Aral fəlakəti davam edir

0
246
SSRİ-dən miras qalan və nəinki Orta Asiyanın, həm də dünyanın ən ağrılı problemlərindən biri olan Aral gölü ilə bağlı problemlər aktual olaraq qalmaqda davam edir.

 Hələ ötən əsrin 80-ci illərində Aralın quruması və onun ekoloji fəlakətə səbəb olacağı ilə bağlı qaldırılan həyəcan siqnalı və bunun qarşısını almaq üçün həyata keçirilən tədbirlər faktiki olaraq yarımçıq qalıb. Buna da səbəb, ilk növbədə, Aralın xilas edilməsi üçün külli miqdarda maliyyə vəsaitinə ehtiyac duyulması oldu. Aralın xilası üçün hazırlanan müxtəlif layihələr, o cümlədən Sibir çaylarının Arala axıdılması və digər tədbirlər məhz maliyyə çatışmazlığı ucbatından yarımçıq qaldı. Xatırladaq ki, 1988-ci ildə Aralın qurumasının qarşısını almaq məqsədi ilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Kabineti tərəfindən qəbul edilən qətnamədə 2005-ci ilə kimi Arala müxtəlif mənbələrdən daxil olacaq suyun miqdarını 21-25 milyard kubmetrə çatdırmaq nəzərdə tutulmuşdu. Amma bu da az hesab edilirdi. Belə ki, mütəxəssislərin hələ o dövrdə apardığı hesablamalara görə, Aralın qurumasının qarşısını almaq və onu əvvəlki səviyyədə saxlamaq üçün  ona ən azı 60 milyard kubmetr su axıtmaq lazım idi.

SSRİ-nin dağılması səbəbindən o dövrdə Kreml tərəfindən Aralın xilas edilməsi məqsədi ilə bağlı həyata keçirilən tədbirlər yarımçıq qaldı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Orta Asiyada yaranan müstəqil dövlətlər. o cümlədən əsas Aralın sahibləri hesab edilən Qazaxıstan və Özbəkistan gölün xilası problemi ilə məşğul olmağa başladılar. Bu məqsədlə 1993-cü ildə 5  Orta Asiya dövlətinin iştirakı ilə Aralın xilas edilməsi ilə bağlı beynəlxalq fond yaradıldı. Onun prezidenti isə Qazaxıstan rəhbəri Nursultan Nazarbayev seçildi. İlk vaxtlar Aralın xilas edilməsi ilə bağlı bu fond tərəfindən müəyyən tədbirlər həyata keçirildi.

Amma hadisələrin gedişi göstərdi ki, Özbəkistan və Qazaxıstan beynəlxalq yardım olmadan bu işin öhdəsindən gələ bilməyəcəklər. Belə ki, əgər 1993-cü ildə bu fond yaradılarkən Aralın ərazisi 36 min kvadratkilometr idisə, son 20 ildə göl qurumaqda davam edərək sahəsi 3 dəfədən də çox azalaraq 11 minkvadrat kilometrə düşüb. Aralın sürətlə qurumasına səbəb isə Sırdərya və Amurdərya caylarının keçdiyi ərazilərdə yeni suvarma kanallarının işə salınması oldu. Məsələn, hər il Türkmənistanda yeni suvarma kanallarının istifadəyə verilməsi Arala su axınını ildən-ilə azaltmaqdadır. Qazaxıstan, öz növbədə, Aralın özünə aid olan hissəsini dambalarla gölün digər hissəsindən ayırmaqla oranı qurumağa qoymamağa çalışır. Amma bu da istənilən nəticəni, hələlik, verməməkdədir. Çünki Qazaxıstanda da Arala axan çaylardan müxtəlif məqsədlər üçün istifadə edilməkdədir. Belə ki, təkcə Qızılorda vilayətində əkilən geniş çəltik sahələri hər il  on milyard kubmetrdən çox su udur. Qazaxıstanda isə çəltik sahələrinin həcmi ildən-ilə genişləndirilir. Eyni sözləri su çox tələb edən Özbəkistan və Türkmənistanın pambıq sahələri haqqında da demək olar. Vəziyyətdən çıxış yolu kimi adıçəkilən ölkələrin çəltik və pambıq sahələrinin azaldılması ola bilər. Amma Qazaxıstan, Özbəkistan və Türkmənistan çətin ki, bununla bağlı addımlar atsınlar. Çünki adı- çəkilən ölkələr tərəfindən pambıq və çəltik sahələrinin azaldılması onların milyardlarla dollar itirməsi demək olacaq. Adıçəkilən ölkələr isə çətin ki, bununla barışsınlar. Bu isə, öz növbəsində, Aralın quruması ilə bağlı həyata keçirilən cüzi tədbirlərin heç bir əhəmiyyətinin olmadığını ortaya çıxarır.

Bununla belə, bütün hallarda Qazaxıstan və Özbəkistan da daxil olmaqla bütün Orta Asiya respublikaları, o cümlədən qonşu ölkələr Əfqanıstan və İran da Aralın qurumasının gətirdiyi ekoloji fəlakəti və onun vurduğu milyardlarla dollar zərəri öz üzərlərində hiss etməkdədirlər. Belə ki, Aralın quruması nəticəsində külək duzu havaya qaldıraraq minlərlə kilometr uzaqlara aparmaqdadır. Bu müstəvidə də son illərdə Əfqanıstana və bəzi ölkələrə “duz yağışı”nın yağması nəticəsində minlərlə hektar əkinə yararlı münbit sahələr şoranlaşmaya məruz qalıb.

 Konkret olaraq, aralətrafı ərazilərə, o cümlədən Özbəkistanın tərkibindəki Qaraqalpakstana gəlincə, adıçəkilən ölkə də gölün quruması ilə bağlı əsl ekoloji fəlakət yaşanmaqdadır. Belə ki, Aralın quruması nəticəsində Qaraqalpakstan insan yaşamayan əraziyə çevrilməkdədir. Qeyri-rəsmi məlumatlara görə, Qaraqalpakstanın əkinəyararlı sahələrinin yarıdan çoxu küləyin Araldan gətirdiyi “duz yağışı” nəticəsində sıradan çıxıb. Yerli əhali arasında, öz növbəsində, müxtəlif bronxial xəstəliklərin yayılması geniş vüsət alıb. Nəticədə duzlaşmaya məruz qalan ərazilərdən on minlərlə adam ölkənin digər ərazilərinə köç etməyə məcbur olub. İlkin hesablamalara görə, Aralın quruması nəticəsində təkcə Qaraqalpakstana təxminən 50 milyard dollardan artıq zərər dəyib. Eyni sözləri Qaraqalpakstana qonşu olan  Türkmənistan haqqında da demək olar. Bu ölkə də güclü küləyin Araldan gətirdiyi “duz yağışı”na məruz qalmaqdadır. Nəticədə də hər il yüzlərlə hektar əkinəyararlı torpaq sahəsi duzlaşmaya məruz qalaraq, istifadəyə yararsız hala düşür. Aralın quruması hətta Orta Asiyanın dağlıq ölkələri hesab edilən Qırğızıstan və Tacikistanda belə, hiss  edilməkdədir. Güclü küləyin gətirdiyi “duz yağışları” Qırğızıstan və Tacikistanın bəzi yerlərində meşələrin qurumasına, çaylarda isə duzluluğun artmasına gətirib çıxarıb. Bunun isə regionun əsas su təchizatçısı funksiyasını yerinə yetirən Qırğızıstan və Tacikistanda gözlənilməz ekoloji fəlakətlərə yol aça biləcəyi istisna edilmir.

Belə başa düşmək olar ki, faktiki olaraq, Aral taleyin umuduna buraxılıb. Çünki artıq Aralın quruyan hissələrində neft-qaz, o cümlədən qiymətli metalların axtarışlarına başlanılıb. Belə hesab edilir ki, Aral və aralətrafı ərazilər neft-qaz və dicər faydalı qazıntılarla zəngindir. Necə deyərlər, Aralın faciəsi davam etməkdədir və bunun qarşısı alınmayacağı təqdirdə, Orta Asiya və onlara qonşu ölkələr gölün qurumasının gətirdiyi ən ağır ekoloji fəlakətlərlə, aclıq, xəstəlik təhlükəsi ilə üzləşəcək, eyni zamanda bölgə dövlətlərinin əhalisi regionu tərk edərək digər yerlərə kök etmək kimi qorxulu problemlərlə üz-üzə qalacaqlar.  ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here