Bakıdan bölgələrə turist axını başlayıb…

0
314
Türkiyənin Antalya bölgəsində fəaliyyət göstərən 270 beşulduzlu otelin əksəriyyətində yerlərin 80-90 faizi dolub. Türkiyə mətbuatının yaydığı məlumata görə, buraya üz tutan turistlər arasında rusiyalıların sayı həmişəki kimi daha çoxdur. Bildirilir ki, rus rublunun dəyərdən düşməsinə, Rusiya ilə Ukrayna arasında yaşanan böhrana baxmayaraq, rusiyalılar kef-damaqlarından qalmırlar; bu il də tətillərini Antalyada keçirirlər. İstirahət üçün qardaş ölkəyə üz tutanlar arasında soydaşlarımız da kifayət qədərdir. Buna səbəb ölkə daxilində turizm xidmətlərinin qiymətlərinin kifayət qədər yüksək olmasıdır. Nəticədə soydaşlarımız daha sərfəli məkanlara üz tuturlar. Bundan başqa, Türkiyənin Azərbaycanla qonşu olması, orada göstərilən turist xidmətlərinin keyfiyyətinin yüksək olması, dilin eyni olması da turistlərimizi cəlb edən amillərdəndir…
5 istiqamətdə turizm marşrutları təklif olunur

Bununla belə, bölgələrimizdə də turistlərin qəbulu üçün kifayət qədər işlər görülüb və görülməkdədir. Belə rayonlardan biri də Göygöldür. Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin yaydığı məlumata görə, əsrarəngiz gözəlliyi və bənzərsiz təbiəti ilə insanları valeh edən Göygöl rayonunda hər il olduğu kimi, bu yay mövsümündə də turistləri qəbul etmək və onlara yüksək xidmət göstərmək üçün geniş hazırlıq işləri aparılıb. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, rayona gələn qonaqlara 5 istiqamətdə turizm marşrutları təklif olunur: “Onlar həmin marşrutlarla hərəkət edərək, həm təbiət gözəlliklərini seyr edir, həm də tarixi yerlərlə tanış olurlar. Sevindirici haldır ki, rayona gələn turistlərin sayında hər il artım müşahidə olunur. Ötən yay mövsümündə rayonda 18 min turist dincəlib. Bu il isə bu rəqəmin 20 minə çatacağı gözlənilir. Bunun da əsas səbəblərindən biri rayon mərkəzində, eləcə də dağlıq ərazilərdə yerləşən kənd və qəsəbələrdə aparılan abadlıq və quruculuq işlərinin genişləndirilməsidir. Hazırda rayonda yeni otelin inşası sürətlə davam etdirilir. Bundan başqa, istirahət zonalarında mövcud olan bir neçə istirahət mərkəzində də abadlıq işləri aparılıb”.

 

Turistlər daha çox 3 regionda istirahətə üstünlük verirlər

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirir ki, Azərbaycanda 6-7 turizm regionu olsa da, turistlər daha çox 3 regionda istirahətə üstünlük verirlər. Bunlar şimal-şərq (Quba, Qusar, Xaçmaz, Nabran), şimal-qərb (Şamaxı, Qəbələ, Şəki, Zaqatala) və cənub zonasıdır (Lerik, Astara, Masallı).

Statistikaya görə, turistlər daha çox şimal-şərq rayonlarına səfər edirlər. Bu siyahıda ikinci yeri şimal-qərb, üçüncü yeri isə cənub rayonları tuturlar.

Bəs bölgələrdə 1 həftəlik istirahət təxminən neçəyə başa gəlir? Turizm şirkətlərinin açıqlamalarına görə, regionlarda fəaliyyət göstərən dördulduzlu hoteldə 2 nəfərlik otaqlarda bir gün gecələməyin qiyməti 60-70 manatdır. Belə hotellərdə yerləşdikdə bir nəfərin 1 həftəlik istirahəti, yemək xərcləri ilə birgə, 300-400 manata başa gəlir. Beşulduzlu hotellərdə 2 nəfərlik otaqlarda isə 1 gün gecələməyin qiyməti 100-150 manatdan başlayır. Bu hotellərdə bir nəfərin 1 həftəlik istirahətinin qiyməti təxminən 500 manatdan başlayır.

Kotteclərdə günü 40 manata…

Azərbaycan Turizm Assosiasiyasının əməkdaşı Müzəffər Ağakərimov Azərbaycanın bölgələrində üçulduzlu hotellərə ehtiyac olduğunu söyləyib. Onun fikrincə, bu cür hotellərin sayı artsa, qiymətlər də enəcək: “Çünki hotellər arasında rəqabət yaranacaq. Onda da hotellərdə qiymətlər aşağı düşəcək”.

Amma bu fikrin reallığa uyğun olması bir qədər inandırıcı görünmür. Söhbət ondan gedir ki, bir vaxtlar ölkəmizdə beşulduzlu otellərin sayı az olanda rəsmilər bildirirdilər ki, otellərin sayı artdıqca qiymətlər də ucuzlaşacaq. Amma illər ötdü, otellərin sayı birəbeş artdı, qiymətlər isə ucuzlaşmadı, əksinə, bir qədər də bahalaşdı…

Amma nisbətən ucuz xidmət obyektləri də var ki, orada kotteclərdə qiymətlər nisbətən ucuzdur. Məsələn, Qubadakı  “Çənlibel” restoranının həyətində yerləşən kotteclərdə günü 40 manata qalmaq mümkündür. Amma buraya yemək daxil deyil. Bizi kotteclərlə tanış edən restoran əməkdaşı belə dedi. Kotteclərdə 2 nəfərlik çarpayı, hamam, televizor, kondisioner var. Kottec 2 nəfərlik olsa da, otaq şəraiti böyük olduğundan eyni vaxtda 3-4 nəfərin də qalmasına icazə verilir. Buna görə əlavə pul tələb olunmur.

 

Birgünlük gecələmə 150 manat

Azərbaycan Turizm Assosiasiyasının məlumatına görə, günü 40-50 manata əsasən şimal və şimal şərq zonasında dincəlmək mümkündür. Lakin qurumda da hesab edirlər ki, yeməklərin qiymətləri xeyli bahadır: “Yerlərdə turist obyektləri turistləri maraqlandıran əlavə xidmətlər – müxtəlif ekskursiyalar, əyləncəli proqramlar təşkil etməlidirlər. Turistləri cəlb etmək ancaq yemək və yatmaqdan ibarət deyil. Yerlərdə turistləri maraqlandıran dequstasiyalar, çay dəsgahları təşkil oluna bilər”. Məsələn, Qəbələdə şərab, Şəkidə şirniyyat dequstasiyası etmək olar”.

Azərbaycanın bölgələri arasında beşulduzlu hotellərin ən çox olduğu rayon Qəbələdir. Bu rayonda 3 böyük beşulduzlu hotel yerləşir. Ancaq burada da hotellərin bir otağında birgünlük gecələmə 150 manatdır. Əksər hallarda yerli turistlər həftənin cümə, şənbə və bazar günlərində yerli hotellərdə dincəlirlər. Ancaq turistlərin əksəriyyəti hesab edir ki, yerli hotellərdə hər zaman dincələ bilərlər. Buna görə də yay aylarında götürdükləri uzunmüddətli əmək məzuniyyətini xaricdə dincəlməyə sərf etməyə üstünlük verirlər.

 

“Şahdağ”da şahanə istirahət, amma pulu olanlara…

“Şahdağ” Qış-Yay Turizm Kompleksində yay mövsümünə başlanılıb. Bu istirahət mərkəzində turistlər üçün 12 növ müxtəlif əyləncə və idman oyunları nəzərdə tutulur. Burada yeni başlayanlar, eləcə də daha təcrübəli turistlər üçün çoxlu sayda dağ gəzintiləri təşkil edilir. Yalnız ailə və ya dostlarla gəzmək istəyənlər fərdi gəzintilər sifariş verə bilərlər.

Turizm kompleksində uşaqlar və böyüklər üçün gəzintidən həzz almaq imkanı da yaradılıb. Qısa təlimatdan sonra gəzinti xüsusi olaraq müəyyənləşdirilmiş cığır çərçivəsində həyata keçirilir. Kompleksdə bacarığa uyğun olaraq, müxtəlif ərazilərdə və ya dağdan aşağıya doğru velosiped sürməklə gözəl dağ mənzərələrindən zövq almaq imkanı yaradılıb. İstirahət mərkəzində kiçikyaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənmələri üçün 3 yırğalanan qala mövcuddur. İyulun 1-dək istirahət mərkəzində peyntbol, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idmanı üzrə də xidmətlərin təşkili nəzərdə tutulur. Qeyd edək ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksində yay mövsümünə sentyabr ayında yekun vurulacaq. NICAT İNTIQAM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here