“4 klubumuz da mərhələ keçməyə borcludur”

0
282

Azərbaycan klublarının bəziləri üçün yeni mövsümün startı artıq yaxınlaşır. Belə ki, ölkəmizi Avropa liqasında təmsil edəcək “İnter” və “Qəbələ” iyulun 3-dən etibarən mübarizəyə başlayacaq. Ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ” və “Neftçi” isə bundan iki həftə sonra ilk oyunlarına çıxacaqlar. Bununla bağlı dəyərləndirmə aparmaq məqsədilə əsas yığmamızın məşqçisi Aslan Kərimova müraciət etdik.

– “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Valletta” ilə qarşılaşacaq. Ağdam təmsilçisinin Malta çempionu qarşısında şansını necə dəyərləndirirsiniz?

– Hesab edirəm ki, bu cütlükdə favorit “Qarabağ” olacaq. “Valletta”nın adını eşitmişəm və bilirəm ki, Maltanın daim avrokuboklara çıxış edən klubudur. Səhv etmirəmsə, Maltanın öndə gedən klubudur və “flaqman”ı sayılır. Hətta bir ara Malta millisinin bütün futbolçuları həmin komandada cəmlənmişdi. Həm də milli baxımından bu komandaya daha çox diqqət yetirirdilər. Buna görə də hesab edirəm ki, zəif komanda deyil. “Qarabağ”a əməlli-başlı müqavimət göstərəcək. Amma “Qarabağ”ın heyətini bildiyimə görə deyim ki, Ağdam təmsilçisi üstün olacaq. Təmsilçimizin şanslarını yüksək dəyərləndirirəm.

– Ötən mövsüm “Skenderbeu”nun “Neftçi”yə yaşatdığı sürprizi “Valletta” da “Qarabağ”a yaşada bilərmi?

– Sözsüz ki. Belə deyim, Çempionlar Liqasında elə-belə, zəif rəqiblər olmur. Düzdür, reytinq baxımından ola bilər ki, “Qarabağ” onlardan yüksəkdədir. Və ya ola bilsin ki, “Qarabağ” heyətindəki oyunçuların səviyyəsinə görə onları üstələyir. Amma bu, hələ heç nə demək deyil. Ona görə də, komanda oyunu anlayışı var və Malta təmsilçisi də mübarizə aparacaq. İlk oyunu öz meydançalarında keçirəcəklər. Kubok oyunları da elədir ki, vurulan bir qol çox şeyi həll edə bilər. Amma sırf şansları dəyərləndirsək, “Qarabağ” 60 faizlə öndədir.

– Bəs “Tiraspol” — “İnter” cütlüyü barədə nə deyə bilərsiniz?

– Yeri gəlmişkən, elə bir həftə olar ki, mən özüm Moldovadan gəlmişəm. U-15 yığması ilə orada təlim-məşq toplanışı keçdik. Futbol şəraitlərindən danışası olsaq, onlarda bu idman növünə diqqət həddən artıqdır. Milliləri üçün də çox gözəl şərait yaradıblar. “Tiraspol”un yaxşı bazası var. Bu da onu göstərir ki, orada futbola qayğı var. Onlar bu işə əməlli-başlı diqqət ayırırlar. Düşünürəm ki, “İnter”in işi heç də asan olmayacaq. Onu deyim ki, “İnter”in aldığı futbolçulardan xəbərim yoxdur. Dəyişiklik olduğu üçün konkret fikir səsləndirə bilmirəm, çünki oyunlarını görməmişəm. Təlim-məşq toplanışındakı oyunlardan sonra fikir yürütmək olar. Amma iş asan olmayacaq. Şansları 50-50-yə dəyərləndirərdim. Rəqibləri də ən azı onlar qədər mübarizə aparacaqlar. Bilirəm ki, Moldovadakı klublar zəif olmurlar. Yaxşı oynayırlar, ən azı bizim səviyyədədirlər.

– Deyək ki, “İnter” mərhələni keçdi. II təsnifat mərhələsində onları İsveç klubu “Elfsborq” gözləyir. Ötən mövsüm isə “İnter”i Norveç təmsilçisi “Tromse” turnirdən kənarlaşdırmışdı. Bu baxımdan şimali Avropa klubu Bakı təmsilçisi üçün nə dərəcədə başağrısı olar?

– Şimal klubları həmişə öz oyun üslublarına görə seçiliblər. Fiziki baxımdan müəyyən mənada üstün olurlar. Son zamanlar heyətlərinə yaxşı futbolçular cəlb edirlər. Orada özlərini göstərdikdən sonra digər klublardan dəvət alırlar. Onların tərzləri müəyyən mənada fiziki və texniki oyun stilinin qarışığıdır. Ona görə də mən hesab edirəm ki, İsveç klubu çətinlik yaradacaq. Bu mərhələdə artıq asan oyun gözlənilmir. Bu, bütün klublarımıza aiddir. Amma reallıq budur ki, “Tiraspol”la baş tutacaq oyun mümkün “Elfsborq” qarşılaşmalarından fərqlənəcək. Çünki “Tiraspol” “İnter” üçün daha münasib rəqibdir. Onları keçmək daha asan olar, nəinki İsveç klubunu.

– “Qəbələ”nin rəqibi isə “Şiroki Briyeq”dir. “Qəbələ” artıq dünən sifariş etdiyi futbolçuları açıqlayıb. Bu siyahıda hələlik cəmi 16 oyunçu yer alıb. Oyunöncəsi vəziyyət deyəsən heç də ürəkaçan deyil…

– Yeni baş məşqçi var. Hansı futbolçularla, hansı oyun üslubunda oynayacağı hələ məlum deyil. Oyun üslubunu qısa müddətdə komandaya aşılaya biləcəyi də sual altındadır. Bu, vaxt alan məsələdir. Mənim fikrimcə, qısa müddətdə bir az çətinliklər olacaq. Hələ bilinmir ki, taktiki cəhətdən sistem dəyişikliyi olacaq, ya yox. Olacaqsa, sözsüz ki, çətinlik yaranacaq. Belə olan halda “Qəbələ”nin qələbə qazanmaq şansları azalacaq. Onu da nəzərə almaq lazımdır ki, “Qəbələ” avrokuboklara ilk dəfədir qatılır. Bu da onlara çətinlik yarada bilər.

– Əgər “Qəbələ” mərhələ adlaya bilsə, onu II təsnifat mərhələsində “Mlada Boleslav” gözləyir. Bu oyun yəqin lap çətin olacaq…

– Digər klublarımıza nisbətən ən ağır iş “Qəbələ”dədir. Komandanın aparıcı üzvlərindən bir çoxu artıq gedib. Hələ bilinmir ki, gələn oyunçular həmin səviyyədə olacaqlar, yoxsa yox. Yeni gətirilən məşqçiləri pis deyil. Ən azı şərqi Avropadandır və bizim psixologiyamızı az-çox bilir. Az-çox bizim mentalitetimizi bilirlər və onlar da keçmiş sovet respublikaları sırasında olublar. Qərbi Avropadakılar futbolçularına bir az başqa yöndən nəzər yetirirlər. Amma şərqi Avropalılar nisbətən bizə yaxındırlar. Ancaq hansı oyunçunu gətirməsindən asılı olmayaraq, yeni sistem qurmaq üçün vaxt lazım olacaq.

– Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq “Neftçi” “Koper” (Sloveniya) — “Çelik” (Çernoqoriya) cütlüyünün qalibi ilə qarşılaşacaq. “Flaqman” barədə düşüncələriniz necədir?

– Məncə, “Neftçi”nin rəqibi Sloveniya təmsilçisi olacaq. Sloveniya futbolunda son dövrlərdə baş verən dəyişikliklər göz qabağındadır. Amma “Neftçi”nin də işi asan olmayacaq. Çünki heyətdə dəyişikliklər olub və Rəşad Sadiqov artıq gedib. Onsuz da, ötən mövsüm çempionatda enişli-yüksəlişli yol keçmişdilər. Avrokuboklara stabil çıxmayanda uğur əldə etmək çətin olur. Stabil heyət olanda, avrokuboklarda tanımadığın bir rəqibə qarşı oynayanda, bu amil çox kömək edir. Amma yeni yığılan heyət çətinlik çəkir. Çünki rəqiblər də boş dayanmırlar. Onlar da özləri üçün işlər görürlər. Buna görə də ən optimal vəziyyət hələlik “Qarabağ”dadır.

– Yekun olaraq deyə bilərikmi ki, 4 klubumuz da bir mərhələ adlamağa borcludur?

– Tamamilə razıyam. Həm maddi, həm də infrastruktur baxımından dəyərləndirdikdə, 4 klubumuzun hər biri ilk rəqiblərini geridə qoymağa borcludur. Amma bu o demək deyil ki, 100 faiz mərhələ keçəcəklər. Ona görə ki, rəqiblər də elə-belə komandalar deyil. Avropa futbolunda ilk “onluq”da deyilik ki, kiməsə uduzmaq bizim üçün dünyanın sonu olsun.

 

HARUN SADIQLI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here