“Beynəlxalq hüquq depressiyadadır”

0
259
Ötən gün Milli Məclisin növbədənkənar iclası keçirildi. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Fəzail Ağamalı NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı “Rouz-Rout” seminarına toxundu.  
F. Ağamalı adıçəkilən tədbirdə iştirak edən hüquq müdafiəçisi Leyla Yunusu ermənilərlə birgə fəaliyyət göstərməkdə ittiham etdi: “Bu günə qədər onun hərəkətləri və davranışları lazımi səviyyədə hüquqi qiymətini tapmayıb.  Bu bir millət vəkili olaraq, bir vətəndaş olaraq məni çox narahat edir”. Deputat L. Yunusun kifayət qədər mənbəyi məlum olmayan maliyyə vəsaitinə sahib olduğunu vurğuladı: “Bu pulu haradan əldə edib, bu vəsait nəyə xidmət edir, bu pulun vergisini ödəyibmi? Bu kimi suallar hələ də cavabsız qalıb”. F. Ağamalı hüquq-mühafizə orqanlarına və Vergilər Nazirliyinə müraciət edərək, bu məsələnin ciddi araşdırılmasını xahiş etdi.

Millət vəkili Qənirə Paşayeva Tovuzun Əlibəyli kəndinin erməni ordusu tərəfindən atəş altında saxlanıldığına diqqət çəkdi. Q.Paşayeva erməni hərbçilərinin mülki vətəndaşları hədəf aldığını vurğuladı: “Mülki vətəndaşların hədəfə alınması nəticəsində 72 yaşlı qadın Nağıyeva Qaraqız, onun nəvəsi beş yaşlı Nurcan və 45 yaşlı qadın Əliyeva Ətayə yaralanmışdır”. Millət vəkili bu məsələni Avropa Şurasında gündəmə gətirəcəklərini açıqladı. Q. Paşayeva hər məsələyə münasibət bildirən beynəlxalq təşkilatların qadın və uşaqların erməni snayperləri tərəfindən vurulmasında səssiz qaldığını qeyd etdi: “Ermənistan da bu münasibəti gördüyü zaman öz çirkin əməllərini davam etdirir”. Deputat cəbhə bölgəsindəki evləri düşmən gülləsindən qorumaq üçün təhlükəsizlik divarlarının inşasının sürətləndirilməsinin vacib olduğu vurğuladı.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov hazırda beynəlxalq hüququn depressiya içində olduğunu bildirdi: “Bu gün beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyət, kiçik dövlətlər üçün isə məhdudiyyətə çevrilib. Yəni böyük dövlətlər yığışırlar, özləri üçün bir məclis qururlar, şərab içirlər və bununla da guya dünyanın problemlərini həll edirlər. Bu onlar üçün məşğuliyyətdir. Bizə isə deyirlər “beynəlxalq hüquq sizin üçün yazılıb, gedin onun norma və prinsiplərinə əməl edin”. Bu gün hər bir dövlət özü özünə güvənməlidir”. Z. Əsgərov qeyd etdi ki, Azərbaycanla Avropa arasında əlaqələr nə qədər möhkəm olsa da, Azərbaycanın Avropadan gözləntiləri nə qədər çox olsa da problemin həlli bizim öz əlimizdədir: “Biz seminarda da qeyd etdik. Bu gün Azərbaycan neft-qazının 30-40%-i Avropaya gedir. Amma əvəzində biz nə alırıq? Boş sözlər, quru bəyanatlar. Biz həmişə şikayətlənirdik ki, dünyada ikili standartlar var. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri bizim çıxışlarımızdan sonra bizə dedi ki, “Siz nə istəyirsiniz, istəyirsiniz ki, deyim dünyada ikili standartlar var?”. Dedim ki, bəli mən istəyirəm biləm. Dedi “Bəli var, bu reallıqdır. Siz bununla işləməlisiniz”. Bunu artıq özləri də etiraf edir ki, ikili standartlar var”.

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov bəzi Avropa ölkələrinin Azərbaycanın başına gələn faciələrə bənzər hadisələr yaşadıqdan sonra ölkəmizi daha yaxşı başa düşəcəklərini vurğuladı: “Bu ölkələr artıq Azərbaycanın vəziyyətini başa düşəcəklər. Onlar artıq qaçqınlarla qarşılaşırlar, ərazi itirirlər, terrorizmlə qarşılaşırlar. Bu bir çoxlarına bu məsələlərə yeni baxışla baxmağa kömək edəcək”.

Qeyd edək ki, cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri “Araz kursları” MMC-yə daxil olan təhsil müəssisələrinin bağlanmasına münasibət bildirdilər. Fazil Mustafa həmin məktəblərin bağlanmasını təhsilə vurulmuş zərbə kimi qiymətləndirdi: “Mən bu gün bir ingilis məktəbinin də bağlanmasının əleyhinəyəm. Mən əksinə istərdim ki, alternativ məktəb şəbəkəsi o qədər genişləsin ki, bizim təhsil sistemimiz kifayət qədər qısa müddətdə daha böyük uğurlar əldə edə bilsin. Son attestat qiymətlərinə baxın. Şagirdlərin 50%-i riyaziyyatdan, 50%-i də ana dilindən üç qiyməti alıb. Bu onu göstərir ki, kimisə ifşa etmək, tənqid etmək yerinə bunları qaldırmaq yollarını düşünmək lazımdır”. Millət vəkili üç ay ərzində sözügedən təhsil ocaqlarındakı müəllim və şagirdlərin digər məktəblərə yerləşdirilməsinin çox çətin olacağını bildirdi: “10 minlərlə müəllim, şagird hamısı qeyri-müəyyən vəziyyətdə qalıb. Heç olmasa qəbulu dayandırardılar, davam edənlər öz təhsilini başa vurardı… Nə olar, ölkədə rus məktəbi, ingilis məktəbi, azərbaycan məktəbi, türk məktəbi də olsun. Bu addımın yanlış olduğunu, gələcəkdə Azərbaycan təhsilinə böyük zərbə vuracağını düşünürəm və bunu qeyd etməyi özümə mənəvi borc bildim”.

Millət vəkili Zahid Oruc isə həmin məktəbdə çalışan müəllimlərin və təhsil alan şagirdlərin “damğalanma”masının vacib olduğunu qeyd etdi: “Onları kənarlaşdırılmamalı, gələcək karyera pilləkənlərində onlara bu bir mənfi hadisə kimi bildirilməməlidir.  Çünki onlar kifayət qədər istedadlı uşaqlarımızdır.  Ona görə mən düşünürəm ki, bu məsələlər heç bir halda süni şəkildə təhsil qurumlarının bağlanması deyil. Azərbaycana bu gərək deyil. Azərbaycan bu qurumların inkişafında maraqlıdır. Amma belə addım atılıbsa, bunun geniş də izahı olacaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here