Nənəmin Bəhram gileyi

0
340

Məncə, Əməkdar artist Bəhram Bağızadənin xüsusi təqdimata heç bir ehtiyacı yoxdur. Sözün həqiqi mənasında, xalqın rəğbətini qazanmış bu sənət adamı məmləkətimizdə yetərincə tanınır. Onu da deyək ki, bir zamanlar Şən və Hazırcavablar Klubunda ad çıxarmış Bəhram Bağırzadə sonra aktyor kimi filmlərə çəkildi, rəssam kimi fəaliyyətə başladı, naşir kimi özünü sınadı, kitab müəllifi oldu. Və bu sahələrdə uğurlara imza atmağı da bacardı. Daha sonra isə o, “Neftçi”nin Müşahidə Şurasına üzv oldu. Lakin o, sonuncu adını çəkdiyim məkanda hələ ki arzularını reallaşdırmaqda çətinlik çəkir. Daha doğrusu, son vaxtlar “Neftçi”nin uğursuz çıxışları onu bir qədər məyus edib. Yox, mənim məqsədim heç də Bəhramın bu sahələrdəki fəaliyyətindən söz açmaq deyil. Amma nədənsə bu yazını yazmağa başlayanda onları da qeyd etməyi özümə borc bildim. Nə isə, bu girişdən sonra keçək əsas mətləbə.
Bu günlərdə kənddən bir neçə günlüyə bizə gəlmiş nənəmlə televiziya qarşısında oturub bir verilişi izləyirdik. Verilişarası Bəhram Bağırzadənin iştirakı ilə çəkilmiş reklamların birinin nümayişi vaxtı nənəm əsəbi halda dilləndi:
– Çevir başqa kanalı…
Sözün düzü, nənəmin birdən-birə əsəbləşməsi məni yaman narahat etdi. Üstəlik, təşvişə də düşdüm. Dedim, ay nənə, nə oldu sənə birdən-birə?
Nənəm başladı nə başladı:
– Ay bala, bu Bəhram ki var e… mənim ən çox izlədiyim aktyorlardan biri idi. Amma elə ki, reklamlara çəkilməyə başladı gözümdən düşdü. Özü də elə məhsulları cani-dildən reklam edir ki… Gah deyir, bu yuyucu toz cəmi bir dəfə yumaqla ləkələri yox edir. Gah deyir ki, bu vasitənin bir qutusu ilə bir toyun qabını yumaq olur. Gah deyir, çay içmək dişləri qaraldır, ona görə də onları bu diş məcunu ilə ağardın. Gah deyir, filan ülgücdən alın, gah deyir ki, bəs filan şirkətin… çatan olmaz. Özü də hər reklamın sonunda deyir ki, bəs Azərbaycan sınayır, sən də sına…
– Ay nənə, sən ki onun iştirakı ilə çəkilmiş bütün reklamlara baxmısan ki, – deyəndə nənəm: “Sözümü kəsmə”, – deyərək söhbətinə davam etdi:
– Bilmirəm o niyə belə məhsulların reklamına çəkilməyə razı olub? Bircə bilsəydim… Olmaya imkansızlıqdan? Yox, buna inanmıram. Olmaya onun daha da çox tanınmasına ehtiyac var? Yox, o, kifayət qədər tanınır. Olmaya… A bala, ağlımdan yüz cür fikir keçir e… Amma hamısına bir quş qoyub keçirəm… Vallah-billah, a bala, mən belə şeyləri Bəhrama yaraşdırmıra bilmirəm e…bilmirəm. Vallah, hərdən də onun yerinə xəcalət çəkirəm. İnandırım səni, hər dəfə mağazadan həmin məhsulların yanından keçəndə elə bilirəm ki, indicə Bəhram peyda olub deyəcək ki, bəs ondan yox, bundan al, bu daha sərfəlidir. Bütün Azərbaycan sınayır, sən də sına. Ən əsası isə…
Bu yerdə nənəm bir qədər fikrə getdi. Mənə elə gəldi ki, nənəm daha danışmaq istəmir. Odur ki dözmədim:
– Hə, nənə, ən əsası nə? – deyib soruşdum.
– Bəhram Bağırzadə elə iş görüb ki…
Gözlərim kəlləmə çıxdı:
– Ay nənə, sən nə danışırsan?
– Narahat olma, nə danışdığımı yaxşı bilirəm. Bəli, o fransız inəklərinin yağını reklam etməklə inəyimin – Alagözümün, üstəlik mənim heysiyyatımla oynayıb. Özi də fransız inəyindən müsahibə alır… Belə getsə bu gün-sabah Mazandaran eşşəkləri də reklam olunacaq. Bir soruşan yoxdur ki, ay Bəhram, hansı bir fransız sənin itini, pişiyini belə reklam edib, hə? Ölürük də xariciləri vəsf etmək üçün. Bir onların inəkləri qalmışdı, onları da tərifləyib qaldırdıq dağın başına. Məgər mənim inəyimin yağı, südü fransalı inəyindən bu qədərmi əksikdir, hə? Adamı bundan artıq necə təhqir edərlər, hə? Sizi bilmirəm, bu reklam çarxı mənə elə təsir edib ki… Niyə biz belə olmuşuq e…
Nənəm daha danışmadı. Nəvəsindən əli ilə təzyiq dərmanını gətirməsini xahiş etdi.

Qvami Məhəbbətoğlu