Müasir dövrün tələsi: zaman israfı

0
239

Xəyalə Sadıqova
Zaman insana verilən ən dəyərli nemətdir. Zəhmətsiz verilən, asanlıqla xərclənən və yerinə qoyulması, belə demək mümkünsə, bərpası mümkün olmayan bir nemət. Xüsusilə, texnologiya vasitələrinin çoxaldığı, hətta həyatımıza hakim kəsildiyi bir dövrdə zamanımızı israf edən ünsürlər də artıb.
Bizdən əvvəlki nəsillərin günlərlə getdiyi yolu biz bir neçə saata gedirik. Dünyanın o biri ucunda olan insanlarla bir anda əlaqə yaradıb, həm səsini eşidə, həm də özünü görə bilirik. Tonlarla çəkisi olan yükü bir düyməyə toxunaraq yerini dəyişə bilirik. Bütün bunlar müasir dövrün inkişaf edən texnologiyası ilə mümkün olub. Yeniliklər daha az əmək sərf etməklə daha çox iş görməyimizə şərait yaratsa da, zamansızlıq problemimizi həll edə bilmir. Demək olar ki, qarşılaşdığımız hər 10 insandan 8-i vaxtının olmamağından şikayət edir. Çox yorulduğunu, lakin günün sonuna qədər görməli olduğu işlərin yarımçıq qaldığını deyir.
Bəs, görəsən, sosial şəbəkələrdə saatlarla vaxt keçirmək, televiziya qarşısında çalıb-oxuyanlara baxmaq bizə nə qazandırır? Bizə verilən 24 saatlıq sərmayəni necə dəyərləndiririk? Ondan doğru istifadə edə bilirikmi?
“İnsanlar “başqalarına faydalı olum” düşüncəsi ilə öz işlərini vaxtında yerinə yetirə bilmirlər”
“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən biznes-təlimçi və konsultant Fəxri Ağayev zaman israfına səbəb olan amilləri sıraladı: “Müasir dövrdə zaman israfına səbəb olan amillərdən biri də insanların vaxtını düzgün şəkildə planlaşdırmamasıdır. Özfəaliyyətlərini planlaşdırmadıqları üçün xaotik hərəkət edirlər. İkinci faktor isə kənardan fikrimizi yayındıracaq amillərin olmasıdır. Bunlara televiziya, internet, sosial şəbəkələri misal göstərmək olar. Bütün bunlar gün ərzində ən azı 40-50 dəqiqə vaxtımızı alır. Geriyə baxanda isə əlimizdə faydalı heç bir şeyin olmadığını görürük. Üçüncü məsələ isə ondan ibarətdir ki, insanlar günlərini əvvəlcədən planlaşdırmadıqları üçün işlərini zamanın axarına buraxırlar. Bu insanlara kənardan kim müdaxilə etsə, ona “yox” deyə bilmirlər. “İndi işim var. İstəyini yerinə yetirə bilməyəcəyəm” deyə bilmədikləri üçün insanlar bir-birinə yaxşılıq etmək adı ilə öz üzərinə əlavə işlər götürürlər. Digərlərinə faydalı olmaq düşüncəsi ilə öz işlərini vaxtında yerinə yetirə bilmirlər”.
“Qurulan planlar real olmalıdır”
Çox zaman plan qurub onu zamana uyğunlaşdıra bilməməyimizə gəlincə isə müsahibimiz planların real olmasının vacibliyini vurğuladı: “Əsas məsələ planların real olmasıdır. Yəni mən 3 ayda hər hansı xarici dil öyrənməyi planlaşdırıramsa, bu qeyri-realdır. Çünki 3 ayda dil öyrənmək mümkün deyil. İnsan günün 24 saatını da buna xərcləsə, bir şey əldə edə bilməyəcək. Beynimizə daxil olan məlumatlar tədricən həzm olunmalıdır. İnsanlar real planlar qurmur və zamanı düzgün təyin edə bilmirlər. Ən əsası isə planlar öncəliklərə uyğun olaraq bölünmür. 70 maddəlik plan qurarkən əvvəlcədən bilirəm ki, onun 60-nı yerinə yetirməyə gücüm çatmayacaq. Planı doğru qurmadıqlarına görə günün sonunda insanlar “mən plana görə hərəkət etmədim” deyirlər”.
“Hesab edirəm ki, hər bir insanın istər şəxsi, istər peşəkar həyatının inkişafı dediyimiz həyatının müxtəlif və vacib sahələri üçün məqsədləri olmalıdır. Gündəlik, həftəlik və aylıq işlərimizi həyatımızın sadaladığım sahələrinə doğru bölməliyik. Biz axşam saat 6-ya qədər iş günümüzü planlaşdırmadığımız üçün 6-dan sonra qalıb işləməli oluruq. Müxtəlif dövlət qurumları və özəl şirkətlərlə əməkdaşlıq etdiyim üçün şəxsi təcrübəmdən deyə bilərəm ki, Azərbaycanda insanlar çox işləyirlər. Lakin effektiv işləmirlər. Effektiv işləmədikləri üçün də həyatın bütün sahələrinə zaman ayırmaqda problem yaşayırlar”, – deyə F. Ağayev bildirdi.