“Tərkibi bilinməyən implantların istifadəsi çox yanlışdır”

0
730

Səhiyyə rubrikamızın bu sayında implant nədir, hansı hallarda daha uyğundur, fəsadları varmı və s. kimi suallarımızı stomatoloq-implantoloq Elsevər Məmmədov cavablandırdı.
Xəyalə Sadıqova, Pənah Abdurahmanlı
– Əhali arasında belə bir fikir var ki, implantlar şiş yaradır və digər xəstəliklərə şərait yaradır. Bu haqda nə deyə bilərsiniz?
– Bu fikir tamamilə absurddur. İlk olaraq onu deyim ki, implant dediyimiz bir şey hər hansı bir səbəbdən ağız boşluğunda itirilmiş dişlərin metal konstruksiya vasitəsilə bərpası və həmin metal konstruksiya əməliyyatının adı implantasiya adlanır. Yerləşdirilmiş boltun adı isə implantat adlanır. Əslində bu yerləşdirdiyimiz implantlar uzun zamandır, 1947-ci ildən artıq tətbiq olunmağa başlayıb və geniş təcrübələrdən keçib. Orqanizmə ən uyğun metal olan rutil tərkibli bir konstruksiyadan istifadə olunur və bunu da orqanizm özü kimi qəbul edir. Əhali içərisində əsası olmayan belə bir dedi-qodu var ki, bu, bədxassəli şiş verir, digər xəstəliklərə səbəb yaradır. Bu tamamən yanlış fikirlərdir, yetər ki, implant markasının özünü nə qədər təsdiqləyib, neçə illik təcrübədən keçib, ona fikir verilsin. İkinci olaraq həkim seçimi də bu mövzuda vacib faktordur. Həkim bu sahədə nə dərəcədə təcrübəlidir və onun etdiyi əməliyyatın planlanmasından çox şey asılıdır. İmplantı sadə bir planlama ilə başlasaq, bunun fəsadı qaçılmazdır. İmplantoloqun burada görəcəyi iş tək öz işi deyil, burada kollektiv iş vacibdir. Burada protetik protezçilərin və bu işin planlanmasında kompüter tomoqrafiya dediyimiz planlama üsulu var ki, burada ən incə detallarına qədər çənənin yoxlanılması, çənənin en kəsiyi və uzunluğunda, getdiyi bucaqlarda çənənin hansı nöqtədə olması önəmlidir. İmplant harada olmalıdırsa, 100% yeri müəyyən edilməlidir. Ondan sonra implanta keçdikdə pasiyentlərimizin ağlında olması lazım olan digər məqam o olmalıdır ki, həkimlə qarşılaşdığında mütləq implantın markası haqqında soruşsunlar. Burada əsas diqqət ediləcək məqamlar, həmin marka neçə ildir fəaliyyət göstərir, keyfiyyəti necədir kimi suallara həkim cavab verməlidir. Ondan sonra qərar verilməlidir ki, implant olunsun, ya da olunmasın.
– Bu mövzuda həkimin verdiyi məlumatlara necə güvənmək olar?
– Bunun da artıq həlli yolu tapılıb. Belə ki, öndə gedən markalar artıq öz məhsullarının pasportunu təqdim edirlər və implantın keyfiyyəti haqqında məlumatları göstərir. Həmin pasportu sıradan bir firmanın çıxarması qeyri mümkündür, çünki bunun üçün böyük bir məsuliyyət daşıyır. Ən azından o pasportun üzərinə implantın fəaliyyət tarixi və hansı səviyyədə fəaliyyəti yazılmalıdır. Bundan başqa, kimlərin bu implantı seçməsi, hansı universitetlər tərəfindən seçilib və s. məlumatlar qeyd olunur. Bütün bu məlumatlar haqqında pasiyent tam ətraflı anlamaya bilər, ancaq etibarlı həkim olarsa, ona bu mövzuda tam məlumat verə bilər. İmplantın özü də A, B və C deyə kateqoriyalara bölünür. A sinif kateqoriyalarda artıq 30-40 ildir fəaliyyətini göstərənlər var. B sinif kateqoriyada olanlarda təxminən 10-15 illik fəaliyyəti var və bu da keyfiyyətli implant növləridir, sadəcə, il fərqləri var. C sinif implantlar yenidirlər, ancaq özlərini sübut ediblər, artıq bazarda öz sözlərini deyirlər. Amma yenə də bu kateqoriyaların seçimində həkimin rəyi çox önəmlidir. Niyə seçdiyini və pasiyentə hansı duruma uyğun, hansı implantı təyin eləməyi tamamən həkimin öz səriştəsinə qalır.
– Ağızda bütün dişlər implant oluna bilərmi?
– Tam dişsiz çənədə implantların edilməsi mümkündür və demək olar ki, bu stomatologiyanın artıq uğur nöqtəsi sayılır. Əvvəllər dişsizlikdən sonra protezlənmə mərhələsi gəlirdi, bu, qaçılmaz olurdu. Bu protezlərin də çənə sisteminə ziyanı olsa da, başqa bir çıxış yolumuz yox idi. Protezlər çənə sümüyünün ərimə dərəcəsini daha da yüksəldir. Deyək ki, adi bir çənənin əgər qüvvə balansı 350 min tondursa, protezlə bu 25 min tona kimi düşür. Bunun arasında ciddi bir fərq yaranır. Amma bu fərqi aradan qaldırmaqda implant bizim köməyimizə çatıb. Demək olar ki, bu stomatologiyanın inqilabı sayılır. İmplantla tam sabit şəkildə sabit protezlənməyə keçmək olur. Bu sanki öz dişi imiş kimi rahat olur, istifadəsində heç bir çətinlik çəkmir. Çıxarmağa ehtiyac olmur, bir şey ki, sabitdir. Pasiyent üçün də daha komfortludur, özgüvən yaradır. Ondan da başqa, tibbi baxımdan çənənin üzərinə düşən qüvvələrin paylanmasında, çənə əriməsinin həddindən artıq azalmasına şərait yaradır. İmplantologiya günümüzdə 99 faiz öz dişimizin işini görür. Sadəcə olaraq, implantı qoydum və hər şey yaxşı olacaq deyə bir şey yoxdur. Çünki necə ki, ağız gigiyenamıza qulluğumuz zəif olanda dişlərin çürüməsinə gətirib çıxarırıqsa, implantda da həmin aqibət bizi gözləyir. Nə qədər yaxşı qulluq olarsa, implantın ömrü o qədər uzun olacaq və estetik görüntüsünü itirməyəcək.
– Bir dəfəyə neçə implant qoymaq olar ki, pasiyentə ağır olmasın?
– Elə olur ki, pasiyentlər dişini çəkdirib yerinə implant qoydurmaq istəyir. Səbəbini soruşanda deyir implantdan xoşum gəlir. Əslində isə implant hara lazımdırsa onun üçün təyin olunmalıdır. Protokolsut implant seçimi yanlışdır. Və ya ağız sistemində implant yerləşdiriləcək yerin heç bir dişləmə funksiyası yoxdursa, məsələn, ağıl dişi səviyyəsində gedib implant əkilir və bunun dişləmədə heç bir funksiyası olmur. Eyni gündə neçə implantın qoyulacağına gəldikdə isə, onu deyim ki, pasiyentlərimizdə bu ən özünü qorxuducu məqamdır. Bu əslində kiçik bir cərrahi əməliyyat sayılır. Diş çəkdirmək belə cərrahi müdaxilə olduğu üçün əməliyyat sayılır. Əslində adından qorxulacaq şəkildə bir əməliyyat deyil, tam sərbəst şəkildə, hətta diş çəkimindən belə rahat prosesdir. Yetər ki, etibarlı həkimin yanında olsunlar. Ondan sonra implantın ağrısı olacağı barədə onu deyim ki, tam iki gün ərzində diş çəkilən yerin ağrısı qədər ağrılar ola bilər. Onun üçün də ağrıkəsicilərlə prosesi aradan qaldırmaq mümkündür.
– Bayaq qeyd etdiniz ki, implantın ömrü bir az da insanın özündən asılıdır, bəs ortalama ömrü nə qədər olur?
– Markaların ən yuxarı göstəriciləri 40-50 il var. Ancaq bunun mütləq vaxtı yoxdur. Ona görə ki, bu sırf baxıma bağlı olduğu üçün buna dəqiq vaxt söyləmək mümkün deyil. Əgər bədxassəli şişlə rastlaşmış və ya şüa terapiyası almış bir xəstə varsa, onlardan qaçılır. Bundan başqa, yüksək kardeoloji problemi varsa, ondan da qaçılması daha məqsədəuyğundur. Amma dərmanlardan istifadədən sonra orqanizm normal səviyyədə olursa, bu cür xəstələr üçün heç bir problem yoxdur. Yetər ki, həmin xəstəliklərin həkimlərinin müsbət rəyi olsun.
– Yanmış materialdan istifadə olunarsa, hansı problem çıxa bilər?
– Gözəl sualdır, artıq məlum məsələlərdən biri odur ki, hər hansı bir yeni bir şey və ya populyar bir şey yarandığında onun plagiatı tez ortaya çıxır. İmplantda da plagiatlar var. Həddindən artıq ucuz implantlar gəzir. Heç mənbəyi belə bilinmir ki hardan, necə, nə şəkildə gəlir. Onlardan qaçılması mütləqdir. Nə cür qaçılması isə bayaq da dediyimiz kimi, həkim faktorudur. Pasiyent də həkimdən implant haqqında məlumatları istəməlidir. Artıq internet dövrüdür, az məlumatı olan insan bunu internetdən də araşdıra bilər. Keyfiyyətli və neçə illər sözünü demiş implantdırsa, mütləq internetdə onun haqqında məlumat olacaqdır. Tanınmayan implantların əks fəsad vermə ehtimalı daha çoxdur. Tərkibi bilinməyən implantların istifadəsi çox yanlışdır, həddindən artıq ucuz implantlara pasiyentlərin getməsini məqsədə uyğun görmürəm. Bir nəfərdə fəsad vermədisə, başqasında da fəsadsız ötüşəcək deyə biş şey yoxdur.
– Ölümə gətirib çıxara bilərmi?
– Avropa nəzəriyyəsilə baxsaq belə bir şey yoxdur ki, ölüm səviyyəsinə gətirib çıxarsın. Əgər orqanizmə bunun zərəri varsa, demək ki, bu mənim üçün ölümdür. Xəstə əgər özünü diskomfort hiss edirsə, mütləqdir ki, təkrar baxış olunsun. Yenə də bir şey dəyişməsə, bu işdə daha səriştəli həkimə müraciət etməlidir. Ümumiyyətlə, daha əvvəl də qeyd etdiyimiz kimi, implant etdirməkdən qabaq xəstə gərək bütün müayinələrdən özü keçsin ki, gələcəkdə yarana biləcək hər hansı problemin nədən qaynaqlandığını bilsin.
– Qiymətlər haqqında nə deyə bilərsiniz?
– Dediyimiz kimi, üç kateqoriyada olur: A, B və C kateqoriyasında. A kateqoriyasında olan bir implant dişin qiyməti 800 manatla 2 min manat arasında, B kateqoriyasında olan implantlar 500-800 manat arasında olur. C sinifdə isə qiyməti ən aşağı olan və təklif edilən, insanların da ən çox istifadə etdiyi kateqoriyadır. İnsanların büdcələrinə uyğun olan bu kateqoriyaya aid olanlar isə 350 manat ilə 600 manat arasında dəyişir. Bu kateqoriyadan olan material ilə də istədiyimiz nəticəni heç bir problemsiz ala bilirik.
– Damaqda heç bir diş yoxdursa, 1-2 implantla protezi bağlamaq istəsə mümkün olurmu?
– Tam dişsiz çənədə bir, iki, dörd implant qoyaraq hərəkətli protezlənmə növləri olur. Hətta 4 implantla sabit protezləmə də etmək mümkündür. Daha sağlam bir şey istəyiriksə, yaxşı olar ki, aşağı çənə üçün 6-8, yuxarı üçün isə 8-10 implant qoyulsun. Aşağı çənə üçün 2-3 ay gözləmə dövrü olur və ondan sonra üzərinə protetik qismi hazırlanır. Ancaq bunun bir risk faktoru da var, bu əvvəlcədən pasiyentə deyilir. Bunun tutub-tutmamasından söhbət gedir. Yəni, məsələn, 10-dan 1 və 2-də tutub-tutmama ola bilər. Onun da yenidən implant yerləşdirildiyində heç bir problemə rast gəlinmir. Yaxşı olar ki, əgər vaxtımız varsa, aşağı çənədə 2-3 ay, yuxarı çənədə isə 4-6 ay gözləyək.
– Tutub-tutmama məsələsində yaş faktoru rol oynayırmı?
– Belə bir şey var ki, insan yaşlı olanda sümüyün keyfiyyəti cavanlara nisbətən aşağı olur. Sümüyün də öz kateqoriyaları var. D1, D2, D3, D4 deyə. Ən çox D4 sümüyü ilə rastlaşırıq. Bəzən bunlarda irəli cərrahiyyəyə ehtiyac olur. Yəni orda istədiyimiz sümük keyfiyyəti almaq üçün oranın qreflənməsi, sümüklənməsi və istədiyimiz vertikal sümüyün qaldırılmasını lazım olan sümük hündürlüyünü alıb implantın yerləşdirilməsinə qərar veririk. Bu səbəbdən onun tutub-tutmamasının yaş faktoru ilə çox da əlaqəsi yoxdur. Onun tutması, sadəcə, orqanizmin immunitet faktorlarından asılıdır. Artıq implantlarda etibarlı markalar özünün keyfiyyətini ortaya qoymaq üçün tutmadığı təqdirdə, təkrar ödəniş olmadan implantını qarşılamağa hazırdır. İkinci dəfə etdikdə isə onun tutma ehtimalı 99.9 faiz mütləqdir.