Rəqiblərimiz nəyə qadirdirlər?

0
517

Futbol elə bir idman növüdür ki, diqqətləri ani şəkildə Amerikadan “köhnə qitə”yə yönəldə bilər. Sözsüz, Avropa Liqasının və Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkatmasını dünya çempionatının adi bir oyunu ilə belə, müqayisə etmək olmaz. Amma nə etmək olar ki, bizim DÇ-də deyil, məhz bu tip Avropa turnirlərində komandalarımız var. Gərək, Avropada klub futbolumuz uğur qazansın ki, millimiz də nə vaxtsa belə mötəbər turnirlərdə oynasın.

Nə isə, sözümüz ondadır ki, yuxarıda qeyd etdiyimiz mərhələlərin püşkü Nyonda atıldı. Belə olan halda, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”, eləcə də Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Qəbələ” və “İnter” rəqiblərini tanıdılar. Başlayaq “Qarabağ”ın rəqibindən…

“Qarabağ” üçün ənənəvi çempion

Avropada reytinq xalı yüksək olan “Qarabağ”ın daha zəif rəqiblə üz-üzə gələcəyi gözlənilirdi ki, bu da reallaşdı. Qurban Qurbanovun komandası Malta klubu “Valletta” ilə qarşılaşacaq. Sözsüz ki, cütün favoriti “Qarabağ”dır. Amma eyni zamanda Çempionlar Liqasında zəif, asan təslim olan rəqibin olmadığını da unutmayaq.

“Valletta”

Maltanın tarixi, eləcə də son vaxtlar inkişaf edən komandalarından olan “Valletta”nın əsasını milli komandanın üzvləri, eləcə də legionerlər təşkil edirlər. 1943-cü ildə Maltanın paytaxtı Vallettada yaradılan bu klub 3 komandanın birləşməsi nəticəsində formalaşıb. Belə ki, “Valletta Prestons”, “Valletta Sent-Pauls” və II dünya müharibəsindən əvvəl 2 dəfə ölkə çempionu olmuş “Valletta Yunayted” indiki klubun formalaşmasına səbəb olub. Ümumiyyətlə, vaxtilə İngiltərənin ərazisi olmuş Maltanın paytaxtının 1886-1919-cu illər aralığında böyük futbol tarixi olub. Təsəvvür edin ki, cırtdan ölkənin mərkəzi şəhəri olan Vallettanı 14 futbol klubu həmin illərdə daxili birincilikdə təmsil edib.

“Valletta Yunayted”in davamçısı kimi 2 titulu da saysaq, “Valletta” 22 dəfə Malta çempionu olub. 13 dəfə Malta Kubokunu qazanan “ağ cəngavərlər” 10 dəfə də ölkə Superkubokunu başları üzərinə qaldırıblar. Komanda 1996-97 mövsümündə Maltada keçirilən 5 ölkə titulunun hamısını qazanmaqla diqqət çəkib. 2000-01 mövsümündə isə Malta Futbol Assosiasiyasının 100 illiyi münasibətilə keçirilən kubok da daxil olmaqla, 6 titul qazanılıb ki, bu da rekord göstəricidir.

Komandanın baş məşqçisi Gilbert Açiusdur. Malta yığmasının sabiq yarımmüdafiəçisi olmuş 40 yaşlı çalışdırıcı bu komandaya 2012-ci ildə köməkçi-məşqçi kimi gəlib. Heyətinin əksər üzvləri Malta yığmasının futbolçuları olan “Valletta”nın kapitanı Rayan Feneçdir. Heyətdə isə 6 legioner var. Bunlar Gürcüstan yığmasının qapıçısı Nukri Revişvili, qambiyalı Hamza Barri, Nigeriya doğumlu ingilis Latif Elford-Alliyu, braziliyalı Denni, tunisli Abdelkarim Nafti və avstraliyalı Adrian Zahradır. Sonuncu “Valletta”nın yeni transferidir.

“Valletta” ev oyunlarını doğma şəhərində keçirmir. Bu komanda 18 min tamaşaçı tutumuna malik olan Ta Kali şəhər stadionunda qonaqlarını qəbul edir. Qeyd edək ki, bu arena Malta millisinin stadionu da sayılır. Millimiz məhz bu stadionda Malta ilə oyunlar keçirib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə bu rəqibdən ehtiyatla danışıb. Təcrübəli çalışdırıcı bildirib ki, rəqibi ciddi qəbul etmək və işə məsuliyyətlə yanaşmaq lazımdır.

Əlavə edək ki, komandalar arasında ilk oyun iyulun 15-16-da Maltada, cavab görüşü isə bundan bir həftə sonra Azərbaycanda reallaşacaq.

“İnter” üçün Moldova,

“Qəbələ” üçün Bosniya səddi

“Qarabağ”ın ardından “Qəbələ” və “İnter” rəqiblərini tanıdılar. Bu klublar isə Azərbaycanı Avropa Liqasının birinci mərhələsindən təmsil edəcəklər. Kaxaber Sxadadzenin başçılıq etdiyi “İnter” Moldovanın “Tiraspol” klubu ilə üz-üzə gələcək. “Tiraspol”un Avropada ciddi uğuru olmasa da, unutmayaq ki, Moldova klubları həmişə azərbaycanlılar üçün sədd olublar. Bu dəfə hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək. İlk oyun iyulun 3-də Moldovada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.

Düşünürük ki, ən çətin rəqib “Qəbələ”nin bəxtinə çıxıb. Təmsilçimiz Bosniya Herseqovina klubu “Şiroki Briyeq”lə üz-üzə gələcək ki, bu komandanın “Qəbələ”dən fərqli olaraq, Avropa təcrübəsi və uzun müddətdir bir yerdə çıxış edən kollektivi var. “Qəbələ” Avropa turnesinə ölkəmizdə başlayacaq. İlk oyun iyulun 3-də Qəbələdə, cavab matçı isə 10-da Bosniyada reallaşacaq.

“Tiraspol”

“İnter”in rəqibi barədə danışarkən onu deməliyik ki, 1992-ci ildə yaradılıb. Ancaq komanda əvvəl paytaxt Kişinyovu “Konstruktorul” adı ilə təmsil edib. Bu klub bu adla 1996 və 2000-ci illərdə Moldova Kubokunu qazanıb. 2001-ci ilin iyulunda klub Kişinyovdan Çobruçiyə, bir il sonra isə tanınmamış Dnestryanı Respublikanın paytaxtı olan Tiraspola köçüb. Məhz 2002-ci ildən bu komandaya təmsil etdiyi şəhərin adı verilib. 1996-cı ildə yeganə ölkə çempionluğunu da qazanan klub Moldovanı tarixində ilk dəfə Çempionlar Liqasında təmsil edib. Ancaq Belarusun “Slaviya” klubunu ümumi hesabda keçmək mümkün olmayıb — 3:4. “Tiraspol” adı ilə ilk Avrokubok matçı da uğursuz olub. Komanda Tiraspolda Çexiya “Sinot”u ilə qolsuz heç-heçə etsə də, cavab görüşündə 0:4 hesabı ilə uduzub. 2006-cı ildə bürünc mükafatçı kimi “İntertoto” Kubokunda “MKT-Araz” və “Lex”i keçən “Tiraspol”u Avstriyanın “Rid” klubu dayandırıb.

Komanda 2013-cü ildə 3-cü Moldova Kubokunu baş məşqçi Vlad Qoyanın rəhbərliyi altında qazanıb. 43 yaşlı çalışdırıcı 2011-ci il yanvarın 1-dən “Tiraspol”u çalışdırır. Moldova təmsilçisində çoxlu sayda legionerlər çıxış edirlər. Bunlar ispaniyalı Erik Barroso, bolqarıstanlılar — Dimitar Petkov, Georgi Karaneyçev, Georgi Georgiyev, ukraynalılar — Yevgeni Zariçnyuk, Sergey Şapoval, rumıniyalılar — Boqdan Hauşi, erməni Artyom Xaçaturov, çernoqoriyalı Marko Vidoviç, latviyalı Anton Yemelyin və gürcüstanlı Laşa Japaridzedir. Əslində Ermənistan yığmasının üzvü olan Xaçaturov Moldovada doğulub. Ancaq 22 yaşlı müdafiəçi Ermənistan millisində çıxış etməyə üstünlük verib.

Ötən mövsüm 2-ci dəfə gümüş medalları qazanan “Tiraspol” təmsil etdiyi şəhərin digər komandası olan “Şerif”in stadionunda ev oyunlarını keçirir. Bu stadion 13 min 300 tamaşaçı tutumuna malikdir.

“Şiroki Briyeq”

”Qəbələ”nin rəqibi “Şiroki Briyeq” tanış sayılır. Çünki məhz bu komanda 10 il əvvəl də ölkəmizə gəlmişdi. Həmin vaxt “Şiroki Briyeq” Çempionlar Liqasında “Neftçi” ilə görüşmüşdü. Səfərdə baş tutan ilk matçda 2 qol buraxan “Neftçi” yalnız 90-cı dəqiqədə Zaur Tağızadənin fərqlənməsi ilə şansını qorumuşdu. Məhz həmin top da sonda həlledici oldu. Bakıdakı görüşdə Emin Quliyevin qolu sayəsində 1:0 hesablı qələbə qazanan bakılılar mərhələ adlamağa sevinmişdilər. Bu da səfər qolu sayəsində mümkün olmuşdu. Bosniya və Herseqovina təmsilçisi ilə duel “Neftçi” üçün tarixi olub. Paytaxt təmsilçisi məhz 2004-05 mövsümündəki qələbə ilə tarixinə ilk dəfə mərhələ keçib.

“Neftçi” gözləyəcək

Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” gözləmə mövqeyində olacaq. Böyükağa Hacıyevin komandası “Koper” (Sloveniya)  — “Çelik” (Çernoqoriya) cütünün qalibi ilə üz-üzə gələcək. “Neftçi”nin rəqibinin hansı komanda olacağı iyulun 10-da müəyyənləşəcək. Amma rəqibin kimliyinin Böyükağa Hacıyev üçün heç bir əhəmiyyəti yoxdur: “Bu, püşkatmadır, Allahın qismətidir. Yəni buna biz heç bir narazılıq edə bilmərik. Komandalardan hansının bizə rəqib olacağını hələ dəqiq bilmirik. Buna iyulun 10-da aydınlıq gələcək. Şəxsən özüm ya iyulun 3-də, ya da 10-da Sloveniya və ya Çernoqoriyada keçiriləcək görüşlərdən birini izləməyə, oyuna əyani baxmağa hazırlaşıram. İzləyəcəyim görüşdən sonra komandalar haqda tam təsəvvürüm olacaq. Məhz bundan sonra fikir yürütmək mümkündür. Kimin bizə düşməsinin fərqi yoxdur. Biz yenə oyuna yüksək əhvali-ruhiyyədə, qələbə əzmi və mərhələ keçmək istəyi ilə çıxacağıq. Açıq deyim, bu gün bizim az da olsa rəqibdən nə qorxacaq, nə də çəkinəcək yerimiz var. Hər şeydən əvvəl özümüzü fikirləşməli, komandanı oyunlara düzgün hazırlamalıyıq. Bu yöndə də artıq Boluda işlərimiz başlayıb və sona yetmək üzrədir. Yəqin ki, Avstriya toplanışı zamanı bütün bu məsələlərin hamısına yekun vurulacaq”.

”Neftçi” ilk görüşünü evdə keçirəcək. Ancaq Hacıyev bunun onun üçün böyük önəm kəsb etmədiyini izah edib: “İlk oyunu evdə və ya səfərdə keçirməyimizin fərqi yoxdur. Vuranla vurulanın yerini dəyişdikdə hasil dəyişməz. Onsuz da, bu 2 oyun keçiriləcək. Əgər Avropada oynayırsa, bu, zəif rəqib ola bilməz. Deməli, bu komandalar ölkələrində ən yaxşı klublardır. Rəqibləri qiymətləndiririk və hörmətlə yanaşırıq. Bu matçlara çox ciddi hazırlaşacağıq”.

Qeyd edək ki, “Neftçi” ev oyununu iyulun 17-də, cavab matçını isə həmin ayın 24-də keçirəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here