“Qaçqınam, köçkünəm halımı sorma”

0
489

Tarix boyu özgə torpaqlarına göz dikən ermənilərin nə qədər mənfur, xəyanətkar bir xislətə malik olduqlarını zaman daim qabarıq şəkildə büruzə verib. XVIII əsrdən etibarən Azərbaycan ərazilərinə köçürülməyə başlanan ermənilərin iç üzü, hər fürsətdə xəyanət, vəhşət törətməyə hazır olmaları xalqımıza daha yaxşı bəllidir. Hər zaman yad ağalarının əllərində bir alət, vasitə olan ermənilər elə xarici havadarlarının köməyi ilə hissə-hissə torpaqlarımızı mənimsəyiblər. Bu zaman ən çox əziyyət çəkən də əhali olub.
Tarixin müxtəlif illərində erməni vəhşiləri etnik təmizləmə siyasəti aparmaqla yanaşı, torpaqlarımıza da göz dikiblər. Heç uzaq tarixə müraciət etməyək. 1988-ci ilin əvvəllərində də onlar soydaşlarımıza qarşı açıq formada özünü göstərən etnik təmizləmə siyasəti aparıblar. Nəticədə, 250 mindən çox azərbaycanlı ata-baba yurdlarından didərgin salınıb, onların əmlakları talan olunub. Bu zaman yüzlərlə soydaşımız erməni vəhşiləri tərəfindən diri-diri yandırılıb. Onların qəddarlıqları bununla məhdudlaşmayıb. Belə ki, onlar soydaşlarımızın başlarını kəsiblər, bədənlərinə elektrik cərəyanı veriblər. Bir sözlə, erməni qaniçənləri onları amansızlıqla qətlə yetiriliblər. Həmin dövrdə Ermənistanda yaşayan azərbaycanlıların qovulması ilə yanaşı, onların yüzillər boyu məskunlaşdıqları yaşayış məskənlərinin adlarının dəyişdirilməsi də paralel surətdə həyata keçirildi.
x1

1988-ci ildə Ermənistandan Azərbaycana pənah gətirən soydaşlarımız rayonlarımıza, belə demək mümkünsə, səpələndilər. Mingəçevirə də onlardan pənah gətirənləri oldu. Onlardan biri də Ermənistanın Amasiya rayonunun Mağaracıq kəndinin sakini olmuş Mehriban Salmanovadır. O, bizimlə söhbətində ermənilərin vəhşiliklərindən söz açmaqla yanaşı, 28 ildir ki, hələ də özünə bir babat şərait yarada bilməməsindən də söz açdı: “1988-ci ildə Mingəçevirə gələndə ikimərtəbəli taxtadan hazılanmış binada yerləşdirildik. Bu günə qədər də həmin köhnə, uçuq binada yaşayırıq. Vallah, ev başımıza uçur”.
Onu da qeyd edək ki, Mehriban Salmanovanın hazırda 70 yaşı var. Pensiyaçıdır. Dediyinə görə, işsizlik ucbatından övladları da ağır şəraitdə yaşayırlar. Mehriban xanım ailəni birtəhər dolandırmağa çalışır: “Hələ yadıma gəlmir ki, pensiyanı alıb bazara gedib əlidolu evə gəlim. Çünki kommunal xərclər o qədər çoxdur ki, ancaq onu ödəyə bilirik. Bir xeyir-şər yerlərində də gedə bilmirik”. Buna rəğmən, pensiyanı uşaq anasının yolunu gözlədiyi kimi gözlədiyini vurğulayan Mehriban xanım söhbətarası dedi ki, indiyədək bir məcburi köçkün kimi onlara aidiyyatı qurumlar tərəfindən heç bir yardım olunmayıb: “O zaman iki adyal, iki dənə də balış verdilər, vəssalam. Gördüyümüz də bu oldu, aldığımız da”.
Daha sonra o dedi: “Bütün bunlar azmış kimi inda də bələdiyyədən bir bildiriş gətiriblər ki, bəs əmlak vergisi ödəməlisən. Mən başa düşə bilmirəm: indiyə qədər niyə bunu məndən tələb etmirdilər. Nə oldu birdən-birə? Həmin o bildiriş gətirənlər dedim ki, baxın, yaşadığım ev başıma uçur, yuxarıdan kərtənkələlər boylanır. Dedilər, ev özəldir, odur ki, yaşanan problemləri də özünüz aradan qaldırmalısınız. Yenə deyirəm, axı bələdiyyə mənə hansı xidməti göstərib ki, indi də məndən pul tələb edir? Yaşlı qadınam, oturduğum yerdən dura bilmirəm, belə vəziyyətdə hara şikayətə gedim, dərdimi kimə deyim? Vallah, bilmirəm”.
Mehriban xanım: “Qoy yadıma düşmüşkən, bir şey də deyim”, – söyləyərək bahalaşmanın da onlara dərd olduğunu bildirdi: “İndi də deyirlər ki, çörəyin qiyməti qalxacaq. Onsuz da yavan çörəyə möhtac idik. Görünür, onu da əlimizdən almaq istəyirlər. İşığın, suyun qiymətini qaldırmaqları azlıq edir, bu da bu yandan çıxdı. İnandırım sizi, gecələr işıq yandırmamaqla pula qənaət etməyə çalışıram. Həmçinin suya da… Bəs bu çörəyə necə qənaət edəcəyik, bəlkə bilən var?

x2

Digər bir pensiyaçı – 78 yaşlı Valya Əliyeva isə yalnız pensiyasının azlığından gileyləndi: “Donetskdən Azərbaycana – Sumqayıta gəlin köçmüşəm. O zamanlar yaşayışımız pis deyildi. Yoldaşım da işləyirdi, mən də. Onu da deyim ki, özü də tikinti sahəsində – krançı idim. Demək olar ki, 40 il kranın sükanı arxasında olmuşam. Sumqayıtdakı onlarla hündürmərtəbli binanın inşasında əməyim var. O zaman elə inşa etdiyimiz mənzillərdən bizə də verdilər. Hazırda həmin mənzildə oğlum yaşayır. Mən isə Mingəçevirdə qızımın yanındayam. Bu öz yerində. Bala, gör mən nə deyirəm? Xəstəyəm, özü də şəkər xəstəsi. Vallah, aldığım 178 manat pensiya pulu elə dərmanlarıma sərf edir. Üstəlik, bu məsələdə oğlum da, qızım da mənə yardımçı olurlar. Deyirəm, nə olaydı, bu pensiyaları bir qədər artıraydılar. Biz qocalar da oğul-qız əlinə baxmazdıq. Axı indi hər ailənin öz problemləri var”.

Esmira Hidayətova, Mingəçevir