Ağlabatan məsləhət

0
353

Elə yenicə kompyuter arxasına keçib bugünkü yazı ilə bağlı fikirlərimi cəmləşdirmək istəyirdim ki, telefonum səsləndi. Zəng edən qonşu kəndin sakini, mənimlə səmimi münasibətdə olan Zərbəli idi. Sözün düzü, hörmətsizlik olsa da, bir istədim, ona cavab verməyim. Nədən ki, yazacağım mövzu ilə bağlı fikirlərimin perik düşəcəyindən qorxurdum. Daha gördüm telefon susmaq bilmir, çarəsiz qalıb açdım. Zərbəli salam-kəlamdan sonra adəti üzrə birbaşa zarafata keçdi:

– Qardaş, telefonu yaman gec açdın, olmaya pul sayırdın? Elə isə, bağışla, say qurtar sonra zəng edərəm.

Mən onun bu zarafatını cavabsız qoymaq istəmədim. Odur ki dedim:

– Rəhmətliyin nəvəsi, cibimdə siçanlar oynayır, sən isə başlamısan…

Zərbəli bu dəfə:

– Balam, bu siçanlar bir yerdə oynamalıdır, ya yox? Məgər bilmirsən ki, indi onların da məkanları əllərindən alınıb. Odur ki, boş ciblərə sığınıblar. Vallah, indi iş o yerə çatıb ki, adi hava da sığınmağa bir yer axtarır e…

– Zərbəli, sözlü adama oxşayırsan. Bununla nə demək istəyirsən?

Bu yerdə Zərbəli açdı sandığı, tökdü pambığı…

– Qardaş, yəqin, xəbərin var da… Ötən il bizim kəndə qaz xətti çəkildi, özü də təmtəraqla… İnandırım səni, kənd sakinləri sevinclərindən yata bilmədilər. Amma onların bu sevinci çox çəkmədi. Xeyli vaxtdır ki, xətdə mavi yanacaq yoxdur və nə vaxt olacağı da bəlli deyil. Qarşıdan da qış gəlir. Odur ki, son günlər kənddə bu barədə söz düşəndə belə deyirlər: kəndimizə qaz yox, turba çəkiblər. Bir sözlə, evdə nə vaxt qaz krantını açırsan, mavi yanacaq əvəzinə hava gəlir.

Bu dəfə mən Zərbəlini cırnatmağa çalışdım:

– Qardaş, həmin turba ilə sizə şəhər havası göndərilir də… Daha nə istəyirsən? Axı nə vaxta qədər kənd havası udacaqsan? Kənd havasi demişkən, bir lətifə yadıma düşdü, qoy onu deyim, sonra söhbətimizi davam etdirərik. Deməli, bir gün bir bakılı Şəkiyə gəlir. Maşının təkərinin havası boşalır. Yaxınlaşır təkər təmir edən sexə və hava vurdurur. Sonda soruşur ki, borcum nə qədər edir, şəkili cavab verir ki, 10 manat. Qonaq əsəbiləşir ki, nə danışırsan, mən Bakıda cəmi 1 manata hava vurdururam. Nədən belə baha? Şəkili sakitcə: “Ay qardaş canoo yiyim, niyə hirslənirsən ki? Sən Şəkinin havasıynan Bakinin havasını bir tutursan? Mən sənin təkərinə təmiz Şəki havası vurmuşam eee”… Hə, onu deyirdim axı… Məgər sən həmişə şikayətlənib demirdin ki, bəs filan qədər pul töküb hərdən havamı dəyişməyə şəhərə gəlirəm. Balam, səni bu “zülm”dən qurtarıblar da… Niyə buna şükür etmirsən? Nə vaxta qədər naşükürlük edəcəksən? Heç səndən gözləməzdim. Elə sən o papağını atıb-tut ki, hər şeydən, hər “xidmətdən” pul qoparmağa çalışanlar buna görə sizdən hava pulu istəmirlər. Heç bununla bağlı qəbz də göndərmirlər. Kef edin də… Vallah-billah, bu məsələ ilə əlaqədar müvafiq qurumların adlarını çəkib onları duyuq salmağa belə dəyməz. Nədən ki, qorxuram, bu unikal xidmətə görə sizdən hava pulu tələb edərlər. Yaxşısı budur, sən həmin xətti çəkənlərin şəninə xoş sözlər de.

Deyəsən, bu məsləhətim Zərbəlinin ağlına batdı. Susdu, amma bir neçə saniyədən sonra zarafatyana dilləndi:

– Müəllim, nə yaxşı ki, bizim o turbanın içində sənin cibindəki siçanlar kimi siçanlar oynaşmır e…

… Bir istədim deyəm ki, ay Zərbəli, o siçanlar çəkilmiş o xəttin özü ilə oynaşır, amma dinmədim. Çünki Zərbəliyə verdiyim gül kimi məsləhətimə xələl gələ biləcəyindən qorxdum.