Avrokubok iştirakçılarımızın hazırkı durumu necədir?

0
161

Avrokuboklarda iştirak edəcək təmsilçilərimizin rəqibləri artıq iyunun 23-də bəlli olacaq. İyulun ilk günlərində isə Avropa arenasında yeni mövsümə start veriləcək. Artıq çox az vaxt qalıb. Azərbaycanı Avrokubokda təmsil edəcək “Qarabağ”, “İnter”, “Qəbələ” və “Neftçi” hazırlıqlarını davam etdirirlər. Bəs görəsən onlar yeni Avrokubok mövsümünə nə dərəcədə hazırdırlar? Təlim-məşq toplanışı və baş tutan transferlər adıçəkilən komandaların Avropa arenasında uğurlu çıxışı üçün yetərli olacaqmı? Biz də bu məsələni araşdırmağa çalışacağıq.

 “Qarabağ”

Möhtəşəm mövsüm keçirərək çempion olan və Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ”ın hələ vaxtı var. Çünki II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Ağdam klubu ilk matçını iyulun 15-16-da keçirəcək. Hazırda Suraxanıdakı bazasında məşqlərini davam etdirən Qurban Qurbanovun komandasının təlim-məşq prosesinin davamı püşkatmanın nəticəsinə görə müəyyənləşdiriləcək. Avstriyaya yollanmağa hazırlaşan “Qarabağ” ÇL-in ilk oyununu səfərdə keçirəsi olsa, Avstriyadan birbaşa həmin məkana yollanacaq. Əks təqdirdə ağdamlılar 3 həftəlik toplanışdan sonra Bakıya qayıdacaqlar. Avstriyada 5 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. “Qarabağ”ın heyətlə bağlı isə heç bir problemi yoxdur. Çempion heyətə əl dəyməyən Qurban Qurbanov 3 lazımsız hücumçu Jaba Dvali, Nikolas Gelaşvili və Ulrix Kapolonqoya qapını göstərdi. Bunun fonunda isə cəmi bir hücumçu transfer edildi. Ancaq gedən 3 oyunçu birlikdə gələn 1 futbolçu qədər deyil. Söhbət “Qarabağ”ın birillik əziyyətdən sonra heyətinə cəlb etdiyi Danilo Diasdan gedir. Portuqaliya yüksək liqasında söz sahibi olmuş Diasın “Qarabağ”ın gücünə güc qatacağına şübhə yoxdur. Almeyda-Reynaldo-Çumbinyo “trio”sunun varlığı da onun uyğunlaşma prosesini tez keçirməsinə şərait yaradacaq. Diasın gəlişi ötən mövsüm qol yükünü çiyinlərində daşıyan Reynaldonun da işini asanlaşdıracaq. “Neftçi”dən alınan Tərlan Quliyev gənc olsa da, Premyer Liqa və Avrokubok təcrübəsi olan futbolçudur. Yəni nə vaxt şans verilsə, Quliyevin də etibarlı oyun sərgiləyəcəyini gözləmək olar. Cavid Tağıyev isə hələlik Premyer Liqa üçün edilən transferdir. “Qarabağ”a problem yaradacaq yeganə amil kapitan Rəşad Sadıqovun zədəli olmasıdır. Rəşad yerini doldurmaq çox çətin olan oyunçulardandır. Kapitanın yoxluğu əslində müdafiə olunmaq baxımından ciddi problem yaratmaz. Amma Rəşad ilk oyuna qədər sıraya dönməsə, komanda geridən oyun qurmaqda çətinlik çəkə bilər.

“İnter”

“Bankirlər”in çox vaxtları qalmayıb. Çünki komanda artıq iyulun 3-də mübarizəyə qoşulacaq. Hazırda Avstriyada təlim-məşq toplanışında olan “İnter” artıq 2 yoxlama görüşündə qüvvəsini sınayıb. Xüsusən də, Avstriyanın köklü komandalarından olan “Şturm”la dünənki qarşılaşmanı qeyd etmək lazımdır. Çünki yalnız belə rəqiblərlə oyunlarda komanda zəif nöqtələrini görür. “İnter” indiki məqamda Avrokuboka hazırmırmı? Məncə, yox. Çünki heyətlə bağlı ciddi problemlər mövcuddur. Ruslan Əmircanov, Vaqif Cavadov və Bryus Abdulaye kimi aparıcı oyunçular komandanı tərk etdilər. Hələlik yalnız Abdulayenin yeri doldurulub. Hər halda, Aleksandr Amisulaşvili müdafiə xəttini xeyli gücləndirəcək təcrübəyə malik oyunçudur. Ancaq Vaqiflə Ruslanın yoxluğu indiki məqamda hiss olunur. Cavadovun əvəzinə alınan Elvin Məmmədov formadan çox uzaqdır. Hazırkı Elvin “İnter”ə nə dərəcədə xeyir verər, bu, müzakirə mövzusudur.“Sumqayıt”dan transfer edilən Mirzağa Hüseynpur və Məhəmməd Mirzəbəyov yalnız daxili çempionatda komandaya kömək edə bilərlər. Kaxaber Sxadadzenin taktikasına görə, əsas yük cinahların üzərinə düşür ki, hazırda “İnter”də hər iki cinah axsayır. Həmçinin komandanın hücum xətti də ideal səviyyədə deyil. Baçana Sxadadze və Sezar Meza Kolli ilə çox irəli getmək olmaz. “Bankirlər” təcili surətdə cinahlara və ön xəttə oyunçu almalıdırlar. Özü də uyğunlaşma problemi yaşamayacaq, birbaşa əsas heyətdə oynayacaq oyunçu. Çünki cəmi 13 gündən sonra “İnter” ilk matçına çıxacaq. Ümid edək ki, püşkatma zamanı “səpələnmişlər”in içində olacaq təmsilçimizin bəxtinə zəif rəqib düşər. Hazırkı heyətlə San Marino, Andorra, Farer adaları kimi ölkələrin klublarını keçmək olar. Ancaq növbəti mərhələdə belə olmaz. Bu səbəbdən də rəhbərlik heç olmasa II mərhələni düşünüb, indidən güclü transferlər etməlidir.

“Qəbələ”

Avrokuboka ən hazırlıqsız komandamız “Qəbələ”dir. Tarixində ilk dəfə belə bir imkan əldə edən “Qəbələ”nin heyətini daha da gücləndirəcəyini gözləmək olardı. Amma hadisələr tam tərsinə cərəyan etdi. Öncə baş məşqçi Yuri Syomin getdi, ardından isə heyət dağıldı. Nə Syominin yeri vaxtında dolduruldu, nə də transferlər edildi. Sloveniyada təlim-məşq toplanışında olan şimallılar iki yoxlama görüşü də keçiriblər. Şəxsən mən “Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışına inanmıram. Çünki Syominin ardından əsas heyətin daimi üzvləri Marat İzmaylov, Lorenzo Ebesilio, Davronjan Erqaşev, Leonardo da Silva və İbrahima Niasse də Azərbaycanı birdəfəlik tərk etdilər. Bu futbolçulardan yalnız Erqaşevin boşluğunu tez bir zamanda doldurmaq mümkündür. Kimi alırsan-al, İzmaylov, Ebesilio, Leonardo və Niassenin yoxluğu ilk vaxtlar hiss olunacaq. Baş məşqçi təyinatı gec olduğundan, transfer fəaliyyətində də fəallıq olmadı. Hələlik cəmi 2 oyunçu alınıb — Ruslan Əmircanov və Ruslan Abışov. Əmircanov çox yaxşı vəziyyətdə kollektivə qoşuldusa, Abışov bir ildən çoxdur ki, normal futbol oynamır və oyun praktikasından əziyyət çəkir. Əslində yeni transferlərlə birlikdə “Qəbələ”nin müdafiə xəttinin normallaşdığını söyləmək olar. Subotiç və Mendinin qalması hücum gücünün də azalmadığını göstərir. Ancaq bu mövqelərdə komanda alternativsizdir. Dorinel Muntyanu yarımmüdafiə xəttini isə yenidən qurmalı olacaq. İstənilən komandanın döyünən ürəyi də məhz orta sahədir. Avrokubokdakı ilk oyuna 13 gün qalmış bu, çox böyük problemdir. Üstəlik, Muntyanunun tətbiq edəcəyi taktikadan da çox şey asılı olacaq. “İnter”dən fərqli olaraq, “Qəbələ” “səpələnməmişlər”in sırasında olacaq ki, bu amil vəziyyəti bir qədər də qəlizləşdirir.

“Neftçi”

Hazırlığını Türkiyədə keçən “Neftçi” hələlik yalnız bir yoxlama görüşü keçirib. Ölkə kubokunu qazanmasına baxmayaraq, geridə qalan mövsümü elə də yaxşı keçirməyən “Neftçi”nin heyətində də ciddi bir dəyişiklik edilməyib. Gələnlərlə gedənləri tərəziyə qoysaq, komandanın güclənmədiyini, əksinə, bir qədər zəiflədiyini demək olar. Hər halda Rəşad Sadiqov, Mahir Şükürov və Tərlan Quliyev komandanın gücünə güc qatan oyunçular idilər. Tərlanın əvəzinə Slavik qaytarıldısa, Rəşadın boşluğunu yeni transfer Kaue Sesilio da Silva doldurmalı olacaq. “Neftçi”nin ən böyük transferi isə şübhəsiz ki, icarədən qayıdan Julius Vobaydır. Amma onun da hansı formada olduğu çox önəmlidir. Ən ciddi problem kimi Mahir Şükürovun gedişi görünür. Amma ilk oyunun iyulun 17-də keçiriləcəyini nəzərə alsaq, bakılıların hələ kifayət qədər vaxtları olduğunu görərik. Hazırkı heyətin kifayət qədər Avrokubok təcrübəsi olması baş məşqçi Böyükağa Hacıyev üçün üstünlükdür. Digər sevindirici məqam “Neftçi”nin II təsnifat mərhələsində “səpələnmişlər” sırasında olacağıdır. Müdafiə və xüsusən də, hücum xətti gücləndirilsə, “Neftçi”dən daha bir tarixi uğur gözləmək olar.

 

RUSLAN SADIQOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here