Futzal millimiz Afrika çempionuna 5:0 hesabı ilə qalib gəlib

0
279

Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsi keçirilir. Futzal tarixində ilk dəfə mundialda iştirak edən Azərbaycan millisi Afrika çempionuna 5:0 hesabı ilə qalib gəlib.Oliveira Villiams De Naskimentonun het-trik etdiyi oyunda hərəyə 1 dəfə Everton Cardoso və Thiago Bolinha fərqlənib.
Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Mərakeş – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Milton Luis Ziller Junior (Azərbaycan millisinin baş məşqçisi): “Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir. Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.
Hicham Dguig ( Mərakeş millisinin baş məşqçisi): “Birinci hissədə daha yaxşı oynadıq. Hesab açıldıqdan sonra oyun intizamımız pozuldu. Çalışdıq ki, buraxılan qolun əvəzini çıxaq. Bunun üçün şansımız da oldu. Təəssüf ki, yararlana bilmədik. Sonra müəyyən dəyişikliklərə əl atdıq. Amma taktiki gedişlərimiz faydasız oldu. Futzalın maraqlı cəhətlərindən biri də budur. İlk oyun bizim üçün çox vacib idi, əfsus ki, ikinci hissədə dönüş yarada bilmədik. Qapıçımızın zədələnməsi də komandaya pis təsir etdi. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.
Millimiz çempionatda “F” qrupunda İran, Mərakeş və İspaniya yığmaları ilə mübarizə aparır. Yığmamız ilk oyununda sentyabrın 13-də Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Afrika çempionu Mərakeş futzalçıları ilə qarşılaşıb.
Anqolalı baş hakim Jose Katemonun idarə etdiyi və komandamızın üstünlüyü ilə keçən görüşdə Azərbaycan milli komandasının heyətində Vassura het-trik edib, Qallo və Tyaqo Bolina isə hərəyə bir dəfə fərqləniblər. Beləliklə, Azərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsində Afrika çempionunu 5:0 hesabı ilə məğlubiyyətə uğradaraq turnirə qələbə ilə başlayıb.
“F” qrupunun digər görüşündə isə İran və İspaniya üz-üzə gələcək.
Yığmamız ikinci oyununu sentyabrın 16-da ikiqat dünya çempionu İspaniyaya, qrupun son görüşünü isə sentyabrın 19-da Asiya çempionu İran komandasına qarşı keçirəcək.
Ümumilikdə dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparacaq. Qrupda ilk iki pilləni tutanlar və ən yaxşı üçüncü yerin sahibi olacaq dörd komanda səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.
Dünya çempionatının qalibi oktyabrın 1-də müəyyənləşəcək.