Ana Südü

0
210

Bu yaxınlarda məzunlarımızdan birinin babası ilə rastlaşdım. Çoxdan tanıdığım, hazırda təqaüddə olan müəllimin kefini soruşduqdan sonra universitetlərdən birində təhsilini davam etdirməkdə olan məzunumuzla maraqlandım. Baba məktəbimizə, nəvəsinin yetişməsində zəhməti olan müəllimlərinə dərin, səmimi minnətdarlığını bildirəndən sonra əlavə etdi:

– Şagirdiniz son vaxtlar gözümə birtəhər görünür.

O, nəvəsinin portretini gözümün qarşısında nümayiş etdirirmiş kimi sağ əlini, barmaqları yarıaçıq halda sinəsi bərabərində soldan sağa döndərib, əvvəlki səmimiyyətinə qarışmış soyuqluğu gizlətmədən sualımı gözləməyə başladı. Elə bildim ki, məzunumuz, iraq olsun, hansısa arzuolunmaz bir işlə məşğuldur. Bir az təşvişlə:

– Necə yəni? – deyə bildim.

Baba təlaşlandığımı görüb dedi:

– Başqa bir şey yoxdur. Bilirsən, əvvəllər mənimlə danışanda yanaqları allanardı. İndi görürəm ki, üzündə heç bir dəyişiklik olmur.

Əlimi kürəyinə qoyub dedim:

– Allah nəvənin toyunu görməyi nəsib eləsin sizə, mən də deyirəm, görəsən, nə olub. Siz xoşbəxt valideynsiniz ki, nəvəniz sizinlə tələbə olandan sonra üzünün rəngi dəyişmədən danışa bilib. Uşaqlar var ki…

Müəllimdən ayrılsam da, içimdə baş qaldıran narahatlıqdan ayrıla bilmədim. Uşaqlığın “vaxtından əvvəl böyüməsi” artıq hər yerdə duyulmaqdadır. Böyümə müsbət mənada olsaydı, nə dərdimiz. Akselerasiya dedikləri yaşına görə əqli cəhətdən çoxinkişaf etmə yerinə uşaqlarda eninə – mənfi xüsusiyyətlərin inkişafı sürətlənməkdədir.

Nadinclik uşaqlığın gözəlliklərindəndir. Uşağın səs-küyü, atılıb düşməsi, qaçması, qovması təbiidir. İndiki uşaqlarda daha çox dərsə, öyrənməyə biganəlik, süstlük, nəinki dövlət mülkiyyəti, şəxsi əşyalarına ögey, dağıdıcı münasibət getdikcə daha aydın şəkildə görünməkdədir. Mən orta məktəblərin birində on yeddi il linqafon kabinetini işlətmişəm. İndiki şagirdlərlə onu bəlkə heç bir il də işlətmək olmaz.

Şagirdlərin bir-birilərinə, müəllimlərinə və valideynlərinə münasibətləri də heyrət doğurur. Şagird onun bütün ehtiyaclarını ödəmək üçün fədakarlıq göstərən valideyninin, qarşısında şam kimi əriyən müəlliminin zəhmətinə acımır. Texnoloji inkişafın sürətinə məftunluq bəzi şagirdlərin ruhunu belə ovlaya bilib. Şagird öyrənmək üçün oxumaq lazım gəldiyinə qəribə baxır. Gözləyir ki, nə vaxtsa elə bir cihaz kəşf olunacaq ki, lazımi bilikləri onun beyninə yeridib, istədiyi peşəyə hazırlayacaqlar. Belə şagirdlər, şübhəsiz, bir neçə ildən sonra özləri valideyn olacaqlar. Onların tərbiyəsi ilə yetişən nəsil necə olcaq Allah bilir. Bu gün, hətta, 5-ci, 6-cı sinif şagirdləri ictimai yerlərdə, böyüklərin yanında özlərini həddindən artıq sərbəst apararaq istədikləri kimi danışır, xoşagəlməz hərəkətlər edirlər. Sanki onlarda utanmaq hissi yoxdur.

Uşaqların təlim-tərbiyəsində təkcə müəllimlər yox, hamı tərəfindən getdikcə daha çox müşahidə edilən tənəzzülün səbəbləri çoxdur. Buraya mədəniyyətlərarası əlaqələrin inkişafı, internet imkanlarından sui-istifadə, müəyyən səbəbəlrdən valideynlərin uşaqların tərbiyəsi ilə məşğul ola bilməmələri, ictimaiyyətin laqeydliyi kimi amilləri sadalamaq olar.

Nə deyirsiniz deyin, milli-mənəvi dəyərlərimizə yad hərəkətlərin əsas səbəbi süddür. Bəli, ən kritik anlarda and içdiyimiz müqəddəs ana südü. Təlim-tərbiyənin mövcud vəziyyətinə baxmayaraq, bu gün də oğul evləndirən, qız köçürən valideynlər “halal süd əmmiş” sorağındadır. Deməli, insan şəxsiyyətinin formalaşmasında südün həmişə həlledici rolu olub və olacaq da. Vəziyyət təkcə məktəblə məhdudlaşmır. Bəzən çörək yemək üçün əyləşən iki dost və ya bir neçə yaxın qohum kəsdikləri çörəyi qana bulayırlar. Ev, adam soymaq, oğurluq etmək az qala yaşamaq vasitəsinə çevrilməkdədir. Bir vaxtlar kapitalizmi qamçıladığımız “İnsan insanın canavarıdır” etiketi az qala indi bizə daha aydın görünməkdədir. Qarşısındaki qadının telefonla danışdığını bilərək idarə etdiyi maşının sürətini azaltmadan onu vurub kənara tullayan insan canavar deyil, bəs nədir? Pul üçün öz nənə-babasını dostlarına öldürtdürən nəvə canavar deyil, bəs nədir? Hansı birini deyəsən?

Sözümə qüvvət olaraq yaşanmış bir həqiqəti yada salmaq istərdim. Sovet dövründə kəndimiz başdan-başa bağlardan ibarət idi. İl boyu müxtəlif zəhərlərlə müalicə aparılmasına baxmayaraq, Amerika ağ kəpənəyinin öhdəsindən gələ bilmirdilər. Ömrü boyu bağçılıqla məşğul olmuş yaşlı adamlar deyirdilər ki, xarici ölkələrdən gətirilmiş dərmanların içində ağ kəpənəyin yumurtaları var. O dövrün aqronomları onların iradlarını savadsızlığa yozurdular. Həyat universitetinin ləyaqətli məzunları olan o yaşlı insanlar əslində haqlı idilər. Evimizin içinə qədər gələn həmin ağ kəpənəklər indi görünmür. Dərddən əvvəl dərmanını yaradan Qadir Allah sərt qışları, həmin həşəratlarla qidalanan quşları ilə ağ kəpənəkləri məhv etdi. Sözümün canı ondadır ki, günümüzdə ana südünün çatışmazlığı problemdir. Buna qarşı ana südünü əvəz edən müxtəlif qidalardan geniş istifadə olunur. Adları nə olur-olsun, onların tərkibində uşağın fiziki, əqli, psixoloji inkişafına mənfi təsir göstərən maddələr olmamış deyil.

Keçmişdə də ana südünün çatışmazılğı halları müşahidə olunurdu. Bu vaxt uşaq üçün süd anası axtarılırdı, özü də hər ana deyil, əməlisaleh, gözəl əxlaqlı, nəcabətli ana. Onu da qeyd etməliyəm ki, o vaxtlar körpəsi olan analara xüsusi qayğı göstərilirdi: qidasına fikir verilir, ananı müxtəlif qəfil, bəd xəbərlərdən qoruyardılar ki, südü umsanmasın. Nənələrimiz gənc analara uşaqlarına qəzəbli halda süd verməməyi tapşırardılar ki, ananın o halı uşağın xasiyyətinə təsir göstərməsin.

Ana südü ilə qidalanan uşaqlar öz yaşıdlarından istər fiziki, istərsə də əqli, psixoloji cəhətdən fərqlənirlər. Məktəblərdə psixoloqların sayını artırmaqla da problemin öhdəsindən gələ bilməyəcəyik. Alimlərimiz, həkimlərimiz ana südünün qayğısına qalmalı, gələcək vətəndaşın qanına, canına hopacaq müsbət xüsusiyyətlərin qayğısı ilə çalışmalıdırlar. Söz, nəsihət eşitmək, görüb götürmək, ağı qaradan seçmək qabiliyyəti naqis olana məktəb, müəllim necə təsir edə bilər ki?

Rahib Alpanlı