“Azərbaycanda bütün fundamental azadlıqlara riayət olunur”

0
294
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri xanım Ann Brassörün dəvəti ilə Fransada işgüzar səfərdə olan Prezidenti İlham Əliyev AŞ PA-nın yay sessiyasının plenar iclasında çıxış edib. 
Ölkə başçısı bildirib ki, Azərbaycanda indi yüksək templə inkişaf gedir və ölkədə islahatlar aparılır: “Bu islahatlar 90-cı illərin ortalarından başlayıb, təxminən elə bizim ölkənin müstəqilliyindən sonra. Müstəqilliyimizin ilk illəri bizim xalqımız üçün faciəyə çevrildi. İqtisadi çətinliklər var idi, siyasi və iqtisadi böhran yaranmışdı, Azərbaycandakı ilk hakimiyyətin ölkəni qeyri-effektiv formada idarə etməsi və bütün bunlar çox ciddi vəziyyətə gətirib çıxarmışdı. Ümumiyyətlə, əsas məsələ bizim dövlətimizin mövcudluğu idi. 90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı”. İ. Əliyev Azərbaycanın könüllü şəkildə Avropa Şurasına qəbul olduğunu və hazırda boyununa götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bildirib: “Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Biz öz istəyimizlə bu təşkilatın üzvü olmaq istəyirdik və bununla ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının bu üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən bu öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiyalar fəaliyyət göstərir. KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir. Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internet və senzuranın olmaması şəraitində biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub. Eyni zamanda sərbəst toplaşmaq azadlıqları da tam şəkildə təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir”.

Ölkə başçısının sözlərinə görə, bütün bunlar ona görə edilmir ki, öhdəliklər yerinə yetirilsin və yaxud beynəlxalq təşkilatlardan müsbət qiymət alınsın: “Sadəcə, biz ölkəmizi müasirləşdirmək fikrindəyik və işlərimizi bu istiqamətdə aparırıq. Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz… Bununla yanaşı, bizim ölkədə din və etiqad azadlığı mövcuddur, bu da bizim əsas uğurlarımızdan biridir. Bizim cəmiyyətimiz multietnik və çoxmillətlidir, müxtəlif dinlərin təmsilçiləri dinc və əmin-amanlıq şəraitində birgə yaşayır. Bu, əsrlər boyu belə olub. Multikulturalizm də bizim üçün prioritet təşkil edən məsələlərdəndir. Biz Avropa Şurasındakı sədrliyimiz dövründə fəaliyyətimizi bu məsələnin üzərində də cəmləşdirəcəyik. Çox təəssüf ki, indi dünyanın bir çox bölgəsində, istər bizim qonşuluğumuzda, istərsə də Yaxın Şərq regionunda müəyyən narahatlıq yaradan tendensiyalar mövcuddur. Bunlar bölücülük və nifrət kimi tendensiyalardır. Biz bu problemləri həll etməliyik”.

İ.Əliyev Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərindən birinin də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların həyata keçirilməsi olduğunu qeyd edib: “Bunlardan əsası BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrdir. Lakin praktikada bunların heç birisi həyata keçirilmədi. Buna görə də, fikrimcə, beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Yoxsa bu qətnamələr öz mövcudluğunu və əhəmiyyətini itirəcək. Biz tövsiyə edərdik ki, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilsin. Bu, çox əhəmiyyətli məsələdir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here