Mingəçevirdə keçirilən tədbirlərin birində bir qadın diqqətimi daha çox cəlb etdi. Onunla maraqlandım. Onu tanıyanlardan biri mənə dedi ki, bəs həmin qadın Qarabağda gedən döyüşlərin iştirakçısı olub. Tədbirdən sonra ona yaxınlaşıb, özümü təqdim etdim. O da çox səmimi şəkildə: “Mən də Aygün Tahirovayam”, – dedi. Az sonra aramızda yaranan isti münasibəti boşa vermək istəmədim. Odur ki, məni düşündürən suallarla ona müraciət etdim.
Aygün xanımla söhbətdən aydın oldu ki, o, hələ Qarabağ münaqişəsinin ilk günlərindən, daha doğrusu, 1988-ci ildən öz fəallığı ilə seçilib. Belə ki, Aygün xanım Qarabağ zonasına yardım aparar, orada paylayardı. Dediyinə görə, həmin yardımları o zaman Moskvada çalışan qardaşlarının vəsaiti hesabına alardı. Lakin ermənilərin törətdikləri Xocalı soyqırımından sonra onda düşmənə qarşı o qədər nifrət yaranır ki… nəticədə o özü də silaha sarılmaq qərarına gəlir. Elə bu niyyətlə də o, Mingəçevirdə könüllülərdən təşkil olunmuş 235-ci batalyona yazılmaq istəyir. Amma onu əvvəlcə könüllü kimi qəbul etmək istəmirlər. Niyəsinə isə Aygün xanımın sözləri ilə aydınlıq gətirək: “Həmin batalyondakı uşaqların bir qismi qardaşlarımın dostları idi. Odur ki, onlar məni bu yoldan daşındırmağa çalışdılar. Amma mən iki uşaq anası olsam da, fikirimdən dönmədim, daha qətiyyətli oldum. Necə deyərlər, iki ayağımı bir başmağa dirəyib dedim ki, Xocalı faciəsindən sonra özümə yer tapa bilmirəm, bəs mən də erməni qaniçənlərinə qarşı vuruşmaq istəyirəm. Yeri gəlmişkən, onu da deyim ki, mən Ağdama yardım apararkən oranın məscidinə gətirilən Xocalı qurbanlarını öz gözlərimlə görmüşdüm. Uzun sözün qısası, çox mübahisələrdən sonra məni (mən onda “Mingəçevir Azsantexmontaj”da mühasib vəzifəsində çalışırdım) 1992-ci ilin martın 3-də məni Tərtər tərəfə yolladılar. Burada döyüş hazırlığı keçdim. Ondan sonra da döyüşlərə atıldım. Döyüşlərin birində batalyonumuzdan 7 nəfər şəhid oldu. Ermənilər şəhidlərimizin cəsədlərini belə yandırdılar. Bütün çətinliklərə rəğmən, onların cəsədlərini ünvanlarına göndərə bildik. Vallah, indi ermənilərin törətdikləri vəhşiliklərindən söz açanda ətim ürpəşir, tüklərim biz-biz olur”.
“Bir qadın kimi bu işləri görmək, düşmənlə üz-üzə dayanmaq sizə çətin deyildimi?” sualına isə Aygün xanım belə cavab verdi: “Əsla. Axı mən cəbhəyə könüllü getmişdim, kimsə məni məcbur etməmişdi. Çətinlikdən qorxan şəxs isə heç zaman belə bir addım atmaz. Bir də sizə bir söz deyim: hər bir ağac kökündən, yetişdiyi torpaqdan, içdiyi sudan güc alaraq qol-qanad atır. İnsan da belədir, o da öz soykökündən, əsil-nəcabətindən nümunə götürür. Bizim də nəsildə vətənpərvərlik hissi həmişə çox yüksək olub. İnsanlara kömək etmək, onların dərdinə şərik çıxmaq bizim nəslin həyat devizi olub”.
Aygün xanım həmçinin vurğuladı ki, o, Aşağı Çaylı, Yuxarı Çaylı deyilən yerlərdə, həmçinin Ağdərə istiqamətində kişilərlə bərabər düşmənə qarşı döyüşüb və öz qorxmazlığı ilə seçilib. Elə bu qoçaqlığına görə də ona döyüşçü yoldaşları “Reket” ləqəbini veriblər. Yeri gəlmişkən, Aygün xanım bu gün də bir zamanlar onunla birgə döyüşlərə atılmış şəxslərlə görüşür, şəhid olmuş yoldaşlarını isə böyük ehtiramla yad edir.
Sərsəngdə başından ağır yaralandığını bildirən Aygün xanımın sözlərinə görə, o, bir müddət Tərtərdə müalicə olunub. Daha sonra isə müalicəsini davam etdirmək məqsədi ilə Moskvaya – qardaşlarının yanına gedib: “Elə indi də müalicəmi davam etdirirəm”.
52 yaşlı Aygün xanım söhbətini bu sözlərlə tamamladı: “Buna rəğmən Ali Baş Komandanın əmri ilə döyüşlərə getməyə hər an hazıram”.
Esmira Hidayətova