“Hər bir plastik cərrahiyyə əməliyyatı insan sağlamlığı üçün zərərlidir”

0
823

Ölkəmizdə son zamanlar estetik əməliyyatların sayı artıb. Hətta bəzi qadınlar gözəllik naminə öz sağlamlıqlarını belə qurban verirlər (Yeri gəlmişkən bu yazını hazırlayanda eşitdik ki, Gəncə şəhərində 17 yaşlı gənc qız burun əməliyyatından 30 dəqiqə sonra dünyasını dəyişib). Bu və ya digər suallarla Mingəçevir səhiyyəsinin tanınmış cərrahı (qulaq, burun boğaz) Zahid Eyvazova müraciət etdik.

– Həkim, ümumiyyətlə, hansı halda burun əməliyyat oluna bilər?
– Dünyada, eləcə də ölkəmizdə ən çox burun üzərində estetik əməliyyatlar aparılır. Bu, çətin bir əməliyyatdır. Burun quruluşu etibarı ilə qarışıq bir orqandır, içərisində qığırdaqlar, sümüklər, böyük boşluqlar var. Bir tərəfdən də nəfəsalama kimi böyük bir funksiyası var. Bununla bərabər estetik olaraq bədənin ən əhəmiyyətli yerində qərar tutur. Ona görə də edilən kiçik bir səhv dərhal nəzərə çarpır. Amma yaxşı əməliyyat edildikdə çox təbii və müsbət nəticələr alınır. Son zamanlar daha gənc qızlar burun əməliyyatına gəlirlər. Onları bəziləri burun çəpərinin əyriliyindən şikayətlənirlər. Əksəriyyəti isə estetik əməliyyat məqsədi ilə həkimə müraciət edir.
– Yeri gəlmişkən, əməliyyat ilə nələri dəyişdirmək mümkündür?
– Eləsi var ki, onun, doğrudan da, burnunda əməliyyata ehtiyac var. Amma eləsi də var ki, əgər belə demək mümkünsə, kefindən burnunu əməliyyat etdirməyə çalışır. Bu düzgün deyil. Odur ki, biz belələrinə iradımızı bildiririk. Adi bir misal. Bu günlərdə yanıma gəlmiş bir xanımdan soruşdum ki, nəyə görə burnunuzu əməliyyat etdirmək istəyirsiniz, axı elə bir probleminiz yoxdur. Xanım dedi ki, bəs sifətimin cizgilərini dəyişmək üçün.
– Əməliyyatdan sonra hər hansı bir fəsad baş verə bilərmi?
– Hər 10 xəstədən təxminən birində ikinci əməliyyata ehtiyac ola bilər. Diqqət etmək lazımdır ki, qanaxma, burunda bitişmələr olmasın… Bir də hər bir xəstə əməliyyatdan sonra öz cərrahı ilə sıx təmasda olmalıdır. Bu günlərdə Moskvadan bir xəstə gəlmişdi. Əməliyyat zamanı onun burnuna slikon yerləşdirmişdilər. Xəstənin burnunun ucundan slikon görsəndiyinə görə biz onu əməliyyatla götürdük və yerinə öz toxumalarndan yerləşdirdik.
– Bəzən xəstələri belə bir sual da maraqlandırır: görəsən burun əməliyyatında sümüklər qırılırmı?
– Onu bildirim ki, burun sümüyü nazik kardona bənzəyir. Onu qırmaq yox, şəkil vermək lazımdır. Sümüyün üzlə birləşdiyi yerdə xüsusi cərrahi çəkiclərlə sümüklər kəsilir.
– Ümumiyyətlə, əməliyyat olunan burun ilk baxışdan sezilməlidirmi?
– Xeyir, insanın ilk baxışda burun əməliyyatı keçirdiyi müəyyən olunursa, deməli, əməliyyat uğurlu keçməyib.
Sonda həkim onu da vurğuladı ki, estetik burun əməliyyatı və ya buruna yenidən forma vermək, estetik cərrahiyyə əməliyyatlarının ən çox tətbiq edələnidir. Bu əməliyyatlarda burnunuzu kiçildə və burun kəmərinin formasını dəyişdirə bilərsiniz. Estetik burun əməliyyatı xarici görünüşünüzü gözəlləşdirə bilər, ancaq bütün cərrahi əməliyyatlar müəyyən qədər risklidir. Onu da bilmək lazımdır ki, hər bir plastik cərrahiyyə əməliyyatı insan sağlamlığı üçün zərərlidir.
Esmira Hidayətova, Mingəçevir.