Qeyri-adi istedada malik 13 yaşlı qız

0
436

O, həmyaşıdlarından fərqli istedada malikdir. Sağlamlığı məhdud olan – eşitmə nitq qüsurlu Arzu Babayeva hələ 6 yaşı olanda maraqlı rəsmlər çəkirdi. Valideynləri onu Mingəçevirdə yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzinə yazdırır. Arzunun digər istedadını bu mərkəzin müəllimləri üzə çıxarırlar. Belə ki, hər kəs toxuma işini millərlə, milçələrlə görür. Amma Arzu balaca barmaqları ilə rəngli saplardan şərflər, papaqlar, boyunluq və digər toxuma əşyaları toxuyur. Mərkəzin toxuculuq dərnəyinin rəhbəri Səmərrux Həmidova və bacarıqlı əllər dərnəyinin rəhbəri Nərgiz Əlizadənin əməyi nəticəsində Arzu bu peşəyə yiyələnə bilib. İndi Arzunun 13 yaşı var. O, müəllimlərinin köməyi olmadan müxtəlif geyim əşyalarını həm millə, həm də barmaqları ilə toxuyur.

Səmərrux müəllimə deyir ki, barmaqlarla toxumanı televiziya verilişlərinin birində görübmüş: “Bu toxuma növünü Arzuya öyrətdim. Arzu bu işin öhdəsindən bacarıqla gəldi. Anası da deyir ki, Arzu boş dayanmağı sevmir. O, həm də ingilis dilini öyrənir”.

Müəllimlərinin dediyinə görə, əl işlərindən ibarət sərgilərdə Arzunun hazırladığı əl işlərinə maraq daha böyükdür.

Mərkəzin təlim-tədbirlər üzrə işçisi Elnarə Səmədova isə deyir ki, sağlamlıq imkanları məhdud olan uşaqların təhsili demokratik cəmiyyətin vacib tələblərindən biridir: “Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, özünəxidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir. İnklüziv təhsil sahəsində son illər ölkəmizdə xeyli işlər görülüb, müvafiq qanunvericilik bazası yaradılıb. Mərkəzimizin hazırda 107 üzvü var və onların 45-i günərzi xidmətdən bəhrələnir. Ən çox əlilliyi olan, bir də təkvalideynli uşaqlar mərkəzimizə gəlir, xidmətlərdən istifadə edirlər”.

Onun sözlərinə görə, mərkəzdə 4 dərnək var: “Bunlar toxuculuq, kompyuter, ingilis dili və bacarıqlı əllər dərnəyidir. Mərkəzimizə uşaq qəbul edərkən əvvəlcə qiymətləndirmə aparırıq. Belə ki, uşağın qiyməti 20 baldan yuxarı olarsa, qəbul edilir”.

Mərkəzdə digər uşaqların əl işləri də nəzərimizdən qaçmadı. Adətən, toxuculuğu qızlar yaxşı bacarır, amma bu Mərkəzdə toxucu oğlanlar da var. Onlardan biri – 12 yaşlı Yusif gözəl əl işləri toxuyur. Onun digər əl qabiliyyətləri də var.

Elnarə müəllimə uşaqların qabiliyyətini, əl işlərini yüksək qiymətləndirdi: “18 yaşından sonra da biz bu uşaqlardan ayrılsaq da, onların təhsilləri ilə maraqlanırıq. Çalışırıq ki, onları peşə məktəblərinə, kollecə yerləşdirək. Yeri gəlmişkən, 4 istedadlı uşağımızı kollecə yerləşdirdik ki, təhsillərini davam etdirsinlər. Bu işdə bizə Məleykə Abbaszadə kömək etdi. Hər bir uşağın istedadını görmək, onun inkişafı üçün şərait yaratmaq böyük işdir. Əminəm ki, gələcəkdə hər bir kəs bu uşaqların potensialını görəcək. 11 ildir ki, bu mərkəz fəaliyyət göstərir. Hesab edirəm ki, bu müddət ərzində onları kəşf edə, faydalı istiqamət verə bilmişik”. Esmira Hidayətova, Mingəçevir