“Mənim şagirdlərim tibbi seçirlər”

0
678

Budəfəki müsahibimiz yüzlərlə gəncin yaxşı mütəxəssis, vətənpərvər vətəndaş, xeyirxah insan kimi formalaşmasında əvəzsiz xidmətləri olan “Əməkdar müəllim” Mustafa Əhmədovdur. Mustafa müəllim peşə fəaliyyətinə Mingəçevir 1 saylı məktəbdən başlayıb. Hazırda Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə kimyanin sirlərini uşaqlara öyrədir.
Artıq 45 ildir ki, Mustafa müəllim bu sirri tədris edir. Elə ona ilk sualımız da bununla bağlı oldu.
– Bu müddətdə qazancınız nə olub? Yəni zəhmətinizin bəhrəsindən razısınızmı?
– Bəli, 45 ildir ki gənc nəslin təlim-tərbiyəsində yorulmadan çalışıram. Çəkilən zəhmətim də layiqincə qiymətləndirilib. Belə ki, həm “Əməkdar müəllim”əm, həm də “Qabaqcıl təhsil işçisi”yəm. Üstəlik, ali kateqoriyalı metodist müəlliməm. Bunlar öz yerində… İndi dünyanın, demək olar ki, hər yerində mənim yetirmələrim var. Onların xoş sorağı məni çox sevindirir. Bir müəllim üçün bundan böyük qazanc olarmı?
– Bu kimi uğurlar sizdə bir arxayınçılıq yaratmır ki?
– Sən nə danışırsan? Əsla… Mən hər gün eyni həvəslə çalışıram.
– Müəllim yalnız öz fənnini sevdirməklə, başqa sözlə desək, bilik verməklə kifayətlənməlidir?
– Müəllim şagirdlərə bilik verməklə yanaşı, onların əsil vətəndaş kimi yetişmələrində də səylə çalışmalıdır. Bir sözlə, müəllim həm də gənc nəslin mənəvi aləminin memarı olmalıdır.
– Sizdən söhbət düşəndə, bir qayda olaraq, adınızın qarşısında yaxşı müəllim kəlməsini işlədirlər. Sizcə, yaxşı müəllim daha hansı keyfiyyətləri özündə cəmləşdirməyi bacarmalıdır?
– Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilməli, tədris etdiyi fənnin hər bir sirrinə vaqif olmalıdır. Mənim aləmimdə yaxşı müəllim, bədii şəkildə desək, bağban kimi olmalıdır. Bu mənada bağbanı olduğu bağa elə qulluq etməlidir ki, gələcəkdə daha barlı-bəhərli olsun. O ki qaldı mənim adımın qarşısında işlənən dediyiniz o ifadəyə… Mən özümə yaxşı deyə bilmərəm. Amma deyirlərsə, nə yaxşı… Hər halda görünür, bunu da qazanmışam. Hə, qızım, bu da elə qazanc deyilmi?
– Tədris etdiyiniz fənn çətin fənn sayılır. Onu sevdirmək üçün hansı vasitələrdən istifadə edirsiniz?
– Mən kimyanın müxtəlif sahələrinə aid maraqlı söhbətlər aparmaqla, keçirilən tədbirlərin yüksək səviyyədə, məzmunlu təşkil olunması ilə şagirdlərin bu fənnə marağını artırmağa çalışıram. Bununla nə demək istəyirəm? Demək istəyirəm ki, həm başqa elmlərlə, həm də təsərrüfatın bütün sahələri ilə sıx bağlı olan kimyaya marağı bu fənni tədris edən hər bir müəllim yaratmağa çalışmalıdır. Amma unutmayaq ki, kimya eksperimental elmdir. Yəni bu fənnin tədrisi üçün məktəblərdə şərait də olmalıdır. Müəyyən praktiki bacarıq və vərdişlərə yiyələnməkdən ötrü hər bir şagirdin qarşısında lazım olan avadanlıq, cihazlar, reaktivlər olmalıdır. Məhz belə, yəni laboratoriya şəraitində şagirdlərdə zəruri həyati bacarıqların formalaşmasına nail olmaq olar. Bununla demək istəyirəm ki, bu fənn təcrübə sevir. Şükürlər olsun ki, bizim məktəbin yaxşı laboratoriyası var. Üstəlik, məktəbimizdə bu fənlə bağlı keçiriləcək bilik yarışlarına hazırlıq məqsədi ilə dərnəyimiz də fəaliyyət göstərir. 4 kurikulum sinfim var. Mən təkcə kurikulumun tələblərinə uyğun fənni tədris etmirəm, özümün yaradıcılıq işlərimdən də istifadə etməklə bu və ya digər mövzunu daha ətraflı izah etməyə çalışıram. Təbii ki, bu kimi proseslərdə uşaqların səviyyəsini də nəzərə alıram.
– Yəqin ki, uğurlarınızın əsasını da bunlar təşkil edir. Yeri gəlmişkən, şagirdlərinizin qəbul imtahanlarında topladığı ballar sizi qane edirmi?
– Sizə təkcə bir faktı deyim. Ötən tədris ilində otta məktəbi qızıl medalla bitirən Təbiət-Riyziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunu, yəni mənim şagirdim Aytac Cəbrayılova 686 balla Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olunub. Amma hərdən yaxşı mənada bir şeyə təəssüflənirəm ki, mənim şagirdlərim, bir qayda olaraq, tibbi seçirlər. Yəni onların arasında hazırda müəllim kimi fəaliyyət göstərən, bu fənnin tədrisinə xidmət edənlərin sayı olduqca azdır…
Söhbətimizin sonunda ona övladları ilə bağlıs sual ünvanladım. Mustafa müəllimin dediklərindən bəlli oldu ki, o, öz övladlarının təhsilinə də həmişə məsuliyyətlə yanaşıb. Böyük oğlu Rəşad polis işçisi, Fərid isə həkimdir.

Esmira Hidayətova, Mingəçevir.