Qızılımız da oldu

0
374

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının on beşinci günündə Olimpiya yığmamızın üzvləri idmanın taekvondo, gimnastika və güləş növlərində yarışıblar. Azərbaycan idmançıları ötən yarış günündə bir qızıl və bir bürünc medal qazanıblar.
Əvvəlcə “Rio-2016” Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulub. Səksən kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz Radik İsayev Qazaxıstan idmançısı Ruslan Japarovu, Pekin Olimpiadasının qalibi Donqmin Çanı (Cənubi Koreya), Böyük Britaniya təmsilçisi Mahama Çonu mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə dünya və Avropa çempionumuz Radik İsayev rəqibi Niger idmançısı Abdulrazzak İssufdan üstün olaraq XXXI Yay Olimpiya Oyunlarının çempionu olub.
Sərbəst güləşçisimiz – 86 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Şərif Şərifov “Rio-2016”da ilk görüşündə Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib. Güləşçimizin dörddəbir finalda Polşa idmançısı Zbiqnev Baranovskiyə qalib gələrək yarımfinalda iştirak etmək hüququ qazanıb. Ş.Şərifov bu mərhələdə Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevə məğlub olaraq bürünc medal uğrunda mübarizə aparıb. Olimpiya çempionumuz son görüşündə venesuela idmançısı Pedro Seballos üzərində inamlı qələbə qazanaraq “Rio-2016”nı bürünc medalla başa vurub.
Azərbaycan gimnastı, Avropa Oyunlarının gümüş medalçısı Marina Durunda Olimpiadada fərdi çoxnövçülük üzrə final yarışlarında medallar uğrunda mübarizə aparıb. M.Durunda “Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarının final mərhələsində dörd hərəkətin yekununda hakimlərdən 69.748 xal alaraq doqquzuncu yerlə kifayətlənməli olub.
Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədovun (125 kq) səkkizdəbir finalda ABŞ idmançısı Tervel Dlaqnevlə görüşü rəqibin üstünlüyü ilə başa çatıb və güləşçimiz mübarizəni erkən dayandırıb.
Hazırda Azərbaycan Olimpiya yığmasının hesabında 15 medal var. Hazırda hesabında 1 qızıl, 4 gümüş və 10 bürünc medal olan Azərbaycan ölkələrin sıralamasında 39-cu yerə yüksəlib.

Hazırda Olimpiadaya hesabında 43 qızıl, 37 gümüş və 36 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 27 qızıl, 22 gümüş, 17 bürünc medalla ikinci, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Rusiya (17-17-19), Almaniya (17-10-14), Yaponiya (12-8-21), Fransa (9-17-14), Cənubi Koreya (9-3-9), Avstraliya (8-11-10) və İtaliya (8-11-7) tamamlayır.
mmm