Putin Ukrayna ilə müharibədən vaz keçir

0
504
Prezident Vladimir Putin “Rusiya qoşunlarının Ukraynada istifadə olunmasına dair” Federasiya Şurasının qəbul etdiyi qərarın ləğv olunması üçün Şura sədri Valentina Matvinekonun adına məktub yollayıb. Bu barədə Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin bu addımı Ukraynanın Cənub-Şərqindəki situasiyanın sabitləşməsi üçün atıb. Federasiya Şurasına məktub yolladıqdan dərhal sonra Vladimir Putin Vyanaya səfərə yola düşüb.
Federasiya Şurası Ukraynada Rusiya qoşunlarının istifadə olunmasına verilən icazənin ləğvi ilə bağlı qərarı iyunun 25-də verməlidir. Xatırladaq ki, bu ilin martında Federasiya Şurası Rusiya qoşunlarının Ukraynadakı ictimai-siyasi situasiyanı sabitləşdirmək üçün Prezident tərəfindən istifadə olunmasına icazə vermişdi.

Xatırladaq ki, Putinin bu qərarı verməsindən əvvəl onunla ABŞ Prezidenti Barak Obma arasında telefon danışığı olmuşdu. Telefon danışığı zamanı ABŞ Prezidenti Barak Obama Rusiyanı Ukrayna böhranının həllində konkret addımlar atmağa çağırıb.

B.Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, əks təqdirdə Rusiya yeni sanksiyalarla üzləşəcək.

Ağ evin sözçüsü Coş Ernestin sözlərinə görə, Obama Rusiyanı separatçıların silahla təminatına son qoymağa çağırıb.

 

Ukraynada isə “B” planına

keçid tələb olunur

“Artıq “B” planına keçməyin vaxtıdır. Əks halda, Ukrayna xalqı hər şeyi öz əlinə götürəcək”.

Bu sözləri könüllü “Donetsk” batalyonunun komandiri Semyon Semençenko “facebook” səhifəsində yazıb.

Batalyon komandiri hesab edir ki, terrorçularla barışığı dayandırmaq lazımdır. Onun sözlərinə görə, “Donetsk Xalq Respublikası” terror təşkilatını “vuruşan tərəf” statusuna qədər qaldırmağa çalışacaq və atəş rejimini uzadacaqlar. S.Semençenko atəşkəs rejiminin terrorçulara silahlanmaq üçün vaxt qazandıracağını bildirib.

Xatırladaq ki, Ukrayna Prezidenti Pyotr Poroşenko 21 iyun tarixində atəşkəs rejiminin tətbiq olunması barədə göstəriş verib və “sülh planı”nı açıqlayıb. Eyni zamanda, Poroşenko onların ehtiyat ssenarisinin də olduğunu dilə gətirmişdi: “Sülh ssenarisi bizim əsas – “A” planımızdır”. Amma Ukrayna prezidenti “B”planı haqqında danışmaq istəmədiyini bildirmişdi.

Ötən gün isə “B” planının nədən ibarət olduğu rəsmi şəkildə açıqlanıb. Prezidentin məsləhətçisi Yuri Lusenko qonağı olduğu bir televiziya proqramında bildirib ki, Pyotr Poroşenkonun “B” planı təslim olmayan terrorçuların məhv edilməsindən ibarət olacaq”.

“Prezidentin “A” planı sakit həyat və Ukrayna daxilində sülhə qayıtmaq istəyən Donetsk və Luqansk vilayətlərinin sakinlərinin əksəriyyətinə aiddir. “B”planı isə terrorçulara, ağlın səsinə qulaq asmayanlara, Ukrayna dövlətinə qarşı hərbi hərəkətlərini davam etdirənlərə aiddir”, – Lusenko qeyd edib.

Antiterror əməliyyatlarında iştirak edən könüllü batalyonlar isə atəşkəs rejiminin davam etdirilməsinin əleyhinədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here