“Bizi aldadıblar”

0
184

Ölkədə iqtisadi vəziyyətin ağırlaşdığı, gəlirlərin azaldığı bir şəraitdə borcların birdən-birə 2 dəfə artırılması vətəndaşların onu ödəməsini faktiki olaraq mümkünsüz edir. Mingəçevir sakini, hazırda işsiz olan Elman Babayev bankdan kredit götürdükdən sonra onsuzda durumu ağır olan ailəsinin vəziyyəti daha da çətinə düşüb. Elman özü ustadır. İş olanda işləyir, olmayanda evdə oturub xəstə övladına qulluq edir. Elə bu duruma düşmələrinin də əsas səbəbi xəstə oğlunun müalicəsi üçün bankdan götürdüyü 800 dollar kreditdir. Necə deyələr, başına gəlməyən qalmayıb. Elman hazırda evləri olmadığı üçün 4 nəfərlik ailə üzvü ilə kirayədə yaşayır. Evdə işləyən təkcə həyat yoldaşıdır. O da epilepsiya xəstəsidir. Elman deyir ki, oğlunu Bakı şəhərinə müalicəyə aparmaq üçün Mingəçevirdə yerləşən “Respublika” bankdan yoldaşının adına 2015-ci ildə 800 dollar kredit götürüb: “Mən bankdan yoldaşımla bərabər pulu götürəndə bizə dedilər ki, manatla istəyirsiniz, yoxsa dollarla? Mən də dedim ki, dollardan bizim başımız çıxmır, elə manatla verin: “Sən demə, onlar bizə 800 manat verib, amma cədvələ dollarla qeyd ediblər. Bizə də dedilər ki, siz pulu 50 manat olmaqla hər ay ödəyəcəksiniz. 7 ay 50 manat ödədik. Sonra devalvasiya oldu. Biz elə bilirdik ki, bunun bizə aidiyyəti yoxdur. Ödənişimizi elə manatla ödədik. Amma sonradan bank bizi çağırıb bildirdi ki, banka hələ 1500 manat borcunuz var. Biz bildirdik ki, bu qədər pulu ödəyə bilmərik. Uzun sözün qısası, bizi məhkəməyə verdilər. Bir neçə ay da məhkəmələrdə süründük. Axırda məhkəmə qərar çıxardı ki, ayda 140 manat olmaqla 1500 manatı ödəməlisiniz. Yoldaşım xəstə qadındır, ayda 130 manat əmək haqqı alır. İndi məhkəmənin qərarından sonra 70 manat yoldaşımın əmək haqqından tutulur, 70 manat isə bizə zamin duran adamdan. Yoldaşımın 130 manat maaşının üstünə 10 manat da qoyub 70 manat banka, 70 manat da zaminə veririk. Kirayə pulu 100 manat, üstə gəl evin kommunalları və xəstə oğlumun və yoldaşımın dərman pulları. Mən bilmirəm 130 manat pulla biz bunların hansı edək. Mən də iş olanda 5-10 manata fəhləlik edirəm o da ki, yoxdur. İndi siz deyin, mən başıma haranın çarəsini edim? Çıxılmaz vəziyyətdə qalmışam”.

Elman deyir ki, borcu təkcə banka olsa, nə vardı: “Mağazadan ərzağı da nisyə alıram. İki oğlan uşağı böyüdürük. İnandırım sizi, onlara yavan çörəyi belə doyunca verə bilmirəm. Axşam olanda uşaqlarımın üzünə bir ata kimi baxmağa utanıram. Onlar gələcəyin əsgəridir. Bu gün mənim imkanım çatmır ki, onlara qarın dolusu yemək verim. Nə qədər olar belə sürünmək. Vallah, səhər oyananda fikirləşirəm ki, ay Allah, dünənki çətinliyi bu gündə yaşayacağıqmı?”.

“7 ildir ki, məhkəmənin qərarı ilə məni evimdən iki uşaqla çölə atıblar”

Kredit “bataqlığı”nda batan digər müsahibimiz Təranə Hüseynovadır. Onun başına gələnlər isə öz savadsızlığı ucbatından olub. Təranə xanım 7 ildir ki, məhkəmələrdə sürünür. Bu süründürməçiliyə tab gətirə bilməyən əri Vyaçeslav Hüseynov ürək tutmasından bu yaxınlarda vəfat edib. Təranə Hüseynovanın da iki övladı var. O da hazırda evini bankdan girovdan çıxara bilmədiyi üçün kirayələrdə yaşayır. Bank bu xanımın 3 otaqlı evini məhkəmədə hərrac yolu ilə sataraq əlindən alıb. Onunla söhbət zamanı aydın oldu ki, bu xanım bir lombardın – Gülpəri adlı birinin də fırıldağının qurbanı olub: “2007-ci ildə evimin sənədini şəhərdəki lombardlardan birinin işçisi Gülbahar adlı xanıma verdim ki, mənə 2000 manat pul versin. O isə “Muğan bank”ın Mingəçevir filialında işləyən tanışları ilə əlbir olub evimin sənədi ilə bankdan külli miqdarda pul götürüb. Mənə isə dedi ki, 2 min manatı iki ilə ödəyəcəksən. İki il pulu hər ay ödədim. Ödəniş bitəndən sonra getdim ki, evin sənədlərini alım. Bildirdilər ki, sizin evin sənədi ilə təkrar bankdan 20 min manat kredit götürülüb. Sən demə, Gülpəri mənim etibarımdan istifadə edərək, evin sənədlərini təkrar girov qoyub külli miqdarda pul götürüb. Amma bu pul ödənmədiyindən bank məni məhkəməyə verdi. Bu minvalla məhkəmələrdə süründüm. İdda edə bilmədim ki, mən aldığım 2000 manatı ödəmişəm. Bu gün 7 ildir ki, məhkəmənin qərarı ilə məni evimdən iki uşaqla çölə atıblar. Ali məhkəməyə, Konstitusiya məhkəməsinə, müraciətlərimiz olub. Amma hec bir faydası olmadı. Bu gün mən 7-ci ildir ki, kirayədə yaşayıram. Mənim başıma gələn hadisə Mingəçevirdə bir neçə ailənin başına gəlib. Hazırda mənim kimi kirayələrdə yaşayırlar. Çox acınacaqlı vəziyyətdəyəm. Övladlarım hər ikisi öz bilikləri ilə universitetə daxil olublar. Onlar öz evlərinin üzünə həsrət qalıblar. Yoldaşım bu əzab-əziyyətə tab gətirmədi. Ötən il dünyasını dəyişdi. İndi əlim qoynumda qalıb. Bilmirəm daha hara müraciət edim ki, düşdüyüm bu vəziyyətdən qurtula bilim”.

Müsahiblərimlə görüşüb evə qayıdanda əlində məhkəmə qərarı olan bir şəhid anası ilə rastlaşdım. Mən bu xanımı Şəhidlər Xiyabanında oğlunun məzarı başında tez-tez görürdüm. Dediyinə görə, kredit götürəndə evini girov qoyubmuş: “Devalvasiyadan sonra krediti ödəyə bilmədiyimdən bank məni məhkəməyə verdi. İndi məhkəmədən gəlirəm, icraçılar deyib ki, bu gün gəlib evi boşaldacağıq. Bilmirəm hara gedim, kimə deyim dərdimi, vallah, adım da çıxıb yadımdan”.

“Bu sahədə mövcud qanunvericilikdə boşluqlar var”

Belə vəziyyətlərlə qarşılaşanda adam bilmir ki, bankı günahlandırsın, məhkəməni, yoxsa müştərini. Bu biçarə insanların üzlərindəki kədər nə vaxt sevinc hissi ilə əvəzlənəcək? Problemin dərinləşməsi məsələnin məhkəmə müstəvisinə çıxarılmasına gətirib çıxarır. Təbii ki, nə vətəndaş, nə də bank üçün uzun bir müddəti əhatə edən məhkəmə çəkişmələri arzuolunmazdır. Məhkəmələr əksər hallarda bankların mövqeyini müdafiə edir. Lakin iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, vətəndaşların məhkəmələrə müraciət etməsi doğru addımdır: “Manatın devalvasiyasından sonra banklarla müştərilər arasında yaranmış fikir ayrılıqlarının istənilən halda, məhkəmə müstəvisində çözülməsini düzgün yanaşma kimi qiymətləndirirəm. Birincisi, həqiqətən də bu sahədə mövcud qanunvericilikdə boşluqlar var. İkincisi isə banklarla müştərilər arasında olan müqavilələrdəki bəzi normalar qanunvericiliklə əsaslandırılmayıb. Hər iki halda hüquqi qiymət verilməlidir. Məhkəmələrin müstəqilliyinə şübhələr olsa da, şikayətlərə obyektiv baxılması müraciətlərin davamlı və kütləvi olmasından çox asılıdır. Başqa alternativlər qalmayıb. Bankların müştərilərə verdiyi 2-3 faizlik güzəştlər problemi həll etmək iqtidarında olmayacaq”.

Esmira Hidayətova, Mingəçevir