“Neftçi”nin xilas yolu

0
481

“Neftçi”nin “Qəbələ”yə 0:8-lik biabırçı məğlubiyyətindən sonra gözlənilən oldu. Müşahidə Şurası yığışdı, toplantı keçirdi, bəzi “vacib” qərarlar qəbul etdi. Daha sonra onu beş bəndə bölüb tirajladılar.
Birinci bənddə yazıblar ki, “Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməmişdir”. Burda qeyri-adi nə var ki? Sizdən başqa hamı neçə vaxtdır bu fikri deyir. Lakin siz şura və rəhbərlik ollaraq bunu qəbul etmirdiniz. 0:8-dən sonra qəbul etməməkdən başqa çarəniz qalmadı.
İkinci bənddə yazıblar ki, “Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməmişdir. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq”.
Çox gülməlidir. Bəli, futbolu az-çox bilən adamlar həmin transferlərin zay olduğunu gözəl görür. Mən özümü futbol bilicisi və mütəxəssisi saymasam da, AZAL-la ilk tur matçında Katalin Tiranın topa ilk toxunuşunu görəndə dedim ki, bundan “Neftçi”yə futbolçu olmaz. Amma gülməli olan odur ki, bir həftə bundan qabaq “yeni futbolçularımız səviyyəlidir, bizə yeni qoşulublar, onlara komandaya uyğunlaşmaq üçün zaman lazımdır” deyənlər, bir həftə sonra həmin transferləri qeyri-qənaətbəxş sayır. Yaxşı ki, bunu etiraf etdiniz. Etiraf etdiniz etməyinə, amma nə olsun? Neyləyəcəksiniz, həmin transferləri komandadan göndərəcksiniz? Hünəriniz çatır göndərin. Hamısının müqaviləsi var və güldən ağır söz deyə bilməzsiniz. Əks halda, UEFA-ya şikayət edib sizi çarmıxa çəkdirərlər. Zəhmət çəkin, səriştəsizliyinizin qarşılığını bu futbolçularla oynamaqla ödəyin.
Bundan başqa, transferlərin reallaşmasında rolu olan şəxslərin cəzalanacağı və vəzifəsindən kənarlaşdırılacağını deyirsiniz. Elə isə yadınıza 10 gün bundan qabaq keçirdiyiniz toplantıdan sonra yaydığınız bəyanatdan bir cümlə xatırladım: “Müşahidə Şurası komandanın idman nəticələrinə görə birbaşa məsuliyyət daşımır. Müşahidə Şurasının məsuliyyət dairəsinə klubun strategiyası, TRANSFER SİYASƏTİ və idman prinsiplərinin təsdiqi daxildir”.
Özünüz öz dilinizlə demisiniz ki, Müşahdə Şurasının məsuliyyət dairəsinə transfer siyasəti də daxildir. Demək ki, uğursuz transferlərdə birbaşa həm də Müşahidə Şurası məsuliyyət daşıyır. Elə isə özünüzə niyə cəza kəsmirsiniz? Şuranın məsuliyyət daşıdığınızı deyib yalnız baş məşqçini niyə istefaya göndərirsiniz?
Keçək, üçüncü bəndə. Deyirsiz ki, “Neftçi” PFK-nın hazırki əsas heyətində ciddi islahatlar aparılacaq”. İslahat aparıb neyləyəcəksiniz? Dünyanın hansı ölkəsində özünə peşəkar deyən klub 4 turdan sonra əsas heyətdə ciddi islahat aparır? Ciddi islahat odur ki, heyət yenilənir, ümidləri doğrultmayan futbolçular göndərilir, onların əvəzinə yeniləri alınır. Bu cür islahatlar isə adətən yay və qış transfer dönəmlərində olur. Çempionatın qızğın vaxtı islahat aparıb kimi komandadan göndərəcəksinz? Deyək ki, yığdınız 5-6 nəfəri göndərdiniz əvəzedici komandaya. Onların yerinə kimləri oynadacaqsınız? Transfer pəncərəsi də 11 gündür bağlanıb. Bu da belə getdi.
Dördüncü bənddə isə “Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək” yazılıb. Birincisi, ayın-günün bu vaxtı səviyyəli məşqçini hardan tapmayacaqsız, çünki hamısı məşğuldu. Bekar, amma bahalı məşqçiyə də deyəcəksiniz ki, büdcəmiz çatmır. Həm deyək ki, məşqçi tapdınız. Bu, nəyi dəyişəcək? 100 faiz məlumdur ki, yeni baş məşqçi kimliyindən asılı olmayaraq qışa kimi olacaq nəticələrə görə məsuliyyət daşımayacağını deyəcək. Deyəcək ki, bu heyəti mən yığmamışam, ona görə də onların oyununa görə məsuliyyət daşımıram. Klassik nömrə. İtirən isə yenə klub olacaq.
Nəhayət, beşinci bənddə yazmısız ki, “Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək”.
Yenə özünüzün 10 gün bundan qabaqkı toplantınızdan sonra yaydığınız bəyanatdan bir cümlə xatırladacam: “Hazırda futbolçulara verilməli olan SON 2 AYIN MAAŞI və keçmiş futbolçulara olan borclar əsas sponsor başda olmaqla digər sponsorların və bank kreditlərinin cəlb edilməsi sayəsində ödənilir”. Özünüz 10 gün bundan qabaq etiraf etmisiniz ki, futbolçulara 2 aydır maaş verilmir. Bəli, mən də razıyam 0:8 hesabı ilə uduzan futbolçunun maaşı da kəsilməlidi, mükafatı da. Amma o şərtlə ki, sən o maaş və mükafatı vaxtlı-vaxtında verə biləsən. 2 aydır maaş vermədiyin futbolçuya hansı məntiqlə maddi cəza kəsirsən? Bu, bilirsiniz nəyə oxşayır? Qəzet redaktoru 2 ay müxbri pulsuz işlədir, maaş vermir, sonra qəzetdə getmiş səhv yazıya görə çağırıb deyir ki, sənin maaşını kəsirəm. Gülməlidi.
Əlqərəz. Gəlirəm sözümün mustafasına. Cənablar, 10 gün bundan qabaq bir toplantı elədiniz, indi yenə toplantı keçirdiniz. Yəqin ki, 10-15 gündən sonra yenə də yığışıb toplantı keçirib hansısa bəyanat yayacaqsınız. Amma bu çıxış yolu deyil. Lap yüz belə toplantı da olsa, yenə heç bir xeyiri olmayacaq. Bunların heç biri “Neftçi”nin xilas yolu deyil. Ara yerdə özünüzü camaat güldürməyin. Çingiz Abdullayevə yazıçı kimi söz ola bilməz, fəxrimizdir. Amma futbol idarəçiliyi onluq deyil. Belə baxanda onun “Neftçi”də əsas söz sahibi olduğunu da demək olmaz. Sadəcə, Abdullayevin nüfuzundan istifadə etmək istəyənlər bununla görkəmli yazıçını da nüfuzdan salırlar. KVN-dəki möhtəşəm çıxışları ilə yüzminlərin sevimlisinə çevrilən Bəhram Bağırzadə də həmin nüfuzunu “Neftçi”də xərcləməkdədir. Yeni gələndə çox təmtəraqlı danışırdı ki, azarkeşləri stadiona qaytaracağıq, bununla bağlı xüsusi planlarım var, filan. Adam 2000 nəfərlik zalla, 30 minlik stadionu, KVN-lə futbolu səhv saldı. Yekunda nəinki azarkeşlər stadiona qayıtdı əksinə, olanlar da stadiondan qaçdı. Heç Bağırzadınin özünü də son vaxtlar görən yoxdur.
Bu arada, Fərhad Bədəlbəyli Müşahidə Şurasına üzv seçiləndən sonra harasa açıqlama filan veribsə, linkini tapan mənə də göndərsin, oxuyum.
Şurada tək futbol adamı Səməd Qurbanovdu, o da ağzına su alıb, oturub. Halbuki 0:8 ən çox elə onun özü üçün təhqir idi. Çünki Səmədov bu komandanın forması ilə SSRİ çempionatında 30 minlik azarkeş qarşısına çıxıb “Spartak”, “Dinamo” kimi “əjdahalar”a qarşı futbol oynayıb. Ancaq bu gün dogma “Neftçi”sinin təhqir olunmasına göz yumur. Kresloya görəmi?
Əslində, 0:8 tək “Neftçi”nin fiaskosu, biabırçılığı deyildi. Bu, həm də AFFA-nın yalnış futbol siyasətinin, Elxan Məmmədovun bir idarəçi kimi fiaskosu idi. Çünki hər kəs bilir ki, hazırda “Neftçi” AFFA-nın nəzarətindədir və bu klubu baş katib idarə edir, əsas idarəedici şəxs olan Elnur Məmmədov da onun kadrı, dostu, tələbə yoldaşıdı. Uğursuz şuralaşma ideyası da məhz Məmmədova məxsusdur. Hansı ki, həmin tələbi, haqlı olaraq rədd edən”Qəbələ” klubu Müşahidə Şurası olan “Neftçi”ni biabır etdi. Bu oyun bir daha sübut etdi ki, AFFA-nın boz divarları arasında qəbul edilən bütün ideyalar iflasa uğrayacaq. Çünki bu qərarları qəbul edənlər futbol adamları deyillər, futbol idarəetməsindən anlayışları yoxdur. Bu gün “Neftçi”də baş məqçi və köməkçilərin getməsi ilə heç nə dəyişməyəcək. Çünki onlar məsuliyyət daşıyan ən sonuncu şəxslərdi. Mənə görə, “Neftçi”nin xilas yolu budur:
1. Klub AFFA-nın nəzarətindən çıxmalı, Elxan Məmmədov əlini bu klubun üstündən çəkməlidir.
2. Müşahidə Şurası ləğv olunmalı, yenidən əvvəlki prezident idarəetmə sisteminə qayıtmalı, kluba futbolu bilən prezident təyin olunmalı və klub yalnız SOCAR-ın himayəsində olmaqla müstəqil, AFFA-dan, Elxan Məmmədovdan asılı olmayan siyasət yürütməlidir. Əks halda, uğursuzluqlar yenə davam edəcək.
Lap Mourinyonu gətirsən belə…
Anar Xanlarov, Rekord.az