Çimərliklə bağlı idarəetmə modeli təqdim olundu

0
252

İyulun 15-də “AF-Hotel” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin “Kutvan proje” şirkərti tərəfindən birgə hazırlanmış “Azərbaycanın çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli” və bu modelin “AF-Hotel”ə uyğunlaşdırılmasına həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi yollarından danışdı. Bildirdi ki, bu gün ölkəmizdə rəsmi qeydiyyata alınmış 92 çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqələri əhalinin təhlükəsiz şəraitdə istirahəti üçün xidmət göstərir.

Nazir qeyd etdi ki, ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün böyük potensialın olmasına baxmayaraq, bundan istifadə imkanları istənilən səviyyədə deyil. Bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və çimərliklərin dünya standartları səviyyəsinə çatdırılması üçün müvafiq normativ-hüquqi sənədlərin qəbul olunması vacibdir: Çimərliklər mütəxəssislər tərəfindən müxtəlif kriteriyalara görə qiymətləndirmədən uğurla çıxanlar bu statusa malik olurlar. “Mavi bayraq” qalib çimərliyin diqqətçəkən hissəsinə sancılır və onun yüksək imic qazanmasına xidmət edir. Bizdə mövcud olan çimərliklərin heç biri belə bayraqla təltif olunmayıb. Bu sahədə qardaş Türkiyə dünya ölkələri arasında öncül yerlərdədir. Biz bu təcrübədən yararlana bilərik və bu da ölkəmizdə bu turizm növünün inkişafına təkan vermiş olar”.

Qeyd olundu ki, suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, insanların xilasedilməsi və təhlükəsizliyi, ərazinin sanitariya-gigiyena vəziyyətinin normada olması, dəniz kənarının təmizlik səviyyəsi, çimərliklərin inkişafı üçün başlıca amildir. Bu sahənin inkişafı üçün beynəlxalq təcrübənin öyrənilməsi, sanitar-gigyenik normalara əməl olunması, sahibkarların gördüyü işlərə dövlət dəstəyinin verilməsi üçün həm müvafiq mərkəzi icra hakimiyyəti orqanları, həm də yerli icra hakimiyyəti orqanları öz köməyini əsirgəməməlidir.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ölkəmizdə çimərlik turizminin mövcud vəziyyəti, problemləri və perspektivləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dünya iqtisadiyyatında mühüm yer tutan turizm sənayesi və onun bir növü kimi çimərlik turizmi də ölkələrin böyük gəlirlər əldə etməsinə yardım edir. Sektor müdiri Azərbaycanda müxtəlif turizm növlərinin inkişaf etdiyini, o cümlədən çimərlik turizminin də inkişafı üçün münbit şəraitin olduğunu vurğuladı. Qeyd etdi ki, Xəzər dənizinin Azərbaycana düşən hissəsinin 60-70 faizində çimərlik turizminin yaradılması üçün müvafiq şərait mövcuddur.

Daha sonra çıxış edən iqdisadiyyat nazirinin müavini Sevda Həsənova, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “Kutvan proje” şirkətinin nümayəndəsi Ali Bülənt Kutvan, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ölkəmizdə turzimin inkişafı sahəsində atılan addımlardan danışdılar. Qeyd olundu ki, son illər Azərbaycanda turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə bu sahənin inkişafını üçün görülən işləri daha da gücləndirmək üçün səylərin artırılmasının vacibliyi vurğulandı.

Sonda qərara alındı ki, Mədəniyyət və Turizm Nazirliyinin əlaqələndiriciliyi ilə tədbirdə iştirak edən nazirlik və icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılsın. İşçi qrupu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən çimərliklərdə dəniz suyunun təmziliyi, ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və xidmət səviyyəsinin vəziyyəti ilə əlaqədar baxış keçirilsin. Mövsümün sonunda aparılan araşdırmaların nəticələri elan edilərək, nümunəvi çimərliklər mükfatlandırılsın, eləcə də çimərliklərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət planı hazırlanması təklif olunacaqdır.

Bildirildi ki, işçi qrupu ölkəmizdə çimərlik turizminin inkişafının təşviqi işinə, sahibkarların bu sahəyə marağının artırılmasına, yeni iş yerlərinin açılmasına yardımçı ola bilər.