“Qarabağ” uddu, “Qəbələ” isə avtoqolla üzüldü

0
262

Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın “PAOK” klubu ilə qarşılaşıb.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Muarem Muarem, Rəşad Sadıqov (k), Rahid Əmirquliyev, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov və Dani Kintana yer alıblar.

PAOK komandasının heyətində isə Panagiotis Qlikos (k), Leo Matos, Marin Leovac, Mame Baba Tiam, Calma Kampos, Xose Angel Krespo, Qyoko Cimirot, Qarri Rodriges, Yevgen Şaxov, Fernando Varela və Xose Kanyas meydana çıxıblar.

İsrailli baş hakim Alon Yefetin rəhbərliyi görüşün 10-cu dəqiqəsində “Qarabağ” hesabı açmaq imkanı əldə etsə də, Muarem Muarem bu şansı dəyərləndirə bilməyib. 18-ci dəqiqədə isə Dino Ndlovunun zərbəsi “doqquzluq”dan dönüb. Qurban Qurbanovun yetirmələri ilk 45 dəqiqədə oyuna hakim olsa da, ilk hissədə hesab açılmayıb.

İkinci hissəyə də təmsilçimiz oyuna eyni templə başlayıb. Nəhayət qarşılaşmanın 56-cı dəqiqəsində oyunda hesab açılıb. “Qarabağ”ın heyətində Dani Kintana Maksim Medvedevin ideal ötürməsi ilə adını tabloya yazdırıb – 1:0.

Buraxılan qoldan sonra rəqib komanda irəli atılaraq hesabı bərabərləşdirməyə cəhd göstərib. PAOK-un bu həmlələrinə əks hücumla cavab verən “Qarabağ” 87-ci dəqiqədə qalibiyyət qolunu vurub. Rahid Əmirquliyev hesab arasında fərqi ikiyə çatdırıb -2:0.

Beləliklə, üçüncü turu qələbə ilə başa vuran “Qarabağ” aktivinə 4-cü xalı yazdırıb və 2-ci 3-cü pilləni bölüşdürür. “J” qrupunda keçirilən digər görüşdə isə İtaliyanın “Fiorentina” klubu Çexiyada “Slovan”ı 3:1 hesabı ilə məğlub edib və 7 xalla qrupda liderliyi ələ keçirib.

 

“Qəbələ” avtoqolla üzüldü 

“C” qrupunda mübarizə aparan təmsilçimiz “Qəbələ”  səfər matçında “Joffrua Qişar” stadionunda Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşıb və rəqibinə minimal hesabla məğlub olub. Yeganə qolu “Qəbələ”nin futbolçusu Rikardinyo öz qapısından keçirib.

Görüşü Ali Palabıyıkın rəhbərliyi ilə türkiyəli hakimlər briqadası idarə edib. Ona Cem Satman və Əkrəm Kan kömək ediblər.

Matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Sergey Zenyov, Ruslan Qurbanov, Asif Məmmədov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Urfan Abbasov və Teo Uiks yer alıblar.

Fransa təmsilçisinin ilk onbirliyində isə Cesi Mulin, Kevin Teofil Katrin, Noaln Ru, Usama Tannane, Henri Saive, Şeyx Mbengi, Cordan Veretut, Ole Selnaes, Florentin Poqba, Kevin Mone Pake və Loik Perrin meydana çıxıblar.