Hansı məhsul ölkəyə daha çox valyuta gətirə bilər?

0
331

Azərbaycan xarci ölkələrə neft, təbii qaz və neft məhsullarından sonra ən çox meyvə və tərəvəz ixrac edir. Dövlət Gömrük Komitəsinin bu ilin ilk 9 ayı üçün açıqladığı sonuncu hesabatda göstərilir ki, xarici ölkələrə 216,6 milyon dollar dəyərində 208,5 min ton meyvə tərəvəz ixrac olunub. Müqayisə üçün deyək ki, 9 ay ərzində ixrac etdiyimiz neft məhsullarının dəyəri 265,3 milyon dollar təkil edib. Məlumat üçün onu da bildirək ki, ötən illə müqayisədə bu meyvə-tərəvəzin ixracı 32,7% artıb. Halbuki digər ixrac məhsullarının əksəriyyətində azalma baş verib. Meyvə-tərəvəzin ümumi ixracdakı payı isə 3,3% olub. Təkcə bu rəqəmlər meyvə-tərəvəzin Azərbaycan iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli bir məhsul olduğunu göstərir. Neft, təbii qaz və neft məhsullarının ixracında müşahidə olunan kəskin azalma fonunda ölkəyə valyuta gətirəcək yeganə məhsul meyvə-tərəvəzdir. Meyvə-tərəvəzdən sonra ən çox satdığımız məhsul alüminium və ondan hazırlanan məmulatlar olub ki, bunların da dəyəri meyvə-tərəvəzlə müqayisədə 3 dəfə az olub – cəmi 71 milyon dollar. Son 9 ay ərzində ixrac etdiyimiz pambıq ipliyin dəyəri isə meyvə-tərəvəzlə müqayisədə 14,5 dəfə az olub – cəmi 15 milyon dollar.

Rusiyada meyvə-tərəvəzin pərəkənda satışından əldə olunan qazancın da müəyyən bir hissəsi Azərbaycana daxil olur

Meyvə-tərəvəz ixracının əsas üstünlüklərindən biri də odur ki, bu məhsullar əsasən qonşu Rusiya bazarlarına göndərilir. Rusiya ilə ərazi yaxınlığımız və keçmiş Sovetlər Birliyindən qalan nəqliyyat infrasturukturu bizə imkan verir ki, meyvə-tərəvəzi daha asan və ucuz qiymətə daşıya bilək. Əsas məqamlardan biri də odur ki, Rusiyaya ixrac etdiyimiz meyvə-tərəvəzi bu ölkədə əsasən Azərbaycan vətəndaşları satırlar. Yəni belə demək mümkündürsə meyvə-tərəvəz ixracından əldə etdiyimiz gəlir, təkcə bu məhsulun topdan satışından əldə olunan qazancla məhdudlaşmır, bu məhsulun pərəkənda satışından əldə olunan qazancın da müəyyən bir hissəsi Azərbaycana daxil olur. Bu baxımdan Azərbaycanda meyvə-tərəvəzin istehsalına daha çox diqqət ayrılmalıdır.

Bir məsələni də qeyd edək ki, digər kənd təsərrüfat məhsullarından fərqli olaraq Azərbaycan meyvə-tərəvəzə olan ehtiyacını tamamilə daxili istehsal hesabına təmin edə bilir. Məsələn, Azərbaycanda meyvəyə olan illik təlabət 800 min ton olduğu halda, ötən il 886,9 min ton meyvə istehsal olunub. Tərəvəz və bostan bitkilərinə olan tələb 1 milyon 720 min ton olduğu halda, ötən il 1 milyon 758 min ton tərəvəz və bostan bitkiləri istehsal olunub.

“Azərbaycan Rusiyada meyvə ticarətində rəqabət qabiliyyətli ölkə statusu qazanmaq imkanına malikdir”

Azərbaycanın meyvə-tərəvəz ixracında böyük potensiala sahib olduğunu iqtisadçı-ekspert Rövşən Ağayevin apardığı araşdırmalar da təsdiqləyir. İqtisadçı ekspert bildirir ki, Azərbaycan uzaq coğrafiyaya getmədən qonşu Rusiya bazarlarda 2 məhsulun – alma və üzümün timsalında meyvə ticarətində rəqabət qabiliyyətli ölkə statusu qazanmaq imkanına malikdir: “Latın Amerikası ölkələrinin üzüm və alma ixracı qiyməti bizdən 2 dəfə yüksək olsa da, bu ölkələr Rusiya bazarında həlledici paya malikdirlər. Bu baxımdan səlahiyyətli qurumlar və tədqiqat insititutları məhsulun keyfiyyəti, nəqli və qablaşdırılması, çeşidi, bu bazarda tələbat olan meyvə növləri, həmçinin standartalara əməl edilməsinin durumu ilə bağlı kompleks qiymətləndirma apararaq Azərbaycanın yüksək ixtisaslaşma potensialı olan meyvə növləri üzrə rəqabət qabiliyyətliliyini dəyərləndirən hesabatlar hazırlamalıdırlar”.

“Rusiyaya idxal olunan almanın qiymətinə görə Azərbaycan ən aşağı qiymət olan ölkələr sırasında olub”

Azərbaycanın Rusiya bazarlarındakı payının az olduğunu qeyd edən iqtisadçı bildirir ki, 2015-ci ildə Rusiya 385 milyon dollar dəyərində 880 min ton həcmində alma idxal edib: “Azərbaycandan bu ölkəyə alma idxalı 14,5 milyon dollar olub – qonşu ölkənin ümumi idxalının təxminən 3,5%-nə bərabərdir. Natural ifadədə Azərbaycandan Rusiyaya alma ixracı 36,5 min ton təşkil edib. Məlumatların təhlili göstərir ki, Rusiyaya idxal olunan həm üzüm, həm də almanın qiymətinə görə Azərbaycan ən aşağı qiymət olan ölkələr sırasında olub. Belə ki, Azərbaycandan Rusiyaya üzümün hər kq-ı 0,85 dollar təşkil etdiyi halda, Çilidən ixrac 1,6 dollar, Çindən 1,3 dollar, Cənubi Afrika Resbublikasından 1,4 dollar, Türkiyədən 1,05 dollar təşkil edib. Eyni durum alma ixracında da müşahidə edilir. Azərbaycandan Rusiyaya almanın hər kq-nın orta ixrac qiyməti 0,38 dollar təşkil edib. Bu rəqəm Gürcüstan üzrə 0,44 dollar, Çin üzrə 0,49 dollar, Türkiyə üzrə 0,5 dollar, Serbiya üzrə 0,66 dollar, Çili üzrə 0,78 dollar, Yeni Zelandiya üzrə 1,02 dollar təşkil edib. Rusiyanın alma idxalının təxminən yarısı 3 ölkənin – Serbiya, Çin və Cənubi Afrika Respublikasının payına düşüb”.

Meyvə pambıqdan daha gəlirlidir…

“Meyvə-tərəvəz ixracının artırılmasına mane olan əsas səbəblərdən biri də məhsuldarlığın aşağı olması ilə bağlıdır”, deyən Rövşən Ağayev bildirir ki, rəsmi statistikaya görə Azərbaycanda alma bağlarının orta məhsuldarlığı 8 ton təşkil edir: “Dünya üzrə bu göstərici 15,5 ton, yüksək məhsuldarlığa malik Fransa, Avstraliya və Niderland kimi ölkələrdə 40-50 ton intervalında dəyişir. Türkiyədə də bizdən 2 dəfə yüksəkdir – 18 ton. İndi bir müqayisəyə baxaq: fermerlərin hazırkı ixrac qiymətləri ilə alma və üzüm bağlarının hər hektarından mövcud məhsuldarlıq çərçivəsində 5-8 min dollar ümumi gəlir əldə etmək imkanı mövcuddur. Məhsuldarlığın ən azı Türkiyə səviyyəsinə çatıdırıması bu gəlirlərin 25-30%-ə qədər artırılmasına imkan verər. Lakin hökumətin indi üstünlüyünü təbliğ etdiyi pambığın hər hektarından ən yüksək məhsuldarlıq (4 ton) şəraitində belə fermerin əldə edə biləcəyi ümumi gəlir bundan 7-8 dəfə azdır. Üstəlik, meyvəçilik ölkənin ekosisteminin tənzimlənməsində mühüm rol oynamaqla yanaşı, yan sektorların (məsələn, arıçılıq) da inkişafı üçün mühüm təbii mühit rolunu oynayır. Meyvəçilik sektorunu inkişaf etdirmək üçün təcili qarşıda duran bir neçə vəzifə var: bu sektorun inkişafına yönəlik sahə proqramı qəbul edilməli, bir neçə vacib meyvə növü üzrə rəqabət imkanlarının və istehsal potensialının dəyərləndirilməsinə imkan verən master-planlar hazırlanmalı, meyvə bağları əkmək istəyən fermerlərə hökumətin güzəştli kreditləri hesabına müddəti 10 ildən az olmayan, faizsiz və girovsuz, dövlət zəmanəti ilə kredit xətləri açılmalıdır”.

A.C.