Yan Sikora ən erkən qol müəllifi oldu

0
226

Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu Bakıda yenilənib. Bu, Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da “Qarabağ”la Çexiya “Slovan”ı arasında keçirilən ilk tur matçında qeydə alınıb. Çexiya klubunun futbolçusu Yan Sikoranun 10.69-cu saniyədə vurduğu qol Avroliqanın ən erkən qolu kimi tarixə keçib. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevrilib.
Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın “Sevilya” və “Vilyarreal” klubları arasında keçirilmiş səkkizdəbir final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.
Avropa kuboklarında isə rekordun müəllifi Almaniya “Bavariya”sının sabiq hücumçusu Roy Makaya məxsusdur. Hollandiyalı forvard 2007-ci il martın 7-də İspaniya “Real Madrid”i ilə Çempionlar Liqasının səkkizdəbir final matçının 10-cu saniyəsində fərqlənib.
Avropa Liqasının ən sürətli qolları:

10.69 saniyə – Yan Sikora (“Qarabağ” – “Slovan” – 2:2) 15/09/2016
13.21 saniyə – Vitolo (“Vilyarreal” – “Sevilya” – 1:3) 12/03/2015
15.19 saniyə – İsmael Blanko (AEK – BATE – 2:2) 05/11/2009
16.88 saniyə – Keyta Balde (“Ludoqorets” – “Latsio” – 3:3) 27/02/2014
18.18 saniyə – Xuan Mata (“Valensiya” – “Brügge” – 3:0) 25/02/2010
19.19 saniyə – Serxio Aquero (“Mançester Siti” – “Portu” – 4:0) 22/02/2012