Bizə pislik eləyən də bizik, yaxşılıq eləyən də…

0
405
Onlar nə az-nə çox, qırx il bir yerdə idilər. Biri sahib, biri işçi adlansa da, bir süfrədə yeyib-içir, eyni paltarı geyinirdilər. Ağa-işçi olmaqdan çox, bir-biri üçün darıxan iki dost idilər. Biri ağa, o biri də onun işçisi, yəni dülgər idi. Ev tikirdilər, ağa lazım olan hər şeyi alıb gətirir, dülgər də ev tikirdi. Ağa dülgərin bir istəyini rədd eləməzdi, çünki həm adamlığını bəyənmişdi, həm də işini. Dülgər də bu işdə o qədər usta idi ki, əlindən çıxan hər iş bir sənət əsəri olurdu. Yüzdən çox ev tikmişdi, hər biri də bir-birindən gözəl.
Bir səhər dülgər işə gələndə ağaya belə dedi:

– Mən daha bu işi buraxmaq istəyirəm.

Ağa bir qədər düşündü və dedi:

– Səndən bir son xahişim olsa, qəbul edərsənmi?

Dülgər:

– Buyurun, başım-gözüm üstə, – söylədi.

– Mənə bir ev də tikərsənmi?

– Əlbəttə.

Dülgər işə başladı, amma daha əvvəlki sənətkar deyildi. Fikri, diqqəti bu işindən ayrılmışdı, gedəcəyi yer haqda düşünürdü. Əvvəlki zövqlə çalışmırdı, bircə fikri vardı: evi mümkün qədər tez tikib qurtarmaq. Ona görə də ən gözəl, ən yaraşıqlı və rahat ev tikmək əvəzinə bu zamana qədər tikdiyi evlərin ən pisini, ən bərbadını, ən çirkinini başa gətirə bildi. İş tamam olan kimi ağaya xəbər göndərdi ki, gəlib evi təhvil alsın.

Ağa onun işini həmişə bəyənmişdi, gəldi, heç evə baxmadan çöl qapının açarını cibindən çıxardı və dülgərə verdi:

– Biz uzun illər dost, yoldaş olmuşuq. Bir halda ki, ayrılmaq istədin, daha mən səni tutub saxlaya bilmərəm. Getdiyin yerdə Allah işini avand eləsin. Bu evi tikdirməkdə də istədim ki, məndən sənə yadigar qalsın. Zarafat deyil axı, bu qədər illəri yola salmışıq, dost olmuşuq, amma aramızda inciklik olmayıb. Bu ev sənin səmimiyyətinin mükafatıdır. Açarı al, xeyirli yaşa.

Dülgər çox peşman olmuşdu. Bu sonuncu evin ona veriləcəyini bilsəydi, işində daha ciddi olar və bu zamana qədər tikdiyi evlərin ən gözəlini ucaldardı. Amma daha gec idi, olan olmuşdu. Hər birimiz o dülgər kimiyik. Başqaları üçün tikdiyimizin içində özümüzün yaşayacağımız ağlıma da gəlmir. Ağlımıza da gəlmir ki, yaxşılığı da, pisliyi də hər kəsdən öncə  özümüzə eləyirik. Bizə pislik eləyən də bizik, bizə yaxşılıq eləyən də bizik…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here