Gülnar Məmmədova: “Adamın gözü həmişə ilk “üçlük”də olur”

0
387

Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasının altıncı turunda qadınlardan ibarət əsas millimiz güclü Gürcüstan yığması ilə xalları yarı bölüb – 2:2. Qələbəyə bərabər heç-heçənin qazanılmasında üçüncü lövhədə yarışan Gülnar Məmmədovanın böyük olub. Nino Batsiaşvilini məğlub edən xanım şahmatçımız görüşdən sonra Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib.

– Olimpiadanın VI turunda Nino Batsiaşvilini məğlub etdiniz. Daha əvvəl bu şahmatçı ilə qarşılaşmışdınız?

– Daha əvvəl 5 dəfə qarşılaşmışdıq. Bu, 6-cı görüşümüz idi. 5 görüşdən 3-də mən, 1-də rəqib qələbə qazanıb. Yenidən Batsiaşvilidən üstün oldum. Qələbə qazandığım üçün çox şadam. Lakin yenə də rəqibin çox güclü şahmatçı olduğunu deməliyəm.

– Aranızdakı oyunların ümumi nəticəsini nəzərə alsaq, görüşdən öncə psixoloji üstünlüyün sizin tərəfinizdə olduğunu söyləmək mümkündür?

– Belə demək olar. Həm də rəqibim buna qədər olimpiadada keçirdiyi 5 görüşün hamısında qələbə qazanmışdı. Düşünürdüm ki, 6-cı görüşündə uduzacaq. Bu məqam mənə inam verirdi.

– Rəqib sizdən reytinqdə 170 xal öndə idi. Bunu nəzərə alaraq, hücum taktikası seçmişdiniz?

– Debüt bərabər alındı. Ancaq sonradan oyunun gedişatı qarışdı. Ardınca üstünlük əldə etdim. Həm də rəqibin vaxtının azlığından faydalandım.

– Neçənci gedişdən sonra qələbə qazanacağınıza əmin oldunuz?

– 50-55-ci gedişdə. Daha əvvəl qələbə qazanacağım hiss olunmurdu. Sona yaxın istəyimə çatdım.

– Birinci lövhədə mübarizə aparan komanda yoldaşınız Zeynəb Məmmədyarova uduzana qədər yəqin ki, daha çox heç-heçə barədə düşünürdünüz…

– Əvvəldən məqsədim qələbə qazanmaq idi. Lakin heç-heçə ilə də razılaşmaq olardı. Rəqib çox güclü olduğundan bərabərlik qənaətbəxş nəticə hesas ediləcəkdi. Ancaq Zeynəb uduzduqdan sonra anlayırdım ki, mütləq qələbə qazanmalıyam.

– Geridə qalan müddətdə olimpiadadakı çıxışınızı necə dəyərləndirə bilərsiniz?

– 5 oyundan sonra 4 xalım var. 3 görüşdə qələbə qazanmışam, 2 dəfə heç-heçə etmişəm. Çıxışımdan çox razıyam.

– 6 turdan sonra 6-cı pillədə qərarlaşmısınız. Millimiz liderlərdən cəmi 1 xal geri qalır ki, bu nəticə çoxları üçün xoş sürprizdir. Artıq medal barədə düşünmək olar?

– Biz əvvəldən ilk “10-luğ”a oynayırdıq. Amma yenə də hər bir idmançı bütün görüşlərdə qələbə qazanmaq istəyir. Adamın gözü həmişə ilk “üçlük”də olur. Məncə qarşıdakı 2-3 turda da yaxşı oynasaq, medal qazanmağımız mümkündür. Yavaş-yavaş medallar haqda düşünmək olar

– Çempionluq mübarizəsində favoritlər kimlərdir?

– Ukrayna, Rusiya və Çin milliləri.