Qrizman: Ulduz olacağına inanılmayan futbolçu

0
308

Hazırda futbol üzrə Fransa yığma komandasının heyətində Avropa çemponatında iştirak edən və artıq rəqib qapısından bir top keçirməyi bacarmış hücumçu Antuan Qrizmanın həyat yolu çətin və keşməkeşli olub. 1991-ci il mart ayının 21-də Makon şəhərində anadan olan Antuan doğma atası kimi futbol karyerasına da burada başladı. Liondan 70 kilometr məsafədə yerləşən Makon şəhəri əslində o dövrdə Fransa futboluna verdiyi hansısa ulduz oyunçuları ilə öyünə bilməzdi. Bununla belə, balaca Antuan ilk günlərdən futbolla ciddi məşğul olmağa başladı. Uşaq yaşlarından Pavel Nedvedin heyranı olan Antuan ona oxşamağa çalışar, uzun saç saxlayar və buna görə daim evdə və həmyaşıdları arasında gülüş hədəfinə çevrilərdi. Hətta 12 yaşı olanda buna görə doğma atası tərəfindən Antuan cəzalandırıldı. Lakin cəzaya baxmayaraq, Antuan saçlarını qırxdırmadı və özünü meydanda belə Nedved kimi aparmaqda davam etdi. O, atasının idman direktoru olduğu məktəbdə həmyaşıdları arasında çoxlu qol vurmağı ilə seçilirdi. Ona görə də yaşıdları arasında ən istedadlı gənc hesab edilirdi. Oğlunun istedadını görən atası Antuanı Fransanın tanınmış futbol klublarına, o cümlədən “Lion”, “Soşo”, “Oser”, “Sent-Etyen”, “Mets” komandalarının futbol mütəxəssislərinə göstərdi. Lakin uşaq futbolunun gələcəyinə məsul olan və istedadlı uşaqları üzə çıxaran futbol mütəxəssislərindən heç biri Antuanın oyununu bəyənmədi. Onlar Antuanın texniki baxımdan hələ zəif olduğunu vurğulayaraq gəncə öz üzərində daha çox işləməyi tövsiyə edirdilər. “Mets”də hətta Qrizmana indinin özündə belə ağır gələn bir hadisə baş verdi. Orada əvvəlcə Antuanın oyununu bəyənmədilər. Sonra onu yenidən komandaya çağırdılar və bəyəndiklərini bildirdilər. Lakin cəmi bir gün sonra “Mets” mütəxəssisləri baxışdan yaxşı keçmədiyini iddia edərək yenidən Antuanı geriyə, evlərinə göndərdilər. Oğlunun bundan üzüldüyünü görən anası Antuana: “Sən gələcəyin ən yaxşı futbolçusu olacaqsan. Mən buna inanıram. Bu gün səni bəyənməyənlər o vaxt bundan peşman olacaqlar”, – deyə təsəlli vermişdi.
Uğursuzluq və xoş bir təsadüf
Oğlunun tanınmış futbol komandalarından birində oynamasını arzulayan atası Antuanı Monpelye şəhərinin eyni adlı komandasına apardı. Antuan “Monpelye”nin heyətində “Pari Sen Jermen”dən (PSJ) olan həmyaşıdları ilə oyunda meydana çıxdı. Ancaq oyundan sonra “Monpelye”nin idman direktoru Antuana fiziki baxımdan zəif və qısaboylu olduğunu söyləyərək onu komandaya götürməkdən imtina etdi.
Antuan bu dəfə də özünə qarşı belə yanaşmadan həddindən artıq üzülmüş və hətta ağlamışdı. Deyəsən, belə getsə, ondan yaxşı futbolçu çıxmayacaq. Görünür futbol mütəxəssisləri səhv etmirlər, hər yerdə onların fikirləri üst-üstə düşür. Lakin gözlənilmədən bəxt balaca Antuanın üzünə güldü. O, həyatının ən ağır anlarını yaşadığı bir anda “Monpelye” və PSJ-nin uşaq futbolçuları arasında keçirilən oyunu izləyən “Real” Sosyedadın uşaq futbolu üzrə mütəxəssisi Erik Olats onlara yaxınlaşdı. Olats Antuanın atasına onun oğlunun oyununu bəyəndiyini söylədi. Sonra isə o, Antuanı İspaniyaya- San Sebastyanın futbol məktəbinə dəvət etdi. Uzaq ölkəyə getmək və orada oynamaq Antuan və ailəsi üçün arzu edilən deyildi. Ancaq indiki vəziyyətində Olatsın bu təklifini qəbul etməkdən başqa çarələri də yox idi. Beləliklə Antuan İspaniyaya getməli oldu. Antuanın valideynləri də ümid edirdilər ki, onu nəhayət İspaniyada gələcəyin futbol ulduzu kimi dəyərləndirə biləcəklər. Həqiqətən, İspaniyada Antuanın gələcəyinə inandılar və o, qısa müddətdə “Real” Sosyedadın aşağı yaş qrupunun ən məhsuldar oyunçularından biri oldu. 18 yaşında ikən Qrizman “Real” Sosyedadın əsas heyətində oynamağa başladı. Bu komandanın heyətində o, 5 yoldaşlıq görüşündə rəqib qapılarından 4 top keçirərək ən tanınmış futbol mütəxəssislərini belə gözəl oyunu ilə heyran qoydu. Yalnız bundan sonra Qrizman Fransanın gənclərdən ibarət yığma komandasının baş məşqçisinin diqqətini cəlb edə bildi. Antuan 18 yaşlılardan ibarət Fransa yığma komandasının heyətində Avropa çempionu oldu və finalda İspaniyanın qapısından 2 top keçrirərək komandasının çempion olmasında önəmli rol oynadı.
Gənc olmasına baxmayaraq, Antuan “Real” Sosyedadda ən çox qol vuran oyunçulardan birinə çevrilmişdi. Baş məşqçi Lasarte Antuana inanır və onu daim daha yaxşı oynamağa ruhlandırırdı. Antuan İspaniya La liqasında ilk qolunu isə “Real”ın heyətində 2009-cu il sentyabr ayının 27-də vurdu. 2009-2010-cu illər mövsümündə Qrizman “Real” Sosyedadın heyətində 39 oyunda meydana çıxdı və rəqib qapılarından 6 top keçirdi. Artıq həmin dövrdə hamı Qrizmanı ən gənc futbol ulduzu kimi tərifləməkdə idi. 2010-cu ildə Qrizman19, 2011-ci ildə isə 20 yaşlılar arasında Fransa yığma komandasının şərəfini qorudu. 2011-2013-cü illərdə isə o, Fransanın gənclərdən ibarət yığma komandasının əsas qol silahına çevrildi. Nəhayət, 2014-cü ildə onu ölkənin əsas yığma komandasına dəvət etdilər. Bu, onun üçün böyük xoşbəxtlik demək idi. Halbuki bir vaxtlar doğma vətənində onun istedadına inanmır və getdiyi hər yerdə qapıları üzünə bağlayırdılar. 2010-cu ildə Antuan “Real” Sosyedadla 5 illik anlaşma imzaladı. 2013-2014-cü illər mövsümündə Qrizman komandasının heyətində 14 top vuraraq adını La Liqanın bombardirləri sırasına yazdırdı.
“Atletiko” Madriddə
Qrızmanın gözəl oyunu həmin dövrdə “Atletiko” Madridin baş məşqçisi Simeonenin də diqqətini cəlb etmişdi. Onun tövsiyəsi ilə rəhbərlik 30 milyon avroya Qrızmanı “Real” Sosyedaddan “Atletiko”ya transfer etdi. Qısa müddətdə “Atletiko”nun oyun taktikasına uyğunlaşan Qrizman burada da qolları sıralamağa başladı. 2014-2015-ci illər mövsümündə fransız futbolçu 30 oyunda rəqib qapılarından 18 top keçirdi. Ümumiyyətlə, Qrizman son iki mövsümdə “Atletiko” Madridin heyətində 73 oyunda meydana çıxıb və rəqib qapılarından 43 top keçirib. Bununla belə 2015-2016-cı illər Çempionlar liqasının finalı Qrizmanın karyerasında ən xoşagəlməz hadisələrdən biri kimi yaddaşlarda qalacaq. Belə ki, “Atletiko” Madrdin “Real” Madridlə Çempionlar liqasının final oyununda Qrizman11 metrlik zərbəni qola çevriə bilməyərək komandasının fəxri mükafatı əldən verməsinin əsas səbəbkarı oldu. Bununla belə Qrizmanın “Atletiko” Madriddə qazandığı uğurlar, göstərdiyi gözəl oyun göz qabağındadır. “Real” Sosyedadla müqayisədə “Atletiko” Madriddə Qrizman daha yüksək səviyyəli oyun nümayiş etdirir. Fransa yığma komandasının heyətində Braziliyada keçirilən dünya çempionatında Qrizman 5 oyunda meydana çıxdı və rəqib qapılarından bir top keçirdi. Ümumiyyətlə, Qrizman hazırda davam edən Avropa Çempionatı nəzərə alınmadan Fransa yığmasının heyətində 25 oyunda 7 dəfə rəqib torunu silkələyib. Avropa Çempionatında isə Qrizman Albaniyanın qapısına vurulan iki topdan birinin müəllifi olub.
Qeyd edək ki, Qrizmanın valideynləri onun oyunundan çox məmnundurlar və bir zaman balaca Antuanın İspaniyaya getməsinə mane olmadıqları üçün talelərinə təşəkkürlər edirlər. Fransa yığma komandasının baş məşqçisi Didye Deşam da Qrizmanın oyunundan məmnun qaldığını dəfələrlə bəyan edib. Didye Deşam Qrizman haqqında belə deyir: “Qrizmanı dünya çempionatı ərəfəsində komandama cəlb etdim. O, Braziliyada çox yaxşı oynadı. Antuan texnikalıdır və hər iki ayağı ilə oynamağı bacarır. O, hazırda yığma komandamızın ən önəmli futbolçularından biridir və mən ona böyük ümidlər bəsləyirəm”.
Əziz Mustafa