“Sən lap Donbasa kömür aparanlara bənzədin ki…”

0
335

Yazının sərlövhəsini oxuyan kimi “Uşaqlığın son gecəsi” filmini görənlərin dodaqları həmin ekran əsərinin bir epizodunda səslənən: “Sovet sənayesi nə istehsal edirsə, onu içirəm”, – cümləsini pıçıldayacaq. İngilislərdə məsəl var, deyir ki, “You are what you eat”, yəni “Sən nə yeyirsənsə, elə osan”. Başqa sözlə desək, insanın yediyi qida onun sağlamlığına, düşüncə tərzi və psixologiyasına da təsir edir. Bu, o demək deyil ki, nə içdiyinin bu məsələlərdə payı yoxdur. Müasir dünya təkcə ərzaq çatışmazlığından deyil, içməli su qıtlığından da əzəiyyət çəkir. Digər dağ kəndləri kimi Alpan kəndinin də bu sahədə bəxti gətirib. Kəndimiz çay sahilində, dağların zirvəsindən süzülüb gələn bol sulu bulaqları olan meşələrin ortasında yerləşir. Əslində biz suyun ən safını, şəfalısını içməliyik. Di gəl ki, içdiyimiz suya bənzəsə də, su deyilmiş, Allahın bəxtimizə yazdığından bəhrələnə bilmirik.

Bir neçə illər əvvəl kəndimizin içməli su mənbəyinin yaxınlığında “Long Forest” (Uzun Meşə) istirahət zonası quruldu. Ərazidə tikinti işləri aparanlardan biri, usta Balakişi istirahət zonasının kanalizasiyasının həmin su mənbəyinin bir neçə metrliyində olduğunu, bu haqda rəsmilərə də məlumat verdiyini bildirmişdi. Sonradan öyrəndim ki, bu cür ciddi məsələ heç kəsin diqqətini çəkmədən ustanın dilindən çıxan sözlər kimi uçub gedib.

Bu yaxınlarda kənd sakini Laçın kişinin maşınında rayon mərkəzindən gəlirdik. Kişi “Şahdağ Elektrik Stansiyası”na çatan kimi maşını yoldan çıxarıb, ətrafdakı yaşıllığa yan aldı. Təəccübləndiyimi görüb dedi:

– Müəllim, bağışla, yük yerində bir neçə bak var, onları su ilə doldurum.

– A kişi, sən lap Donbasa kömür aparanlara bənzədin ki, – dedim. Laçın kişi işini tamamlayıb maşına əyləşdi, yola düşən kimi sözə başladı:

– Müəllim, xeyli vaxtdır ki, mən kəndimizin suyundan içmirəm. Allah razı olsun burada artezian quyusu qazanlardan. Bu vaxtacan biz su, çay içməmişik ki, qardaş. Kəndimizin suyundan ancaq əl-üz, paltar yumaq üçün istifadə edirik. Mən sizə bir sirr açım, müəllim, heç susaylıları bizim kənddə su, çay içən görmüsünüz?

Sürücü sözünə davam etdikcə maraq məni saman çöpünü udan dərya kimi aldı ağuşuna. Dağların döşündə yerləşən Susay kəndinin bir hissəsi Alpan çayının sahilindədir. Onun dediyinə görə, orada yaşayanların kanalizasiya suları birbaşa Alpançaya axıdılırmış.

Bu söhbətdən xeyli keçmiş qonşumuz Ərzüman kişini “Jiquli”sinin yük yerinin qapağını çıxardıb, su bidonları yerləşdirib, su gətirdiyini görəndə yaddaşım təzələndi. Aralanıb kəndin mərkəzinə çatmışdım ki, suyun küçə boyunca axıb getdiyini gördüm və dilim dinc durmadı. Salamlaşıb qoşulduğum bir neçə nəfərə bizim tərəfə su gəlmədiyini, burada isə boşuna axıb israf olduğunu dedim. Bakir kişi elə bunu gözləyirmiş kimi sözə başladı:

– Müəllim, bu sudur? Bilirsiniz bu su haradan gəlir?

Mən də zarafatyana dedim: – Ceyranbatandan gəlmir ki, doğma Alpançaydan gəlir də.

Bakir kişi dərdi deşilmış kimi sözünə davam etdi: – Bizim suyun kaptajına dolan suyun süzgəcləri heç bir qarış dərinliyində də yerləşmir, su bulanan kimi kranlarımızdan lehmə axır. Bu qalsın bir yana, çaydan keçən maşınlar, heyvanlar da suyumuzu kifayət qədər çirkləndirir. Yenə yay gəlir. Keçən il nə görsəm, yaxşıdır? Çayın yatağında dincəlmək istəyən bir ailə başçısı düz bizim süzgəclərin üstündə sabunlanaraq çimir. Kişini çağırıb, məsələnin nə yerdə olduğunu izah edəndə dedi: – Belə də içməli su kaptajı olar? O, bir neçə metr dərinlikdə qurulmalıdır ki, süzülüb təmizlənsin. Xətrinizə dəyməsin, siz necə camaatsınız? Yolunuz yox, suyunuz da bu vəziyyətdə, nə yaxşı ki, təmiz havanız var, heç olmazsa onu qorumağa çalışın.

Atalar “axar su murdarlıq götürməz” desələr də, indi nə o atalar var, nə də o analar qalıb. Suyu murdarlamağı günah bilən, “suyu çirkləndirənin nəşini yumağa su tapılmaz”, – deyən nəsillər indi ancaq tarixin yaddaşında yaşayır. Yaxşı yadımdadır, kəndimizin içərisində bir neçə yerdən axıb gedən arxlardan su içərdik, analar həmin su ilə xəmir yoğurar, nehrə çalxalardılar. Mart ayı gələn kimi elliklə arxların təmizlənməsində iştirak edərdilər. O zaman kəndimiz çox böyük olmadığından arxlar su ilə dolub daşardı. Həyətyanı sahələrdə soğan, kartof, kələm, lobya, pomidor, xiyar, göy-göyərti becərib nəinki ehtiyacımızı ödəyər, bazara da çıxarardıq. Bu gün özümüz kənddə yaşasaq da, hər şeyi bazardan aılrıq.

Uzun sözün qısası, kəndimizin su sisteminin əsaslı şəkildə yenilənməsinə böyük ehtiyac var. Bu gün istifadə etdiyimiz suyu ötən nəsillər əl əməyi ilə çəkiblər. Ondan sonra müxtəlif kosmetik təmirlər həyata keçirilsə də, mövcud tələbatı ödəmir. Buraya kənddə suvarma suyunun olmamasını da əlavə etsək, vəziyyətin nə qədər acınacaqlı olduğu aydın görünər. “Su olan yerdə dirilik olar,” – deyiblər. Kəndimizin əhalisi çox zəhmətkeşdir. Suvarma suyunun olmaması onların əlini əkib-becərməkdən soyudur. Lap sovet dövründə yaxınılqdakı bərəkətli və bol suyu olan Qudyalçaydan kəndimizə suvarma suyu çəkmək üçün müəyyən cəhdlər olsa da, bu məsələ reallaşmayan arzu olaraq qalmaqdadır. O zaman bu, bir qədər çətin ola bilərdi, bu gün o işi malik olduğumuz texnika ilə bir neçə günə həyata keçirilə bilərik.

“Su ehsandır”, – həqiqətinə inanmayanlar məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən və 90 ildən artıq Bakı əhalisini içməli su ilə təmin edən “Şollar” su kəmərini xatırlasınlar. Rəhmətlik Hacının başqa xeyriyyə işlərinin əhəmiyyətini azaltmaq istəməyərək deməliyik ki, elə “Şollar” axdıqca və insanlar ondan faydalandıqca rəhmətliyin əməl dəftərinə savab yazılacaq.

Tarixdə öz əməli ilə tarixə çevrilən insanlar çox olmuşdur. Onlardan biri də ingilis mühəndisi Cozef Bazalgettedir (Joseph Bazalgette). Uzun müddət Londonun kanalizasiya suları təmizlənmədən Temza çayına axıdıldığından XIX əsrin ortalarında London tez-tez vəba epidemiyalarına məruz qalırdı. Təkcə 1853-1854-cü illərdə 10.000 insan bu xəstəlikdən tələf olmuşdu. Cozef Bazalgette kimi istedadlı bir mühəndisin rəhbərliyi altında tikilən yeraltı kanalizasiya sistemi Londonu bu bəladan qurtardı və Temza çayının şəffaf suyunu özünə qaytardı. İki milyon yarım əhaliyə xidmət etmək üçün nəzərdə tutulmuş, insan əli ilə yaradılmış yeddi xarüqədən biri hesab olunan bu sistem müəyyən qədər genişləndirildikdən sonra bu gün səkkiz milyonluq şəhərə xidmət göstərməkdədir. Bu nümunələrdən də göründüyü kimi, bu gün gördüyümüz işi gələcəyi nəzərə alaraq həyata keçirməliyik ki, gələn nəsillər bizi qınamasınlar.

Bakir kişiyə “Siz necə camaatsınız”, – sualını verənə də cavab olaraq onu deməliyəm ki, suvarma suyuna həsrət qalsaq da, biz torpağın vergisini suvarılan torpaq kateqoriyası ilə ödəyirik, təki büdcəmiz bizim ucbatımızdan zərər görməsin. Həyətlərində hövuz, akvarium, cakkuzi-zad bir yana, bir içim içməli suyu da olmayan camaatımız, görəsən, haçanacan bu bayatını zümzümə edəcəklər:

O da yandırır məni,

Bu da yandırır məni.

Deyirlər ki, sərindir,

Su da yandırır məni.

Sözardı olaraq onu da əlavə etmək yerinə düşərdi ki, vəzifəsindən asılı olmayaraq, insanın yaşı yaşadığı illər qədər deyil, həyata keçirdiyi əməllər qədərdir. Kəşf etdiyi silahın dünya miqyasında satışının 100 milyonu ötən, hər cür şərəfli ad və mükafatlara layiq görülən Mixayil Kalaşnikov ömrünün sonuna yaxın insanları öldürmək üçün dəhşətli bir silah yaratdığından çox peşman olub, bunun vəbalını ödəyə bilməyəcəyindən qorxmuş və keşişə məktub yazıb məsləhət istəmişdi.

Xalqın ehtiyaclarını ödəmək üçün vəzifə məsuliyyətini boynuna götürənlər sonrakı aqibətlərini düşünmürlərmi? Allah insaf versin! Amin!

Rahib Alpanlı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here