Ümumdünya Turizm günü qeyd olunub

0
198

27 Sentyabr – Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Bu il əlamətdar gün həmçinin Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı müvafiq sərəncama uyğun olaraq ilk dəfə Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd edilir.

Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-də “Holiday İnn” hotelində “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa təşkil olundu.

Dəyirmi masadan öncə mətbuat konfransı keçirildi. Mətbuat konfransında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramı münasibəti ilə təbriklərini çatdırdı. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın həyata keçirilməsində görüləcək işlərdən danışdı. Nazir sonda jurnalistlərin suallarını cavablandırdı.

Qeyd edək ki, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı tərəfindən təsis edilən bu gün 1980-ci ildən bir çox ölkələrdə qeyd olunur. Əlamətdar günün məqsədi turizmin təbliği, dünya iqtisadiyyatında rolunun diqqətə çatdırılması, bu vasitə ilə müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsidir. Ümumdünya Turizm Günü hər il müəyyən bir deviz altında qeyd olunur, bu il “Hamı üçün turizm” devizi seçilib.