SOCAR… imtina etməyib

0
322

Dünya bazarında neftin qiymətinin azalmasına baxmayaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) heç bir layihəsindən imtina etməyib. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev 20 sentyabr – Neftçilər günü münasibətilə keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, həyata keçirilən layihələrin başa çatdırılması ölkəyə milyardlarla dollar gəlir gətirəcək.

R.Abdullayev neft-qaz sektorunda çalışanları peşə bayramı münasibətilə təbrik edib, 22 il öncə imzalanmış, “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin əhəmiyyətindən, bu illərdə qazanılan uğurlardan danışıb. O, həmçinin “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə sazişin 20 illiyinin qeyd olunduğunu, yataqdan indiyədək 75 mlrd.kubmetr qaz, 19 mln.ton kondensat hasil edildiyini, hazırda “Şahdəniz-2″ layihəsi üzrə işlərin qrafikə uyğun uğurla irəlilədiyini qeyd edib.

SOCAR prezidenti şirkətin ölkədə və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələrdən də danışıb, rəhbərlik etdiyi şirkətin aktivlərinin 40 mlrd.manata çatdığını bildirib.

BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edib və BP-SOCAR əlaqələrinin tarixindən, hazırkı vəziyyətindən, inkişafından bəhs edib.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə gətirdiyi uğurlardan danışıb. V.Ələsgərov qeyd edib ki, Azərbaycan bu gün təkcə neft ölkəsi kimi deyil, o cümlədən öz qazı ilə regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək bir ölkə kimi də tanınır.

Milli Məclisin sədr müavini bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ərsəyə gələn “Cənub Qaz Dəhlizi” Xəzərin Azərbaycan sektorundakı qaz yataqlarından hasil olunacaq qazın Avropaya nəqlinə imkan verəcək.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə əlamətdar gün münasibətilə 70 minlik neftçi ordusunu təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademik “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb. Azərbaycanın bu sahədə qazandığı uğurların neftçilərin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlandığını deyən X.Yusifzadə bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.

Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə  bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdi. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.