“Əlilliyi olan uşaqların sayı artır”

0
459

Mingəçevir şəhərində fəaliyyət göstərən “Ailələrə Sosial Dayaq” İctimai Birliyi (ASDİB) “Yeni Azərbaycanın yeni baharları” icma əsaslı sosial inkişaf mərkəzinin fəaliyyətinin təşkili” adlı layihənin icrasına başlayıb.

Mingəçevir şəhərində fəaliyyət göstərən Ailələrə Sosial Dayaq İctimai Birliyinin (ASDİB) nəzdindəki “Qaranquş-Yeni nəsil” Asudə Zaman Mərkəzi fərqli bir layihəyə start verib. Layihə haqqında məlumat verən mərkəzin və layihənin rəhbəri Mətanət Yusifova bildirib ki, Ailələrə Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına “Yeni Azərbaycanın yeni baharları” icma əsaslı sosial inkişaf mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəni həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların bacarıqlarının inkişaf etdirilməsi, sosial ünsiyyətə nail olunması və bununla da həmin uşaqların cəmiyyətə intiqrasiyasının təmin edilməsi, eləcə də yerli QHT-lərin könüllülük fəaliyyətinə cəlb edilməsi və onların sosial xidmətlə bağlı bacarıqlarının artırılmasıdır.
Layihənin hüquqşünas eksperti, Bakı Dövlət Universitetinin professoru Mais Əliyev deyib ki, layihə çərçivəsində iki ay müddətində Mingəçevirdə, Bakıda və Tovuzda təcrübə mübadiləsi keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, layihə çərçivəsində könüllülərin, o cümlədən ASDİB-in nümayəndələrinin iştirakı ilə təlimlər olacaq. Sonra iştirakçılar Tovuz rayonunda yerləşən sosial xidmətin bir forması olan “günərzi” qayğı mərkəzində olacaq, fiziki qüsurlu və sağlam uşaqların birgə inkişafı üçün tədbirlər görüləcək.
e2

Tədbirdən sonra Mais Əliyev jurnalistlərin suallarını da cavablandırıb.
– Bəzən belə bir fikir səslənir ki, Azərbaycanda sağlamlığı məhdud olan uşaqlara qayğı yoxdur. Bu nə dərəcədə doğrudur?
– Bu tamamilə yanlış bir fikirdir. Bəri başdan deyim ki, Azərbaycanda hazırda əlilliyi olan uşaqların sayı 67 min 193 nəfərdir. Əgər həmin uşaqların rəsmi şəkildə əllik statusu varsa, onlar dövlətin müəyyən etdiyi bütün sosial hüquqları reallaşdıqmaq imkanlarına malikdirlər. Onların yalnız inkuliziv təhsillə bağlı problem ola bilər. Yeri gəlmişkən onu da deyim ki, Bakının 4 məktəbində inklüziv təhsillə bağlı pilot layihə həyata keçirilir və gələcəkdə bu, bütün Azərbaycanı əhatə edəcək. Azərbaycan dövləti əlillərin hüquqlarına dair Konvensiyanı ratifikasiya etməklə öz üzərinə öhdəliklər götürüb. Həmin öhdəlikdən biri də inklüziv cəmiyyət və əlilliyi olan insanla fasiləsiz təhsilin təmin edilməsini özündə əks etdirir.
– Bəs nə üçün bu layihənin məhz bölgələrdə, o cümlədən Mingəçevirdə icrasına başlanılıb?
– Rəsmi məlumata görə, Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən artıqdır. Onu da deyim ki, Azərbaycanda əlilliyi olan uşaqların sayı artır və bu, bizi narahat edən problemlərdən biridir. Məlumat üçün bildirim ki, statistikaya görə, 1999-cu ildə onların sayı 21 min nəfər olub. 2009-cu ildə bu rəqəm 56 min olub. Hazırda isə əlilliyi olan uşaqların sayı 67 min 193 nəfərə çatıb. Bu həyəcan doğuran bir rəqəmdir. Daha bir fakt isə ondan ibarətdir ki, əlil uşaqların sayı daha çox regionların payına düşür. Ona görə də bu layihə çərçivəsində əlil uşaqlarla bağlı tədbirlər keçirilməsi vacib hesab edilir. Ən böyük bəlamız isə odur ki, hələ də bəzi valideynlər əlil uşaqlarını, əgər belə demək mümkünsə, gizlədirlər. Bununla da onların cəmiyyətin inteqrasiyasına mane olurlar. Amma dövlətimiz onların cəmiyyətə inteqrasiaysında israrlıdır. Hazırda Azərbaycanın 11 rayonunda “günərzi” qayğı mərkəzləri fəaliyyət göstərir ki, orada əlilliyi olan uşaqlarla sağlam uşaqların birgə oxuması və inkişafına şərait yaradılır, onlara sosial, psixoloji və reabilitasiya dəstəyi göstərilir.
Esmira Hidayətova, Mingəçevir.