Mənəvi aşınma

0
384
Son illərdə Azərbaycanın ən möhkəm mənəvi dayaqlarından biri hesab edilən ailədaxili proseslərdə, belə demək mümkünsə, bizə xas olmayan mənfi amillər özünü göstərməkdədir. Bu da boşanma hallarının ildən-ilə artması ilə bağlıdır. 
Halbuki yaxın keçmişimizə qədər Azərbaycan ailəsi ən möhkəm ailədaxili dayaqlara malik idi və boşanmaya az-az rast gəlinirdi. Yadımdadır, ötən əsrin 70-ci illərində Azərbaycanda boşanmalara ən ağrılı faciələrdən biri kimi baxılır, yaşlı nəsil bunun qabağını almaq üçün dəridən, qabıqdan çıxırdı. Bunun da səbəbləri vardı: Azərbaycanda ta qədimdən boşananlara münasibət yaxşı olmayıb. Boşanaraq ər evindən ata evinə qayıdan qadının vəziyyəti başıaşağılıq sayılırdı. Eyni sözləri boşanan kişilər haqqında da demək olar. Bu kişilərin ikinci dəfə evlənməsi əksər hallarda asan olmurdu. Çünki həyat yoldaşını boşayan kişi haqqında: “arvad saxlayan deyil” ifadəsi işlədilər və ona hər adam qız verməyə cəsarət etməzdi. Ona görə də bütün hallarda yaşlılar gənc ailələrin dağılmasının qarşısını almağa çalışar, onlara öyüd-nəsihət verərdilər. Ailə dağılmasının qarşısı bu yolla alınardı və bu da öz növbəsində ailənin təməlinin möhkəmlənməsinə gətirib çıxarardı. Nəhayət bizim çoxlarımızın bəyənmədiyi sovet rejimində belə ailənin dağılmasının qarşısının alınması üçün əhali arasında müxtəlif səviyyəli maarifləndirmə işləri aparılır, gənclərin sağlam ailə ruhunda yetişməsi üçün müxtəlif təbliğat vasitələrindən istifadə edirdilər. Təəssüflər olsun ki, sivil inkişafın və belə demək mümkünsə, qloballaşmanın özü ilə bizə gətirdiyi ən böyük bəlalardan biri də məhz Azəbaycan ailəsinin mənəvi aşınmasıdır. Müstəqilliyimizi əldə etdiyimiz ilk illərdən bu bəla müəyyən qədər özünü göstərməyə başlasa da, cəmiyyətimizdə bunu ciddi qəbul etmədilər. Bu da öz  növbəsində yüz illər boyu fəxr etdiyimiz saf və möhkəm təməllər üzərində qurulan azərbaycanlı ailəsinin mənəvi baxımdan aşınmasına və boşanmaların sürətlə artmasına yol açaraq, mən deyərdim ki, faciəli bir həddə çatıb. Bununla bağlı statistik məlumatlar dəhşət doğurur. Məsələn, Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə, Azərbaycanda bu ilin 4 ayı ərzində 3,9 min boşanma halları qeydə alınıb.Rəsmi orqanlar tərəfindən verilən açıqlamaya görə, bu ilin dörd ayı ərzində 24,8 min nikah bağlanıb. Belə demək mümkünsə rəsmi nikaha girən hər 6 nəfərdən biri boşanıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək demək olar ki, eyni səviyyədə (müvafıq olaraq 8,0; 1,3) qalıb. Xatırladaq ki, Azərbaycanda ötən il ərzində 11,7 min boşanma faktı qeydə alınıb. Amma bu rəsmi məlumatlardan əlavə digər bir problem də mövcuddur . Bu da bir vaxtlar Azərbaycan ailəsində biabırçılıq kimi qəbul edilən mülki nikahların sayının və nəticədə nikahdankənar doğulan uşaqların sayının artması ilə bağlıdır. Mənə elə gəlir ki, bu da bizim daha ağrılı bir faciəmizdir. Atasız, yetim böyüyən hər hansı uşaq mənəvi baxımdan şikəst gələcəyimiz deməkdir. Azərbaycan ailəsinin dağılmasında, zənnimcə, 3 mənfi amil rol oynayır və oynamaqdadır. Bunun biri mənəviyatımıza ölümcül zərbə vurulan səviyyəsiz xarici serialların televiziylarda gen bol nümayiş etdirilməsi oldu.  Bu isə öz növbəsində mənəvi aşılanmaya yol açdı. Ailələrin dağılmasına digər bir amil isə işsizilik səbəbindən kişinin ailənin yanında gözükölgəli olmasıdır. İş axtarmaq üçün hər il on minlərlə soydaşımızın Rusiyaya və digər ölkələrə üz tutması da bizim  fəxr etdimiz möhkəm azərbaycanlı ailəsinin dağılmasında katalizator rolunu oynamaqdadır. Ailələrin dağılmasının daha bir səbəbi azərbaycanlı qadınların müəyyən hissəsinin ailədaxili problemlərə münasibətdə dözümsüzlük nümayiş etdirməsidir. Zənnimcə, bu problemlər həllini tapmadıqca ailədaxili mənəvi aşınmaların, boşananların qarşsının alınması mümkün olmayacaq. Bu işə dövlət səviyyəsində yanaşılmasına ciddi ehtiyac duyulur. Unutmaq olmaz ki, möhkəm ailə möhkəm və qüdrəti dövlət deməkdir. Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here