesin sonrakı mərhələsi üçün də addımlar atmalısan. Efir bitdi, iş bitdi olmamalıdır. Bəzi insanların çox problemi efir bitəndən sonra daha da ağırlaşır”.

MTRŞ rəsmisi: “Efirdə deyilən hər bir söz ciddi qəbul oluna bilər”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Yeni Avaz” qəzetinə açıqlamasında problemə belə münasibət bildirdi: “Əlbəttə, bəzən belə hallar olur. Telekanallar belə halları diqqətdə saxlamalı, araşdırmalıdırlar ki, görək efirə çıxarılacaq insanın həqiqi vəziyyəti nə yerdədir. Kanallar, araşdırmaçı jurnalistlər daha yaxşı bilirlər ki, bunu hansı üsullarla dəqiqləşdirə bilərlər. Məsələn, bir insan sosial vəziyyəti ilə bağlı şikayət eləmək istəyirsə, onun yaşadığı ərazidə müvafiq dövlət qurumlarından məlumatlar alına bilər, psixoloji problemini hiss edirlərsə, səhiyyə müəssisələrinə və s. müraciət edib araşdıra bilərlər. Bunun müxtəlif üsulları var, jurnalistlər daha yaxşı bilərlər. Əslində belə olmalıdır. Mehriban xanımla razıyam ki, hər gələni efirə çıxarmaq olmaz. Çünki buna böyük bir auditoriya, demək olar ki, bütün ölkə baxır”.

Təvəkkül Dadaşov dedi ki, efirdə deyilən hər bir söz ciddi qəbul oluna bilər: “Efirdən səslənən fikirləri insanlar ciddi qəbul edirlər. Yalanı isə hamıya danışa bilərlər. Heç birimiz belə hallardan sığortalı deyilik. Məsələn, bu yaxınlarda bir cavan oğlan demişdi ki, mən NASA-ya lahiyə göndərmişəm və qəbul olunub. Bütün mətbuat onu tərifləyirdi. Sonradan belə nəticəyə gəldik ki, həmin oğlan media nümayəndələrini aldadıb. Əlbəttə, sosial verilişlərə çıxan adamlarla psixoloqlar işləməlidirlər. Həmin verilişlərdə adətən psixoloqlar olur. Mehriban xanımın nəzərdə tutduğu verilişdə ola bilsin, psixoloq zəif olub, yaxud psixoloq olmayıb, yalandan psixoloq kimi oturub orada. Belə halları psixoloqlar tutmalıdırlar ki, danışan adam yalan deyir, yoxsa düz deyir. Müxtəlif formalar var ki, yayımçılar bundan istifadə etməlidirlər”.

“Kanalın öz reytinqinə, öz imicinə mənfi təsir göstərir”

Bəs psixoloji problemi olan adamların bilə-bilə efirə çıxarılmasının qanunvericilikdə məsuliyyəti varmı? MTRŞ-nın şöbə müdiri: “Bilə-bilə hansısa şəxs efirdə yalan danışıbsa, “Televiziya və radio yayımı haqqında” Qanunda bununla bağlı müddüa nəzərdə tutulmayıb. Kiminsə mənafeyinə toxunubsa, məsələ məhkəmə qaydasında həll oluna bilər. Həmin şəxs çıxıb verilişdə yalan danışıbsa, dələduzluq edibsə, ola bilsin ki, Cinayət Məcəlləsi və yaxud İnzibati Xətalar Məcəlləsi ilə həll oluna bilər. Amma “Televiziya və radio yayımı haqqında” Qanunda belə bir hal nəzərdə tutulmayıb, yəni bunun bizə o qədər də aidiyyəti yoxdur, belə deyək, yalan danışdığı, böhtan atdığı şəxsə aiddiyyəti var”,-deyə vurğuladı.

Müsahibimiz dedi ki, efirdə belə xoşagəlməz halların olması MTRŞ-nı ümumilikdə efirin eybəcərləşməsi kontekstindən narahat edə bilər: “Belə yalanlar ortaya çıxır, yalançı sensassiyalar olur. Bunlar konkret kanalların özlərinin imici ilə bağlı olan məsələdir, onların öz imicinə ziyan gətirir ki, efirlərində doğru olmayan faktlar səsləndirilib, ictimaiyyət arasında narazılıq doğurub. Bu, kanalın öz reytinqinə, öz imicinə mənfi təsir göstərir. MTRŞ bu işlərə qarışmır, yanan da, yaman da yayımçılar özləri olurlar. Lakin belə halların kütləvi hal alması ilə bağlı faktlar olarsa, əlbəttə, MRTŞ istər-istəməz müxtəlif formalarda bu işlərə qarışar. Amma belədə biz tövsiyədən başqa bir tədbir görmürük”.

Nicat İntiqam