“Mən adi daşdan aldığım zövqü parıldayan mərmərdən ala bilmirəm”

0
304

as2Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Asif Azərelli qırx ildən çoxdur ki, Azərbaycan təsviri sənətinin inkişafına öz layiqli töhfəsini verməkdədir. Təkcə bir faktı qeyd edək ki, kütləvi-informasiya vasitələrində “Dədə Qorqud” obrazından söz açılarkən onun ərsəyə gətirdiyi portret təqdim olunur. Lakin bəzən həmin əsərin müəllifi haqqında heç bir məlumat verilmir.

Onun palitrası əlvan və zəngindir. Yurdumuzun təbiətinə məxsus isti, “çığıran” rənglər, onların bir-biri ilə vəhdəti rəssamın hər bir əsərinə baxımlılıq gətirir. Bəzən adama elə gəlir ki, onun tablolarındakı rənglər sanki dilə gələrək danışır. Bu mənada o, rəngləri dilləndirməyi bacaran rəssamdır desək, yanılmarıq.Asif Azərelli bu gün xarici ölkələrin rəssamlarının da diqqət mərkəzindədir. Hətta bəzi ölkələrin rəssamları Asif Azərellinin əl işlərinə həsədlə baxır, bu sənətin incəliklərini ondan öyrənməyə cəhd edirlər. Yeri gəlmişkən, heç bir rəsmi titulu olmayan Asif Azərellinin işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş müxtəlif mövzulu sərgilərdə dəfələrlə nümayiş olunub. Əsərlərinin əksəriyyəti müxtəlif muzeylərdə və şəxsi kolleksiyalardadır.

Bu günlərdə rəssamın şəxsi emalatxanasını ziyarət edəndə ona bir neçə sualla müraciət etdik.

– Asif müəllim, rəssamlığa nə vaxtdan meyil göstərmisiniz?

– Mən rəssamlığa uşaq vaxtlarımdan meyil salmışam. Bu işdə atamın böyük rolu olub. Onu da deyim ki, keşməkeşli həyat yolu keçmiş atam bəy oğlu olub. Babam ( Hacıağa bəy Şərur mahalının Qarxun kəndində yaşayıb) vəfat etdikdən sonra o, təqiblərə məruz qaldığından Naxçıvandan Qarabağa – Bərdəyə köçüb. Bu seçim də təsadüfi olmayıb. Belə ki, atamın dediklərinə görə, bir zamanlar o, babamla bu yerlərə at almağa gələrmiş. Həmişə də Uğur bəy adlı bir şəxsin evinə düşərmişlər (Bərdənin hazırkı Uğurbəyli kəndi elə o kişinin adından götürülüb). Ona görə də ona pənah gətirib. Atam görüb ki, Uğur bəyin də vəziyyəti yaxşı deyil. Buna baxmayaraq, geri qayıtmır, elə orada məskunlaşır. Yadımdadır, rəhmətlik atamın Bərdəyə yolu düşəndə oradan bu və digər rəssamın (Levitanın, Repinin, Makovskinin) əsərinin reproduksiyasını alıb gətirərdi (Dövrünün ziyalılarından sayılan atam fransız, rus dillərini, həmçinin şəriəti yaxşı bilirdi). Mən də həmin rəsmlərə maraqla baxardım.

– Yəqin, elə bu əsərlər sizin sonrakı taleyinizi müəyyənləşdirib?

– Tam yox… Məktəbdə oxuyarkən çoxlu kitab mütaliə edərdim. Hətta məktəb kitabxanasında oxumadığım kitab qalmamışdı. Günlərin bir günü kitabxanaçı dedi ki, bəs bizə Mikayıl Abdullayevin “İtaliya azərbaycanlı rəssamın gözü ilə” kitabı daxil olub. Nədənsə o kitabı daha maraqla oxudum. Həmin kitab mənim bu sənətə olan marağımın qığılcımına, əgər belə demək mümkünsə, sanki neft çilədi. Beləcə, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul oldum. Lakin ölkəmizdə bu sahə üzrə ali təhsil ala bilmədim. Nə gizlədim, buna düz 7 dəfə cəhd etdim. O vaxtlar ali məktəbə girmək üçün ya tanışın olmalı idi, ya da imkanın. Odur ki, Tiflisə üz tutdum və Tiflis Rəssamlıq Akademiyasına qəbul olundum. Özü də necə? 6 rəsm əsərinin hamısından əla qiymət almaqla. Baykal-Amur magistralı ilə bağlı silsilə əsərlərim isə məni daha çox tanıtdı. Həmin əsərlərimə görə SSRİ Rəssamlar İttifaqının üzvü seçildim. Bir sözlə, gürcülər məni təhsil aldığım müddətdə gözlərinin üstə saxladılar. Yadıma düşmüşkən yəqin bilirsiniz gürcülər bığ saxlamağı xoşlayırlar. Mənə də bığ saxlamağı tövsiyə etdilər. Mən də saxladım. Özü də necə bir bığ (Sözün düzü, bığ buraxmağı heç xoşlamırdım). Mənim bığım Şah Abbasın bığını xatırlatdığına görə onlar mənə “Şah Abbas” deyə müraciət edirdilər.

– Şah Abbas demişkən, Asif müəllim, bəs “Azərelli” təxəllüsünü sizə kim verib?

– Bunun da özəl bir tarixçəsi var. 1992-ci ildə İstanbulda təşkil olunmuş bir beynəlxalq sərgidə iştirak edirdim. Həmin sərgidə qalereyaçı əsərlərimlə maraqlananlara mənim barədə belə məlumat verirdi: “Bu əsərlərin müəllifi Azəri elliyə məxsusdur”. Doğrusu, onun belə təqdimatı mənə xoş gəldi və özümə “Azərelli” təxəllüsünü götürdüm. O vaxtdan elə bu təxəllüslə tanınıram. Hətta bu təxəllüs mənim soyadımı da unutdurub. Yeri gəlmişkən, artıq 44 ildir ki, bu sənətdəyəm.

– Məndə olan məlumata görə, sizin əsərləriniz ulu öndərin diqqət mərkəzində olub…

– Hə, elədir. O, mənim əsərlərimlə həmişə maraqlanıb. Hətta bir neçə əsərimi dövlət adından dost ölkələrin başçılarına da hədiyyə edib. Misal üçün, Türkiyənin Baş Naziri Tansu Çillər ölkəmizə gələndə ulu öndərin ona bağışladığı rəsm əsəri mənə məxsus idi.

– Səhv etmirəmsə, “Qoca qarabağlı” sizi bir rəssam kimi daha çox tanıdıb.

– Həmin əsəri 1983-də ərsəyə gətirmişəm. “Qoca qarabağlı” ilə Moskvada keçirilən sərgiyə qatıldım. O, mənə ittifaq miqyasında çox böyük şöhrət gətirdi. Yeri gəlmişkən, Qarabağla bağlı çox əsərlərim var. O məkanın hər daşı, otu yadımdadır. İnandırım sizi, dünyanın bir çox ölkələrində olmuşam. Amma oradakı gözəlliyi dünyanın heç bir yerində görməmişəm.

as1– Asif müəllim, sizin əsərlərinizin həmişə müştərisi var. Elə isə heç dalınca gözünüz qalan əsəriniz varmı?

– Bilirsinizmi, ərsəyə gətirdiyim əsəri satanda, ya bağışlayanda həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm, ona görə ki işimi bəyənirlər. Kədərlənirəm, ona görə ki, onlardan ayrılıram. Amma bu da xoş bir ayrılıqdır.

– Deyəsən, indiyədək fərdi sərginiz keçirilməyib?

– Unutmayın ki, fərdi sərgi üçün 50-60  əsər lazımdır. Mən isə bu qədər əsəri toplayıb bir yerə yığa bilmirəm. Amma müxtəlif sərgilərə qatılmışam və müəyyən uğurlara imza atmışam (Yeri gəlmişkən, ötən il 23 ölkənin 158 rəssamının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və “Portretlərin melodiyası” adı altında təşkil edilmiş Qəbələ III Beynəlxalq İncəsənət Sərgisində nümayiş olunan iki əsərim – “Qədim Naxçıvan xalçası və babam” (natürmort), “Xoşməramlı səfir Mehriban xanım Əliyeva və milli dəyərlərimiz” (portret) sərginin baş mükafatına layiq görülüb). Bir də fərdi sərgi rəssamdan çox məsuliyyət tələb edir. Lakin mən də bu məsuliyyəti yaşamaq istəyirəm. Odur ki, “Babalarımız” seriyasından olan rəsmlərim əsasında nə vaxtsa bir fərdi sərgi təşkil etmək niyyətindəyəm.

– Asif müəllim, mən çox rəssamların əsərləri ilə maraqlanmışam. Amma sizdə rənglərin ahəngi tam başqa cür alınır, elə bil rənglər adamın üzünə gülür… Bunun sirri nədədir?

– Vallah, bunun sirrini heç mən özüm də aça bilmirəm.

– Siz gördüyünüzü çəkirsiniz, ya hiss etdiyinizi?

– Duymaq üçün görmək lazımdır. Amma etiraf edək ki, təbiətdə elə gözəlliklər var ki, bəzən rəssam onları duymaqda çətinlik çəkir.

– Rəsm çəkərkən ürəklə, yoxsa gözlə qərar verirsiniz?

– Mənim aləmimdə rəssam işləyərkən 3 element – əl, beyin, göz bir-birini duymalıdır. Əks halda, yaxşı əsər alınmaz.

“Kimsəyə demək olmaz ki…”

– Son illər müxtəlif “izm”lərlə işləyən rəssamların sayı çoxalıb. Bu “izm”lər bizi hara aparır?

– Bəri başdan deyim ki, cərəyanların yaranması cəmiyyətdə gedən proseslərlə, zövqlərin dəyişməsi ilə bağlıdır. Belə deyək də, məsələn, əsrin əvvəllərində evlər başqa cür tikilirdi, indi başqa cür. Bir də, indi kimsəyə demək olmaz ki, bu və ya digər “izm”dən əl çək. Axı hər rəssamın dünyaya öz baxışı var. Əsas odur ki, ərsəyə gətirilən əsər mənəvi dəyərlərə xidmət etsin, tamaşaçının maraq dairəsində olsun. Amma hansı “izm”lə məşğul olmağından asılı olmayaraq, rəssam, ilk növbədə, rəsm çəkməyi bacarmalıdır. Yəni o, fəlsəfi düşüncəyə qədər rəssamlığı bacarmalıdır. Bir də unutmayın ki, realizm sənətlərin ən çətinidir. Pikasso, Dali kimi rəssamların da ilk əl işləri realist üslubda olub. Bir sözlə, onlar bu və ya digər cərəyandakı ustalıqlarını realistlikdən qazanıblar. Realizmə yiyələnməyən rəssamın yaratdığı “izm” isə heç zaman dərin mənaya malik ola bilməz. Mən də hərdən bu “izm”lərə müraciət edirəm. Yenə deyirəm, hərdən…

as3– Asif müəllim, sizə elə gəlmirmi, son illər sərgilənən əsərlərdə bir yeknəsəqlik var?

– İndi bəzi sərgilərdə sərgilənən 60-70 işə baxmağa 2-3 dəqiqə bəs edir. Çünki işlər bir-birinin təkrarıdır. Müasir rəssamların çoxu internetdən bəhrələnir. Odur ki, yeni bir iş görə bilmirsən. Belə əsərlər tamaşaçını özünə çəkmir. Buna baxmayaraq, mən belə əsərlərin əleyhinə deyiləm. Unutmayaq ki, zaman onları öz süzgəcindən keçirəcək. Özüm haqqında yaxşı fikirdə olmağım isə heç də o demək deyil ki, mən yaxşı rəssamam. Hələ bilmirəm, mən o süzgəcdən keçə biləcəyəm, ya yox…

– Jorj Sand deyib ki, elə xatirələr var ki, danışsan, gözəlliyi gedər…

– Ola bilər. Amma həmin xatirələri tabloya köçürməklə daha da gözəlləşdirmək olar.

– Bəzən müsahiblərimin hobbisi ilə maraqlananda onlar rəsm çəkmək cavabını verirlər. Bu sizi qıcıqlandırmır ki?

– Filosoflardan biri deyib ki, bütün insanların qəlbi rəssam qəlbi kimi olanda dünya daha gözəl olacaq. Unutmayın ki, rəssamlar həmişə gözəllik axtarışında olurlar. Bu mənada mən bəzi insanların rəssamlığa öz hobbisi kim baxmasını təbii sayıram. Amma hobbiyə çevrilmiş sənətlə yüksək əsərlər yaratmaq mümkün deyil.

“İlham pərisi həmişə mənim çiynimdədir”

– Heç olubmu ki, fırçanı əlinizə almısınız, amma nə çəkəcəyinizə hələ qərar verməmisiniz?

– Qərar vermədən işləmək mümkün deyil ki?

– Üzərində 10-15 il işlədiyiniz əsər olub?

– Erməni vəhşiliyi ilə bağlı bir əsər ərsəyə gətirmək istəyirdim. Bu barədə çox düşündüm, lakin bir nəticə hasil olmadı. Lakin günlərin bir günü bir anda beynimə elə bir fikir gəldi ki, onu eskiz eləmədən birbaşa kətana işlədim. Nəticədə “Belə də haqsızlıq olar?” əsərim meydana gəldi. Həmin əsərdə işğalçının ayağı altında qalmış milli-mənəvi dəyərlər, hələ vaxtilə Xocalı kurqanında tapılmış qabın necə tikə-tikə olması, musiqi alətlərinin nə günə düşdüyü öz əksini tapıb. Yadıma düşmüşkən, 2011-ci ildə Xocalıya həsr olunmuş sərgidə bu əsərim baş mükafata layiq görülüb.

– Asif müəllim, rəssamların da ilham pərisi olur?

– Sözsüz… Bir dəfə mənim “Çiçəklər” əsərimə baxan bir nəfər dedi ki, yəqin rəssamlar ilham pərisi gələndə işləyirlər. Mən də dedim ki, bu məsələdə bəxtim gətirib: o dediyiniz ilham pərisi həmişə mənim çiyinlərimdədir.

– Deyirlər, bütün rəsmlər elə rəssamın öz simasıdır.

– Bu fikirdə birmənalı həqiqət var. İnsan cəmiyyətdə öz əməlləri ilə tanınır, elə deyilmi? Bu mənada hər bir rəsm əsəri mənim əməlim, işimdir, məni tanıdandır. Bu gün mən açıq hiss edirəm ki, mənə olan hörmət şəxsimə görə deyil, əsərlərimə görədir. Bu isə o deməkdir ki, hər bir əsər, doğrudan da, mənim simamdır.

– Yəqin fəxri adınız var?

–  Çoxu elə bilir ki, mənim fəxri adım var. Əslində heç bir rəsmi titulum yoxdur. Buna görə heç kimdən də incimirəm. Heç kimi də narahat etmirəm. Bəlkə, bu mənim günahımdır. Çünki özümü heç zaman təbliğ etməmişəm. Bütün günü öz şəxsi emalatxanama çəkilib işləyirəm. Mənim arxam da, güvəndiyim də əlimdəki fırçadır.

– Daha çox hansı mövzularda çəkirsiniz?

– Mən ürəyimdən keçəni çəkirəm.

– Bəs nədən daha çox zövq alırsınız?

– Bəlkə də sizə gülməli gələ bilər. Mən adi daşdan aldığım zövqü parıldayan mərmərdən ala bilmirəm. Sözün düzü, bunun heç səbəbini də bilmirəm.

– Əsəbiləşəndə, yaxud dilxor olanda əlinizə fırça alırsınız?

– Təbii ki, mənim də müəyyən problemlərim olur. Lakin əlimə fırça alan kimi onları unutmağa çalışıram. Bəzən də elə olur ki, yorğunluğuma, dilxorçuluğuma baxmayaraq, molbert arxasına keçirəm. Məsələn, İstanbulda olarkən yorğunluğuma rəğmən, qaldığım otağın pəncərəsindən şəhərin bir neçə mənzərəsini çəkdim. Onu sabaha saxlaya bilməzdim. Çünki o an mənə həmin mənzərələr tam başqa cür görünürdü.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here