Mingəçevirlilər şəhərin polis rəisinə minnətdarlıq etdilər

0
884

Mingəçevir şəhəri, M. Maqamayev 81 ünvanında yaşayan sakinlər qəzetimizin bu şəhərdəki təmsilçiliyinə müraciət edərək, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradova öz minnətdarlıqlarını çatdırmaq istədiklərini bildiriblər. Belə ki, bir müddət öncə sakinlər onları narahat edən bir məsələ ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət ediblər. Sakinlərin əsas şikayətləri yaşadıqları binanın altında və həmin binaya paralal fəaliyyət göstərən “Çay evi”nin yaratdığı narahatlıqla əlaqədar olub. Sakinlərdən Qəribə Əhmədova, Suqra, Gülşən, Qiyamət, Tərlan, Müşviq, Natiq, Elxan, Rafiq və digərləri bildirdilər ki, axşam saatlarında narahatçılıq daha çox olurmuş: “Evimizdə sakit otura bilmirdik. Hətta uşaqlarımızı, xüsusən, qızlarımızı məktəbə, işə tək yola salmaqdan qorxurduq. Dəfələrlə sahə müvəkkilinə müraciət etmişdik. Amma məsələ öz həllini tapmırdı. Axırda məcbur olub şəhərimizə yeni təyin olunan polis rəisinə – Cavid Muradova müraciət etdik. Dərhal müraciətimiz öz həllini tapdı. İndi axşam olanda sakit yata bilirik. Həyətdə yaşlı, xəstə insanlar var, onlar da narahat olurdular. Bu diqqətə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradova öz təşəkkürümüzü bildiririk”.
Sakinlər bildiriblər ki, bu məsələ həll olunduqdan sonra bəzi KİV-lərdə şəhərin rəisi haqqında həqiqətə uyğun olmayan yazılar dərc olunub: “Bəs vətəndaşın narahtlıqlarını kim təmin etməlidir, kimə müraciət etməli idik? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Daxili İşlər Naziri Ramil Usubova öz minnətdarlığımızı bildiririk ki, Mingəçevirə öz işini bilən, vətəndaşları düşünən və şəhərdə asayişi təmin edən bir rəis təyin edib. Digər problemlərlə bağlı da şəhərin rəisinə müraciətlərimiz olub, amma öz təşəkkürümüzü çatdıra bilməmişik. Ona görə də şəhərdə fəaliyyət göstərən qəzetlərə üz tutduq. Xahiş edirik, mingəçevirlilərin minnətdarlığını Cavid Muradova çatdırasız”.
Esmira Hidayətova,
Rövşən Əşrəfov, Mingəçevir