“Arzum velosipedlə Çin səddinə kimi getməkdir”

0
315

68 yaşlı Mingəçevir sakini velosipedlə 3000 km məsafəni 70 günə qət edib. O, Mingəçevir-Rusiya-Gürcüstan marşrutu üzrə velosipedlə səyahət çıxıb.

Təqaüdçü, sabiq pedaqoq Abid İsmayılov artıq üçüncğ ildir ki, dəmir atı – velosipedi ilə səyahətə çıxır. O, bu ilin may ayının 29-da  Mingəçevirdən yola çıxıb. Samur keçid məntəqəsindən Dağıstana keçib. Daha sonra Çeçenistan, İnquşetiya ərazilərindən keçməklə Krasnodar, Novorossiysk şəhərlərində olıb və Soçiyə gəlib. Buradan isə gəmi ilə Gürcüstanın Batumi şəhərinə təşrif buyurub. Gürcüstanın bir çox şəhərlərini dolaşdıqdan sonra isə Vətənə qayıdıb.

Beləliklə o, 70 günə 3000 km məsafə qət edib. Dediyinə görə, bu səyahətdə başına çoxlu maraqlı hadisələr də gəlib. Yol boyu onu hər kəs maraqla qarşılayıb, qonaq dəvət ediblər: “Mən də ölkəmizi getdiyim şəhərlərdə tanıtmağa çalışmışam”.

Qeyd edək ki, bundan qabaq Abid İsmayılov Türkiyəyə, İrana veloturist kimi səyahət edib.

Dediyinə görə, növbəti illərdə daha çox məsafə qət etmək niyyətindədir: “Arzum velosipedlə Çin səddinə kimi getməkdir”.

O həmçinin dedi: Şəhərləri velosipedlə dolaşmaq ayrı bir hissdir. Mən bunu bu səfərimdə daha çox hiss etdim. Mənə elə gəlir ki, belə gəzintilər insan ömrünü uzadır”.

O bizimlə söhbətində idmanın insan həyatında mühüm rol oynadığını dəfələrlə vurğuladı.

Maraqlısı odur ki, uşaqlıqda tay-tuşlarının velosipedi olduqda Abid bəyin velosipedi olmayıb. Heç sürməyə həvəsi də olmayıb. Lakin o, yaşa dolduqdan sonra mehrini velosipedə salıb və qısa zaman kəsiyində onu ram etməyi bacarıb.

 

Esmira Hidayətova, Mingəçevir.