Kartın kəraməti

0
300

De görüm bu nə işdir? Aman günüdür, bir söylə bu nə məsələdir? Mən ölüm, sən əzizlərinin canı, məni qandır görüm nə baş verib? Axı ürəyim partladı. Bir məni başa sal da, nə olar?.. Son günlər marşrut avtobuslarının sürücüləri daha bir-birlərini ötüb keçmirlər axı, sürət həddini aşmırlar axı, harada gəldi saxlayıb sərnişin götürmürlər axı! Nə olub, kim bunlara belə məsləhət verib, nə bunları belə bir intizama dəvət edib? Olmaya hansısa Avropa ölkəsində marşrut avtobuslarının sürücüləri hamısı təlim keçiblər?

Eh, hələ bunlar nədir ki? Desəm, lap məəttəl qalacaqsan, gözlərin kəllənə çıxacaq. Son günlər bunlar elə nəzakətlə danışırlar ki… Özüm ölüm, yalan demirəm. Yalan deyirəmsə, yerimdəcə, yəni kompyuter arxasında quruyub qalım. Vallah-billah, öz gözlərimlə görmüşəm. Hələ mən onların özlərindən öndə gedən, yaxud arxalarından gələn həmkarları, yəni marşrut sürücüləri ilə apardıqları telefon danışıqlarına son qoyduqlarını demirəm. Elə bil qurbağa gölünə daş atılıb e… Üstəlik, onlar sərnişinlərə qabaq qapıdan minib arxa qapıdan düşmək mədəniyyətini başa salırlar. Özü də çox təmkinlə, səbirlə, tələsmədən. Sözün düzü, mən elə zənn edirdim ki, marşrut avtobuslarında bizə xidmət edən əcnəbi sürücülərdir. Amma o gün onlardan birini danışdıranda gördüm, yox e… onlar xalis özümüzünkülərdəndir. Odur ki, daha başqa fikirlərə düşmədim. Nəzakətlərinə, əxlaqlarına min dəfə bərəkallah dedim. Üstəlik, ölülərinə rəhmət də oxudum.

De görüm bu nə işdir? Bu hikməti başa düşə bilmirəm axı. Marşrut avtobuslarında niyə belə “sükut” yaranıb? Amanın günüdür bağrım çatladı, de də… Bir məni qandır görüm də…bu nə layihədir? Bu nə nəzakətdir, bu nə hörmət-izzətdir. Gün hayandan doğub? Burada nə hikmət var? Balam, bunlara söz demək olmurdu, indi hamı… Sənə quzu kəsim, axır məni başa sal da. Sənin qadanı alım, qoyma ciyərim dağlansın, söylə görək bu nə oyundur? 65 saylı marşrutun sürücüsü Həsən kişi gur-gur guruldamır axı. Daha nəzakətli olacaqlarını deyir axı. 79-un sürücüsü də elə onun kimi…

Nə olar, bir məni baş sal görüm necə oldu ki, bizim sürücülər birdən-birə belə mədəniləşdilər? Yoxsa camaata canları yanır? Bəs indiyəcən niyə belə nəzakətli deyildilər, kimlər və yaxud nə onlara imkan vermirdi belə mədəni xidmətə? Görmədiyimiz günlərə düşmüşük e… Vallah, dünənə kimi marşrutlara minmək istəməyənlər də indi onlara üz tuturlar.

Necə? Onları belə mədəniləşdirən həmin marşrut avtobuslarında nağd ödəmələrə son qoyulması və kart sisteminin tətbiqidir? Zalım balası, bunu bayaqdan de də… Mən də özümü dağıdıram ki, görəsən nə baş verib ki, mənim xəbərim yoxdur. Adi kart da insanı bu qədər dəyişərmiş.