“Bizim bugünkü qanuna görə isə körpü altında parklanma qadağandır!”

0
386

Yəqin ki, bir çoxunuz paytaxtdakı bəzi körpülərin altı avtomobil parklarına çevrilib. Halbuki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinə əsasən, dəmiryolu keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır. Buna baxmayaraq Bakı şəhərində “Şamaxinka”, 3-cü mikrorayon və bir neçə belə ərazilərdəki körpülərin altında avtomobillər saxlanılır.
“Körpülərin digər kənar hissəsində maşınlar saxlanılırsa ona biz yox, yol polisi nəzarət edir”
“Yeni Avaz” qəzetinə açıqlamasında Azəryolservis ASC-nin Mətbuat Xidmətinin katibi Anar Nəcəfli körpülərin altında maşınların saxlanılmasının qarşısının alınmasına bir müddət öncə başlandığını dedi: “Aidiyyatı üzrə Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizlik Komissiyasına müraciət elədik ki, körpülərin bəzi boşluq ərazilərində avtomobil saxlanılır. Biz həmin körpülərin altında maşın saxlanılmasının qarşısını aldıq. Yox əgər, döngələrdə, körpülərin avtomobillər üçün nəzərdə tutulmayan digər kənar hissələrində maşınlar saxlanılırsa ona biz yox, yol polisi nəzarət edir. Yol hərəkəti haqqında qanunla birbaşa yol polisi məşğul olur. Belə neqativ hallar aşkarlandıqda Yol polisi cərimələr edə bilər” .
“Gün ərzində 700-800 dayanma-durma tələblərini pozanlar barəsində tədbir görülür”
Dövlət Yol Polisi rəsmisi Vaqif Əsədov qəzetimizə açıqlamasında körpülərin altında avtomobillərin park edilməsinin qadağan olduğunu vurğuladı: “Yol hərəkəti haqqında qanunun 52-ci maddəsi ilə nəqliyyat vasitələrinin dayanma – durma tələbləri müəyyən olunur. Qanunda göstərilən tələblərə uyğun olaraq avtomobillər icazə verilmiş ərazidə saxlanıla bilər. Hər bir halda körpülərin üzərində, körpülərin altında, görünmə məsafəsi az olan yerlərdə avtomobillərin park edilməsi qadağandır. Buna əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunurlar. Bəzən ərazidə yol polisinin olmamasından istifadə edib intizamsızlığa meyli olan sürücülər özlərinə bəraət qazandırmaq üçün həmin əraziləri zəbt edirlər bu da, çox təəssüf hissi doğurur. Ancaq Yol polisi əməkdaşları belə ərazilərə diqqət ayırırlar, bu kimi halları aradan qaldırmağa çalışırlar. Bir də bu təkcə yol polisinin işindən asılı deyil, insanların özündən də çox şey asılıdır. Əlbəttə polis işçilərinin iyirmi dörd saat bir yerə nəzarət etməsi də mümkün deyil. İyirmi birinci əsrdə nə qədər polis əməkdaşı olmalıdır ki, bütün hər yerə nəzarət edə bilsin. Yol polisi olan ərazilərdə belə sürücülər dayanmırlar”.
“Düzgün park etməyənlərin hesabına şəhərə giriş ləngiyir, tıxaclar yaranır”
Vaqif Əsədov şəhərdə tıxacların yaranmasının səbəbi kimi sürücülərin düzgün park etməmələrini göstərdi: “Mart ayından elə ərazilər nəzarətə götürülüb. Paytaxtın “20 yanvar” dairəsindən “Şamaxinka” kimi tanınan əraziyə qədər olan məsafə təxminən 600 metrdir. Bu da, paytaxtın şimal tərəfdən giriş qapısıdır. Giriş qapısında dayanma-durma tələbləri pozulursa buna nə ad vermək olar?! Paytaxta gələn, paytaxtdan çıxan var, düzgün park etməyənlərin hesabına şəhərə giriş də, çıxış da ləngiyir. Ona görə sözügedən ərazi nəzarətdədir”.
V.Əsədov hər şeyi polisdən gözləməyin də düzgün olmadığını söylədi: “Bakı şəhərinin inzibati ərazisinə düşən küçə və yolların uzunluğu 2400 km-dir. 600-dən çox avtobus duracağı, 70-ə yaxın yeraltı-yerüstü piyada keçidi var. Bu qədər ərazi üçün nə qədər polis əməkdaşı lazımdır ki, belə təsadüfi hallar baş verməsin. Bu kimi halların olması təbiidir, ancaq tədbirlər də görülür. Sürücülərin əksəriyyəti körpülərin altında dayanır elə bilirlər görünmürlər. Qeyd edim ki, gün ərzində 700-800 dayanma-durma tələblərini pozanlar barəsində tədbir görülür. Onu müxtəlif vasitələrlə məsələn, həmin ərazilərdə quraşdırılmış kameralar, yerindəcə protokol yazmaq, avtomobillərdə quraşdırılmış “İpatrul” kimi vasitələrlə ilə nəzarətdə saxlanılır”.
“Yeni üsullar tərtib etməklə körpülərin altında parklanma yerləri yaratmaq olar”
“Yol hərəkəti qaydalarına görə, körpülərin altında parklanma qadağandır. Ancaq bir məsələni yadınıza salaq ki, əvvəllər Bakı şəhərində körpülərin altında parklanma yerləri var idi”. Bu fikirləri yol üzrə mütəxəssis, ekspert Ərşad Hüseynov qəzetimizə açıqlamasında bildirdi. Ekspertin sözlərinə görə, sonradan həmin park yerləri ləğv edilib: “Adətən körpülər çayların, dərələrin üstündə olur, şəhərlərdə isə bu fərqlidir. Yəni çox səviyyəli yol ötürücüləri var ki, onlar da konstruktiv olaraq körpü sayılır. Belə körpülərin altında da yol var, körpünün üstü də yoldur. Həmin nəzərdə tutduğumuz yol ötürücüləri olan körpülərin altında maşınlar saxlanılır, günün reallığı budur. Ancaq yeni üsullar tərtib etməklə körpülərin altında parklanma yerləri yaratmaq olar, bir şərtlə ki, güclü nəzarət olsun. Pis niyyətlər törədib, terror kimi əməliyyatlar aparıb körpülərin altında dayanan yüzlərlə maşınları məhv edə bilərlər. Dediyimiz kimi parklanma əməliyyatları etmək olar, ancaq nəzarətin başqa üsulları var, onların tətbiq olunması şərti ilə. Bizim bugünkü qanuna görə isə körpü altında parklanma qadağandır!”
Ruzbeh Məmməd