Gözəllik ondur, doqquzu sağlam həyat tərzidir

0
813

Gözəllik, sadəcə kosmetik məhsullar və makyaj vasitəsi ilə yaranmır. Təbii gözəlliyin yerini heç bir kosmetik vasitə verə bilməz. Qadınlar hər an gözəl görünmək istəyir.

Deyirlər, çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Bu, həqiqətdir ki, özünə baxmayan qadınlar var. Gündəlik qayğılar içində itib-bataraq yaraşıqlı görünməyi unutmaq bağışlanılmazdır.
Elə bir qadın yoxdur ki, dəblə ayaqlaşmaq, gözəl geyinmək istəməsin. Bəzi qadınlar etiraf edirlər ki, yaş artdıqca artıq bəzənib-düzənməyin heç bir əhəmiyyəti yoxdur. Amma stilist, vizajist isə deyir ki, müəyyən qaydaları nəzərə alaraq yaşa dolan qadının özünəməxsus fərdi üslubu olmalıdır. Qadın yaşının artdığı üçün özünü gözəlliklərdən məhrum etməli deyil. Həmsöhbətimiz Mingəçevir şəhərindəki “Monika “gözəllik salonunun bacarıqlı ustalarından olan stilist, vizajist Həcər Tağıyevadır.
Valideyinləri Həcər xanımı müəllim görmək istəyiblər. Həcər onların arzusunu gerçəkləşdirib. Belə ki, Azərbaycan Müəllimlər İnstitutuna qəbul olunub, buranı bitirib. Sonra isə öz arzusunu gerçəkləşdirib. Bu gün o, Mingəçevirdəki ən gözəl qadın salonlarının birində stilist usta kimi fəaliyyət göstərir. Dediyinə görə, bu sənətin sirlərinə yiyələnməsində ustadı Tünzalə xanımın kifayət qədər əməyi olub.
Bu günlərdə Həcər xanımla görüşüb ona bir neçə sualla müraciət etdik.
– Həcər xanım, sizcə, gözəllik və həyat tərzi arasında bir bağlılıq var?
– Mənim fikrimcə, gözəlliyin əsasında sağlam həyat tərzi durur. Bu mənada, sağlam həyat tərzi olmadan heç bir gözəllikdən söhbət gedə bilməz. İkincisi, qadın hər hansı yaşda olursa olsun həmişə baxımlı olmalıdır. Amma elə xanımlarımız var ki, müəyyən yaş həddindən sonra özlərinə qulluq etmirlər. Halbuki qadın 50 yaşdan sonra özünə daha çox fikir verməlidir. Bilirsinizmi niyə? Gənc yaşlarında qızlarımıza, gəlinlərimizə süni boyalardan, makiyajlardan istifadə o qədər də vacib deyil. Onsuz da gənclik özü bir gözəllikdir. Amma müəyyən yaşdan sonra qadın dəyişir. Odur ki, bu dəyişikliyi o qədər də birüzə verməmək üçün kosmetik vasitələrdən istifadə etməlidir. Yeri gəlmişkən, mən ildə bir dəfə 50 yaşdan yuxarı xanımlar üçün pulsuz aksiya təşkil edir, onların gözəlliklərini, əgər belə demək mümkünsə, yaşatmağa çalışıram. Və hər qadına başa salmağa çalışıram: siz hər yaşda gözəlsiniz, sadəcə özünüzə diqqət ayırın.
– Bəs bu kosmetik vasitələrin insan səhhətinə zərəri varmı ?
– Bu bir həqiqət ki, xanımlarımız zahiri görünüşlərini dəyişdirmək üçün müxtəlif kosmetik vasitələrdən istifadə edirlər. Amma şəxsi qənaətimə görə (artıq 11 ildir ki, bu sahədəyəm) deyə bilərəm ki, əksər qadınlarımız onlardan düzgün istifadə edə bilmir. Nəticədə, özlərinin səhhətində müəyyən problemlər yaradılar. Bir də indi o qədər zərərli maddələrdən kosmetik əşyalar hazırlanır ki… Odur ki, onlardan istifadə edərkən mütləq mütəxəssislərlə məsləhətləşməyi tövsiyə edirəm.
– Həcər xanım, etiraf edək ki, elə xanımlarımız var ki, kosmetik vasitələrdən daha çox istifadə etməklə də diqqət mərkəzinə düşürlər.
– Əvvəla, onu deyim ki, qadın nə qədər sadə olsa, o qədər gözəldir. İkincisi, hər bir şey öz çərçivəsində daha gözəl olur. Nizami Gəncəvi əbəs yerə deyməyib ki, “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir su da”.
– Qadınlarımız son zamanlar qalın qaşlara üstünlük verirlər, artıq nazik qaşlar dəbdə deyil, qaşların qalınlaşdırılması üçün və ya qaşların permanenti ilə məşğul olursunuzmu?
– Bəli, seyrək və açıq rəngli qaşın permanent vasitəsi ilə bərpası işləri ilə məşğul oluruq. Onu da deyim ki, mən ancaq bacardığım işlə məşğul oluram. Bilmədiyim işlərə baş qoşmuram. Bilirsinizmi, qaşlar rəsm çərçivəsi kimidir. Onlar üzün ifadəsini müəyyənləşdirir. Qaşların köməyi ilə üz cizgilərini mümkün qədər dəyişmək mümkündür. Permanent deyilən qaş tatuajı qaşları qalın göstərməklə yanaşı, həm də uzun müddətlidir. Bu üsuldan qadınlarımız daha çox istifadə edirlər. Bu həm rahatçılıqdır, həm də qaş tatuajından sonra qaşları hər gün makiyaj etmək lazım gəlmir, bu da qadınlarımızın vaxtına qənaət deməkdir. .
Yeri gəlmişkən, bəzi ustalar lazimi konfiqurasiyanı almaq və yaxşı fason vermək üçün qaşları tamamilə qırxırlar. Mən isə hesab edirəm ki, bu, düzgün deyil. Təbii qaşdan gözəl heç nə ola bilməz. Bizim vəzifəmiz tamamilə süni qaşlar yaratmaq deyil, qaşın formasını yaxşılaşdırmaqdan ibarətdir. Bir məsələni də xüsusi vurğulamaq istərdim. Bu kimi işlərdə istifadə olunan bütün ləvazimatlar müştərinin gözü qarşısında açılmalıdır.
– Salonunuzda daha hansı xidmətlər var və qiymətlər xanımları razı salırmı?
– Bizim salonda ən çox görülən işlərdən biri gəlinlərin bəzədilməsidir. Xanımlar əl işimə bələd olduqları üçün gəlin bəzədilməsində də mənə müraciət edirlər. Toyunda gözəl görünmək istəyən xanımlara müxtəlif saç düzümləri, makiyaj nümunələri təqdim edirik. Bəzən onlardan biri israr edir ki, məni bu cur bəzə. Amma biz onun bədən quruluşuna, sifət cizgilərinə baxanda görürük ki, müştəri düzgün seçim edə bilmir. Bu zaman öz seçimimizi edirk və sonda da müştəri seçimində yanıldığını hiss edir. Ona görə də belə vaxtlarda daha diqqətli oluruq ki, müştəri bizdən narazı getməsin. Qiymətlərə gəlincə, bizdə görülən işin müqabilində qiymət qoyulur. Çalışırıq ki, qiymətlərimiz o qədər də baha olmasın. Elə edirik ki, müştəri özü görülən işə qiymət versin.
Esmira Hidayətova, Mingəçevir